Əsas Səhifə > Sosial, Manşet > Şəhid qardaşı ƏƏSMN-ni “yıxıb sürüdü”...

Şəhid qardaşı ƏƏSMN-ni “yıxıb sürüdü”...


22-04-2022, 08:49
Şəhid qardaşı ƏƏSMN-ni “yıxıb sürüdü”...
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlar zamanı bu və ya digər səbəblər üzündən itkin düşən, həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslər şəhid adını daşıyırlar. Qeyd edək ki, 03 sentyabr 1993-cü ildə ulu öndər Heydər Əliyev “Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb. Bu Qanunun 1-ci maddəsinə qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə görə ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlar, qardaşlar və bacılar və s. şəxslər şəhid ailəsinin üzvləri hesab olunurlar. Bu Qanunun 5-ci maddəsində isə qeyd olunub ki, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar və onlar şəhid ailələrinə tibbi və sosial xidmətlərin göstərilməsi, mənzil tikintisi, təsərrüfatla məşğul olmaq üçün torpaq sahələrinin ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. “Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikasının Qanununun qəbul olunmasına baxmayaraq, Füzuli rayonu, Horadiz kənd sakini, hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi-7, Bakı Fəhləsi Zavodunun Yataqxanası, mən-26 ünvanında müvəqqəti məskunlaşmış, həmçinin 1-ci Qarabağ müharibəsi şəhidi Ümid Əli oğlu Fərhadovun qardaşı Fərhad Əli oğlu İbrahimov, bu gün Sahil Babayevin rəhbərlik etdiyi nazirliyi “top atəşi”nə tutmaqdan ehtiyat etmir. Çünki, şəhid qardaşı Fərhad İbrahimov araz.az xəbər portalının redaksiyasına ünvanladığı müaciətində qeyd edir ki, “Həyat yoldaşım Nəsibə Vəli qızı İbrahimovanın sol böyrəyində xərçəng əməl gəldiyindən o, 2015-ci ildə ağır cərrahiyyə əməliyyatı olundu və onun sol böyrəyi götürüldü. Belə bir səbəbdən də, Komissiyanın qərarı ilə həyat yoldaşıma ömürlük 3-cü qrup əlillik dərəcəsi verilməklə bərabər, eyni zamanda ona ayda 200 manat məbləğində pensiya da verildi. Qeyd edim ki, həyat yoldaşım 04 noyabr 2016-cı ildən 31 yanvar 2020-ci ilə kimi dövlətdən həmin məbləğ pensiyanı alsa da, 01 fevral 2020-ci il tarixdə onun aldığı pensiya dayandırıldı. Həyat yoldaşımın aldığı pensiyanın bərpa olunması məqsədilə təkrar Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etsək də, bizə adı çəkilən bu Komissiyadan imtina cavabı verildi.

Onu da bildirim ki, artıq həyat yoldaşım müəyyən yaş həddinə çatıb və onda təkcə böyrək problemi deyil, digər ağır xəstəliklər də mövcuddur. Belə ki, 2018-ci ildə onun səhhətində olduqca ciddi problemlər əmələ gəldi. Maddi imkansızlıq səbəbəbindən məcbur olub Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya müraciət etməli olduq. Düzdür, etdiyimiz yazılı müraciətdən sonra Fondun dəstəyi ilə həyat yoldaşım Milli Onkologiya Mərkəzində ağır cərrahiyyə əməliyyatı olundu və onun döşündə əmələ gələn süd xərçəngi vəzləri kəsilib götürüldü. Bundan əlavə, həyat yoldaşımın boğaz nahiyəsində əmələ gələn problemin varlığı səbəbindən də, 15 dekabr 2021-ci il tarixdə təkrar Milli Onkologiya Mərkəzində olduq. Həmin vaxt həyata keçirilən müayinələrdən sonra o da bəlli oldu ki, həyat yoldaşım Nəsibə İbrahimovanın boğaz nahiyəsində qalxanabənzər vəzlərdə xərçəng əmələ gəlib. Ona görə də o, təcili əməliyyat olundu və boğaz nahiyəsindəki xərçəng götürüldü.
Hazırda biz belə bir ciddi problemlərlə üz-üzə qaldığımızdan, ailəmiz olduqca çətin duruma düşüb. Yəni, maddi imkansızlıq səbəbindən nə həyat yoldaşımı əməliyyat etdirə bilmirik, nə də ki, ona verilən pensiyanın bərpa olunmasına nail ola bilmirəm. Uzun illərdir ki, ailəlikcə lazımi şəraiti olmayan yataqxanada yaşayırıq, maddi imkansızlıq bizi məhv edir, xeyli vaxtdır ki, həyat yoldaşım xərçəng xəstəsidir, qardaşım Ümid Fərhadovun 1-ci Qarabağ müharibəsi şəhididir. Heç cür başa düşə bilmirəm ki, ƏƏSMN-nin tabeliyində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyası üzvlərinin, bizə qarşı göstərdikləri qərəzçiliyə səbəb nədir? Yəni, mən onu dərk edə bilmirəm ki, həyat yoldaşım Nəsibə İbrahimova ilə bağlı Komissiya üzvlərinin “imtina” cavabı vermələri nəyə əsaslanır? Axı, bu qədər də olmaz!”
Düşünürük ki, bu məqalənin yaımlanmasından sonra Sahil Babayevin rəhbərlik etdiyi nazirliyin əməkdaşları, şəhid qardaşının üz-üzə qaldığı problemin varlığına sahildən deyil, məhz mərkəzdən baxıb real mövqelərini də ortaya qoyacaqlar. Yəqin ki, o halda haqq-ədaləti bərpa etmək mümkün olacaq.

Mövzuya qayıdacağıq.
araz.az

Geri qayıt