Əsas Səhifə > Sosial, Manşet > Başlı-başına qalan LƏNKƏRAN...

Başlı-başına qalan LƏNKƏRAN...


14-07-2022, 08:45
Başlı-başına qalan LƏNKƏRAN...
Azərbaycanda geniş vüsət alan tikinti işləri çox zaman normativlərə uyğun aparılmır. Bir-birinə həmahəng olmayan yeni tikinti layihələri bəzi hallarda tarixi abidələrin, yaşıllıqların məhvinə səbəb olur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Ekologiya və Təbii Sərvətlər nazirliyi problemin aradan qaldırılması istiqamətində son zamanlar nəzarət mexanizmini gücləndirmələrinə baxmayaraq, "gözdən yayınanlar" hələ də qalmaqdadır.

DİA.AZ qlobal.az-a istinadla xəbər verir ki, qanunsuz, eybəcər tikinti ilə estetikası məhv edilən rayonlardan biri də Lənkərandır.

Lənkəranda "at oynadan" işbazlar indi də bu şəhərin təbii simvoluna çevrilən xan çinarlarını məhv edirlər.

Ən qəribəsi də budur ki, tarixə-təbiətə qarşı törədilən bu vandalizm Lənkəran Şəhər İcra Hakimiyyətinin inzibati binasının 50 addımlığında baş verir.

Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin önündə olan Ümummilli Lider Heydər Əliyevin adına olan parkın kənarında inşa edilən obyekt tam sağlam olan xan çinar ağacını monolit konstruksiyanın içərisinə daxil edib. Aylardır davam edən bu hadisəyə heç bir aidiyyatı qurumlar müdaxilə etməyib.

Ağacı tikintinin içərisə alınan obyektin ticarət mərkəzi olacağı deyilir.

Məsələ ilə bağlı Lənkəran rayon İcra hakimiyyətindən mövqe öyrənmək istəsək də qarşı tərəf heç bir açıqlama vermədi.

1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də sözügedən məsələyə münasibət bildirməkdən yayındı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə məsələni araşdıracaqlarını bildirdilər.

Mövzunu diqqətdə saxlayacağıq.

Başlı-başına qalan LƏNKƏRAN...

Geri qayıt