Əsas Səhifə > Sosial, Manşet > Siyəzənin başçısı dostunun pullarını necə mənimsədi...
Siyəzənin başçısı dostunun pullarını necə mənimsədi...28-07-2022, 08:54 |
Goranboy rayon sakini, uzun illər dövlət qulluqçusu kimi vacib vəzifələr tutmuş Firəddin Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə və surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlı şikayət ərizəsinin bir surətini də redaksiyamıza göndərib. O, şikayət ərizəsində hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı olan, az əvvəl Goranboyun və Şabranın İH başçısı işləmiş Novruz Novruzovun onun nəvəsini işlə təmin etmək adı ilə 20 min manat pul aldığını, lakin vəd etdiyi işi həll elmədiyini, bu günədək də aldığı pulu qaytarmadığını yazır. Məsələnin ciddiliyini nəzərə alıb F.Hacıyevlə telefon əlaqəsi saxladıq. O, şikayət ərizəsində yazdığı faktlara başı ilə cavabdeh olduğunu bildirərək əməkdaşlarımızı Goranboya dəvət edib geniş videomüsahibə vermək istədiyini bildirdi. *** …Goranboyda olarkən məlum oldu ki, adı çəkilən pulun verilməsinin şahidi də var və o, uzun illər polis orqanlarında çalışmış Cəfərov Uğur Əhməd oğludur. O da bu barədə danışmaq istədiyini bildirdi və əməkdaşlarımızın iştirakı ilə hər ikisindən geniş sual-cavablı videomüsahibə götürdük. Təqdim ediləcək. *** Onu da deyək ki, videomüsahibədə pulun verilməsi ilə bağlı zərərçəkmiş Firəddin Əsgərovun şikayətini bir neçə ay əvvələdək araşdırmalı olmuş Xocalı rayon prokuroru (elə bu şikayəti araşdırmaq əvəzinə «Prokuorluq haqqında» Qanunun tələblərini kobud surətdə pozmuş, bu qanunsuz hərəkətlərə yol verdiyinə görə Daşkəsən rayonuna prokuror təyin edilmiş) Şahin İmanovun da adı çəkilir. KİV olaraq qarşı tərəflərin mövqeyini öyrənməyə çalışdıq. Əvvəlcə Siyəzən RİH-nin elektron poçtuna adı çəkilən şikayəti və videomüsahibənin mətnini göndərdik. RİH başçısı Novruz Novruzovdan xahiş etdik ki, məsələyə dair mövqeyini bildirsin. Qarşı tərəfdən cavab gəlmədi. Siyəzən RİH-nin rəsmi saytındakı iş telefonlarına ardıcıl olaraq (bütün müavinlərin və şöbə müdirlərinin) zəng etsək də cavab verən olmadı. Məcbur olub başqa kanallarla Novruz Novruzovun, müavini Aqşin Ağayevin, digər müavin Təhminə Bəxtiyarovanın, Balabəy Balabəyovun, Xəqani Bəşirovun… mobil və dəqiq iş telefonlarını öyrəndik. Yalnız Aqşin Ağayev və Xəqani Bəşirovla danışa bildik. Onlara məsələni danışdıq, söz verdilər ki, icra başçısı Novruz Novruzova məlumat veriləcək. Nəhayət, təxminən on günlük yazışma və zəngləşmələrdən sonra Siyəzən RİH-dən redaksiyanın elektron poçtuna iki cümləlik elektron məktub daxil oldu Siyəzən Rayon İcra Hakimiyyətinin adından (başçının adından yox) yazılmış elektron məktubda vətəndaşın şikayətinin Xocalı rayon Prokurorluğunda araşdırılığı və ətraflı məlumat öyrənmək üçün Xocalı rayon Prokurorluğuna müraciət etməyinizi məsləhət görürlər. Biz də vaxtilə Xocalı