Əsas Səhifə > Sosial, Manşet > Pensiyası kəsilən əlil ÇƏTİN DURUMDA:
Pensiyası kəsilən əlil ÇƏTİN DURUMDA:18-05-2022, 09:54 |
“Pensiyam kəsiləndən sonra Respublika qanunvericiliyində nəzərdə tutulmuş bir çox ünvanlara, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Bu yaxınlarda Nazirliyə təkrar rəsmi müraciət göndərdim, təəssüf ki, hələ bir nəticə yoxdur”. DİA.AZ xəbər verir ki, bu sözləri əlilliklə bağlı aldığı pensiyanın kəsilməsilə bağlı Yenicag.az-a şikayət ünvanlayan Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini II qrup əlil Hüseynov Nicat Mayıl oğlu deyib. O qeyd edib ki, anadangəlmə əlil olmasına baxmayaraq, keçən ilin payızından pensiya ala bilmir: “2001-ci ildən 2021-ci il oktyabrın 5-nə qədər əlilliyə görə pensiya almışam. Oktyabrın 5-də əlillik müddətim bitdi. Respublika Endokrinologiya Mərkəzindən tutmuş Tovuz rayon Mərkəzi Xəstəxanasına qədər 6 ay ərzində müayinə olunmuşam və müalicələr götürmüşəm. Bu bir günün xəstəliyi olmadığı üçün müalicəyə tabe olan xəstəlik deyil. Xəstəlik külli miqdarda vəsait hesabına müalicə oluna bilər. Endokrin piylənmə, II tip şəkərli diabet, yüksək təzyiq ömürlük mənimlə yol yoldaşıdır, ayaqlarımda erroziya, damarlarımda çəkilmə, ürək-qan damar sistemində narahatlıqlar var. Demək olar ki, tənəffüs sistemində də ciddi problem var. Bu xəstəliklər mənim həyat fəaliyyətimi sıfıra endirib. Pensiyam kəsiləndən sonra Respublika qanunvericiliyində nəzərdə tutulmuş bir çox ünvanlara, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Bu yaxınlarda nazirliyə təkrar rəsmi müraciət göndərdim, təəssüf ki, hələ bir nəticə yoxdur. Gözümü dikdiyim 180 manat pensiya idi, onu da kəsdilər. Xəstə anamla birgə yaşayırıq, onun aldığı pensiya heç dərmanlarına da yetmir. Anamın özünə baxan lazımdır. Bir ana, bir bala çətin vəziyyətdə yaşayırıq. Ərzaq qıtlığı çəkirik. Mən pensiya alan vaxtlar birtəhər idarə edirdik. Əlaqədar qurumlar əlilliyimizi, gücsüzlüyümüzü nəzərə almırlar. Çox təəssüflər olsun ki, əlaqədar qurumlar mənim vəziyyətimi nəzərə almadan əsaslandırılmamış cavablar verirlər. Hətta mənə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının özünü təqdim etməyən əməkdaşı deyir ki, sizə baxış keçirilib, amma pensiya düşmür. Bu komissiya qərəzli açıqlamalar verərək kütləvi narazılığa yol açır. Əlilliyi olan insanlara absurd yanaşmalar sərgiləyirlər, sanki vətəndaşları sosial üsyana hazırlayırlar”. II qrup anadangəlmə əlil Nicat Hüseynovun pensiyasının kəsilməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildiriblər ki, əlilliyinin qiymətləndirilməsi tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında aparılıb: “Vətəndaş 07.04.2022 tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli tibbi sosial ekspert komissiyasının eksperti tərəfindən əyani müayinə edilib. Əyani müayinənin nəticəsinə əsasən şəxsin əlilliyi ilə bağlı müvafiq qərar veriləcək”. Yenicag.az bildirir ki, əyani müayinənin üstündən artıq 1 aya yaxın keçməsinə baxmayaraq, hələ də Nicat Hüseynovun əlillik dərəcəsi ilə bağlı bir açıqlama verilməyib və pensiyası bərpa olunmayıb. II qrup anadangəlmə əlil Nicat Hüseynov isə probleminin həll olunmayacağı təqdirdə intihara cəhd edəcəyini bildirir. Onu da qeyd edək ki, Nicat Hüseynov probleminin həlli ilə bağlı ölkə başçısına və aidiyyatı qurumlara şikayət ərizəsi ilə müraciət edib. Geri qayıt |