Əsas Səhifə > Sosial, Manşet > Özü getdi, sakinləri CƏNCƏLƏ SALDI...
Özü getdi, sakinləri CƏNCƏLƏ SALDI...16-05-2022, 10:07 |
Gəncənin Avtozavod deyilən ərazisində sakinlər işıqsız qalıb. 2016-cı ildə Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının sərəncamı əsasında salınan yaşayış massivində ev tikən vətəndaşlar Azərişıq"ın və Gəncədəki yerli qurumların fəaliyyətindən narazıdırlar. Mənzillərdə elektrik enerjisi olmadan yaşamağa məhkum edilmiş insanların ASAN xidmət mərkəzinə və "Azərişıq" ASC-yə müraciətlərinə baxan yoxdur. DİA.AZ xəbər verir ki, bu barədə məlumatı sakinlər özləri bildirib. "Demokratik TV"-yə danışan sakinlərin dediklərindən də aydın olur ki, aidiyyatı qurum problemin həllinə müxtəlif bəhanələr gətirərək heç bir maraq göstərmir. Vaxtilə Avtomobil Zavodunun balansında olan və Gəncə İHB-nin maraqları əsasında vətəndaşlara paylanan, böyük bir göl ərazisində adsız küçələrdəki işıq və qaz xətləri gözə dəysə də vətəndaşların məişət ehtiyacları natamam şərtlərlə ödənilib. Xüsusilə, Azərişıq ASC-nin beton dayaqlar basdıraraq küçələrə çəkdiyi çoxfazalı elektrik naqilləri hər yanı əhatə etmir, ayrıseçkiliklər və problemin həllində kimlərinsə şəxsi maraqları diqqət çəkir. Ərazidə tikilmiş və illərdir ki, işıqsız qalan şikayətçilər bildirir ki, ASAN xidmət və Azərişıq evlərə elektrik enerjisi çəkilişini həyata keçirmək üçün rüsumdan dəfələrlə artıq məbləğdə rüşvət istəyiblər. Əraziyə yeni transformator qoyulmasının vacibliyini deyərək təkcə transformatora görə 3000 (üç min) manat pul tələb ediblər. İnsanların maddi gəlirlərinin az olması isə onlardan istənilən küllü miqdarda vəsaitin yığılıb "Azərişıq" ASC-yə ödənilməsinə imkan yaratmır. Deyilən ərazidə 44 günlük vətən savaşında iştirak etmiş qazilər, hazırda Qarabağda hərbi xidmətini davam etdirən zabitlər də var. Şəraitsiz evlərində yaşamaq məcburiyyətində qalan ailələrdə məktəbli uşaqların da olması, onların orta əsrlərdə olduğu kimi şam işığında kitab oxumaları isə iqtisadiyyatı güclü olan ölkəmizin beynəlxalq imici ilə, eləcə də Azərişıq ASC-nin ölkə əhalisi və prezident cənab İlham Əliyev qarşısında öz üzərinə götürmüş olduğu vacib öhdəliklərlə bir araya sığışmayan haldır. Sakinlərə ala-yarımçıq sərəncamla torpaq satan icra başçısı Nizami Hacıyevin və Nizami bələdiyyəsinin yaşayış massivinə bir dəfə də olsun baş çəkməməsi, əhalinin problemləri ilə maraqlanmaması da qınanılası haldır. Eləcə də sabiq icra başçısı Elmar Vəliyevlə birgə ərazinin kommunikasiya problemlərini öncədən planlaşdırmadan, perspektivlər öyrənilmədən 100 hektarlarla torpağı rüşvətlə vətəndaşlara satan Nizami Hacıyevin "tikinti" və "layihələndirmə" yarlığı ilə payladığı minlərlə sərəncamının qanuniliyi araşdırılmalıdır. Onu da vurğulayaq ki, ərazidə mövcud işıq və qaz xətləri işıqsız və qazsız qalan evlərə 100-150 metrlik məsafədə yerləşir ki, bu hal problemin süni olduğunu iddia etməyə əsas yaradır. Vətəndaşların probleminin həlli üçün sadəcə bir neçə dirəyin basdırılması və elektrik xəttinin küçənin 150 metr yuxarı hissəsinə çəkilməsi, eynilə də qazlaşdırma işinin qurumun öz vəsaiti hesabına dərhal asanlaşdırılması yetərlidir. İnanırıq ki, Azərişıq sözügedən problemin aradan qaldırılması, elektrik enerjisindən kənarda qalan ailələrin evlərinin işıqlandırılmasına həssas yanaşacaq. Digər qurumlar da bəlkə Azərişıq ASC-dən sonra sakinlərin ehtiyacları istiqamətində hərəkətə gələ biləcək... Geri qayıt |