Əsas Səhifə > Sosial, Manşet > Gənclər İdarəsinin “gənc” şirkətlərlə növbəti sövdələşməsi

Gənclər İdarəsinin “gənc” şirkətlərlə növbəti sövdələşməsi


23-04-2022, 10:39
Gənclər İdarəsinin “gənc” şirkətlərlə növbəti sövdələşməsi
Sabunçu və Nizami rayon Gənclər və İdman İdarələri tərəfindən keçirilən tender müsabiqələrinin (Kotirovka sorğuları) qalibi məlum olub. dia-az.life-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, hər iki qurum tərəfindən keçirilən tender müsabiqələrinin qalibi “SMART.KİOSK MM” MMC (VÖEN- 1505816731) olub.
Müsabiqənin şərtlərinə görə, “SMART.KİOSK MM” MMC idman tədbirlərində və yarışlarında iştirak edənlərə veriləcək hədiyyələri Gənclər və İdman İdarələrinə satacaq və qarşılığında 41 min 915 manat alacaq.
Tender müsabiqələrində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.
Sabunçu rayon Gənclər və İdman İdarəsi tender müsabiqəsini 07.04.2022-ci il tarixində, Sabunçu rayon Gənclər və İdman İdarəsi isə 05.03.2022-ci il tarixində elan edib. Qalib şirkət olan “SMART.KİOSK MM” MMC isə bundan 15 gün əvvəl - 21.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Faiq Yusifov, ev 46, m. 94”-də yerləşir. Qanuni təmsilçisi Süleymanov Nicat Şakir oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 15 gün əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tender müsabiqələrində diqqət çəkən digər bir məqam isə odur ki, “SMART.KİOSK MM” MMC ilə eyni ünvanda qeydiyyatda olan və Süleymanov Nicat Şakir oğlunun rəhbərlik etdiyi daha bir şirkət – “FRAZA-F” MMC (VÖEN- 1505816991) Xəzər rayon Gənclər və İdman İdarələri tərəfindən keçirilən 28 min 650 manatlıq tender müsabiqəsinin qalibi olub. Bu şirkət də “SMART.KİOSK MM” MMC ilə eyni gündə - 21.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, Gənclər və İdman İdarələri tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətlər tenderin qalibi elan ediblər.

Geri qayıt