Əsas Səhifə > Sosial, Manşet > “İndiyə kimi nə doğulduğu kənddə, nə də Sabirabadda xatirəsi əbədiləşdirilməyib...”

“İndiyə kimi nə doğulduğu kənddə, nə də Sabirabadda xatirəsi əbədiləşdirilməyib...”


7-04-2022, 15:38
“İndiyə kimi nə doğulduğu kənddə, nə də Sabirabadda xatirəsi əbədiləşdirilməyib...”
“Aprelin 3-də Bakı şəhərində İkinci Fəxri Xiyabanda Muradın ildönümünü qeyd etdik. Axşam da orucluğa görə iftarda evdə ehsan verildi. Murad bizim günü hər vaxt əzizdir, hər gün onu xatırlayırıq. Amma 44 günlük Vətən müharibəsindən sonra tək bizdə yox, bütün şəhid ailələrində bir dəyişiklik oldu. Bu qələbəylə şəhidlərimizin yarımçıq qalan arzuları həyata keçdi. Şəhidlərimizin ruhu şaddır və biz şəhid ailələri üçün isə bu qələbə çox böyük təsəllidir. Ona görə ki, bu gün bizim övladlarımızın qanı tökülən torpaqda düşmən yox, bizim zabit əsgərlərimiz gəzir. Gələcəkdə də o yerlərdə bizim övladlarımız, nəvələrimiz gəzəcək”. dia-az.life xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant, Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev deyib. Şəhid atası Muradın nəsildə ilk oğlan övladı olduğunu bildirib:

“Murad Mirzəyev nə qədər nəfəsimiz var, o da bizimlə yaşayacaq. Əgər solda ürəyimizdirsə, sağda da onun yeridir. Yəni bir sinədə yaşayacaq. Mənim də babamın adı Muraddır. Həm də ki, bizdə nəsildə oğlan uşağının sayı az idi və Murad dünyaya gələndən sonra anam onun adını Murad qoydu ki, yəni biz bununla muradımıza çatdıq, nəslimizə oğlan gəldi. Ondan sonra bacılarımın da oğlanları dünyaya gəldi. Muradın ayağı belə düşərli oldu”.

Milli Qəhrəmanın atası Sabirabadda Muradın adının əbədiləşdirilməməsindən gileylənib:

“Bu gün Bakı şəhərində Muradın ailəsinin yaşadığı Yasamal rayonunda adına küçə verilib. Amma Sabirabadda altı ildir ki, Muradın adını rayon rəhbərliyi əbədiləşdirməyib. Sabirabad Kənd Təsərrüfatı kollecində Muradın tədbiri keçirildi və bildirdilər ki, kollec onun adına veriləcək, amma bu da qaldı. Baş yoldan bizə, Milli Qəhrəmanın evinə gələn iki kilometr yarım Muğan-Gəncəli yolunun da təmiri tilsimə düşüb. Ümumiyyətlə, Muradın Sabirabad rayonunda və doğulduğu kənddə xatirəsi əbədiləşdirilməyib. İcra başçımız dəyişdi, yenisi təyin edildi, amma yenə bu istiqamətdə heç bir addım atılmayıb” - deyə Milli Qəhrəmanın atası bildirib.

Qeyd edək ki, polkovnik-leytenant Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Xüsusi Təyinatlılarımızın zabiti olan Murad, aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Murad Mirzəyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

“İndiyə kimi nə doğulduğu kənddə, nə də Sabirabadda xatirəsi əbədiləşdirilməyib...”
“İndiyə kimi nə doğulduğu kənddə, nə də Sabirabadda xatirəsi əbədiləşdirilməyib...”

Geri qayıt