rayon prokuroru işləmiş (atası Ədliyyə Nazirliyində məsul vəzifə tutur) və şikayətçini qəbul edərkən «Başçı mənim dostumdur, ondan nə istəyirsən???» deyə onu təhdid etmiş, Baş Prokurorluğa edilən şikayətlərdən sonra Daşkəsənə prokuror göndərilmiş Şahin İmanovla əlaqə saxlayıb məsələyə bir az da ətraflı aydınlıq gətirməkdəyik… *** RƏSMİ ARAYIŞ: Novruzov Novruz Nəcəf oğlu, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısıdır. 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. 1987-1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəssis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləmişdir. 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Prezidentin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub. Ailəlidir, iki övladı var. *** Beləliklə, şikayəti yerində araşdırmaq üçün Goranboy rayonuna getməli olduq. Həmin video-müsahibənin mətnini təqdim edirik (müsahibənin videosuna «Tezadlar TV»nin YouTube səhifəsindən izləmək olar): -Firəddin müəllim, redaksiyamıza göndərdiyiniz şikayətinizin ciddiliyini nəzərə alıb Göranboyda sizinlə görüşmək qərarına gəldik. Buyurun, icra başçısı Novruz Novruzovla bağlı 20 min manatlıq qalmaqal necə yaranıb? Əvvəlcə özünüzü təqdim edin zəhmət olmasa... - Mən Əsgərov Firəddin Əfət oğlu, 1949-cu ildə anadan olmuşam. Uzun müddət dövlət qulluğunda rəhbər işdə çalışmışam. -Novruz müəllimlə münasibətiniz əvvəllər necə olub? -Biz Novruz Novruzovla çox yaxın olmuşuq, uzun illər bir yerdə çalışmışıq. -Və sonradan aranızda problem yarandı... -Bəli. Səbəbi bu idi ki, Novruz Novruzov Şabrana, ordan da Siyəzənə başçı getdi. Amma evi Ağcakənddə olduğundan, daim bu tərəflərə gəlirdi. Mən 2019-da, yəni o, Siyəzəndə İcra başçısı işləyərkən nəvəm Dövlət İqtisad Universitetini bitirməyə 6 ay qalmış idi, Novruz Novruzova müraciət etdim ki, olduqca savadlı uşaqdır, istəyirəm nəvəmi işlə təmin edəm. Ali təhsilini başa vurandan sonra dövlət qulluğunda imtahan verər və s. Dedi ki, heç bir problem olmayacaq, köməklik edəcəm… Həmin vaxt da Goranboy rayon İH başçısının müavini yeri boş idi, hətta Novruz müəllim dedi ki, nəvəni əvvəl 2 aylığa təlimatçı kimi işə götürtdürəcəm, sonra daha məsul sahəyə verilər. Hətta bildirdi ki, sınaq müddətinə təlimatçı işləsin, sonar onu müavin qoyduracam. Bu sözün qarşısında ona minnətdarlığımı bildirdim. Dedim ki, dostuq, mən də ikiqat sizə hörmət edərəm... O, dedi ki, Goranboya evə gələndə gəl, işi düzəltmək üçün nəsə lazımdır... -Yəni, “nəsə lazımdır” deyəndə nəyi nəzərdə tuturdu? -Hörmət eləməyi... -Nə qədər? -20 min manat... Mən də razılaşdım. O, Goranboya evinə gələndə, 2019-cu ilin sentyabrında, dedi ki, gəlirəm, Ceyhun müəllimlə (Goranboy RİH başçısının müavini.red.) əlaqə saxla… Evinə gəlirdi. Orda özünün xüsusi evi vardı... Saat 13:30 radələrində bir yoldaş vardı, indi yanımda əyləşən Cəfərov Uğur Əhməd oğlu onda polis işçisi idi, dedim, gəl Novruz müəllimlə görüşüm var, gedib gələk. Yoldaşlı getdik Novruz müəllimin evinə. Darvazanı döydüm, bir qoca kişi çıxdı, dedim, Novruz müəllim evdədir? Dedi, bəli. Novruz müəllim gəldi, görüşdük. Evə dəvət etdi, dedim, yox, sağ olun. Düşündüm ki, ailəli evdədir, istirahət eləsinlər. Dedim, pulu gətirmişəm. Gəldim maşına, Uğur Cəfərova dedim, «bardaçok”dan o bükülü pulu ver. Verdi, aparıb Novruz müəllimə verdim... -Sonra iş düzəldimi? -Yox, iş düzəlmədi. 6 ay keçdi. Arada zəng vurub soruşurdum, deyirdi ki, düzələcək. Gördüm ki, bu iş düzəldənə oxşamır, dedim, ya işi düzəldin, ya da pulu qaytarın. Hətta bir dəfə ona mərkəzi poçtdan teleqram vurdum, poçtun müdiri də durur, sağdır, teleqram vurdum ki, son dəfə sizdən xahiş edirəm, bu məsələni bitirək. -Yəni, pulu qaytar... -Bəli, burda nə var ki?! Pulu qaytar... Və teleqramı özümə qaytartdı... Qəbul etmədi. Fakt kimi deyirəm ki, həmin teleqram poçtda da durur, surəti də özümdədir. Bu iş alınmadı, bu yaşımda, dost olduğum, böyük hörmət etdiyim adamdan belə bir münasibət gördüm... -Son sözü nə oldu, dedi, pulu qaytarmıram? -Yox, dedi ki, qaytaracam... -Bunu telefonda deyirdi, yoxsa özünüzlə görüşəndə dedi? -Yox, görüşəndə... Sonuncu dəfə iki dəfə görüşmüşük, deyir qaytaracam, amma qaytarmadı. -Harda deyirdi? -Siyəzəndə... Artıq Siyəzən İcra bşçısı idi... Novruz müəllimin əvvəldən pulu qaytarmaq fikri vardı, amma kimsə mane oldu... Mən də məcbur olub Prezidentə, DTX-yə, Prezident Aparatına və Baş Prokurorluğa müraciət etməli oldum... Ordan da cavab gəldi ki, baxılacaq. -Təxminən nə qədər vaxtdır? -9 aydır. Nəticə yoxdur. Baş Prokurorluq şikayətimi göndərdi Xocalı rayon Prokurorluğuna. Orda da bizi danışdırdılar. Müstəntiq məni danışdıranda saat olardı 11:30 radələri, prokuror Şahin İmanov gəldi. Hazırda Daşkəsən rayon prokurorudur. Atası da Ədliyyə Nazirliyində işləyir, ədliyyə polkovnikidir. Mən yuxarı orqanlara şikayət verəndən sonra onun yerini Daşkəsənə dəyişməli oldular. Çünki böyük qanunsuzluq etmişdi. -Prokuror nə etdi ki? -Deməli, müstəntiq mənim izahatımı alanda prokuror onu çağırdı, getdi prokurorun yanına. Qayıdanda dedi ki, prokuror Şahin İmanov səni çağırır. Dedim, qoy hər ikimiz, yəni Uğur Cəfərovla ikimizin də izahatını alın, sonra prokurorun nə sözü var, desin. Qanun belə tələb edir. Nəhayət, məcbur olub prokurorun kabinetinə girdim. İçəri girəndə o mənə əyləşməyi təklif etmədi. Ayaq üstə dayanmalı oldum. Dedim, yəqin cavandı, etik qaydaları hələ öyrənməyib... Düzü onun bu rəftarını görəndə özüm üçün nəticə çıxardım. Birbaşa qayıtdı ki, sən nə istəyirsən bu Novruz müəllimdən??? İzahat almadan verilən bu sual məni açmadı. Axı o nə bilir ki, mənim rəsmi tələbim nədir? Dedim, a kişi, sən özünü yığışdır, Dedim, məndən izahat almadan bu nə sualdır verirsən? Dedim, sən mənimlə niyə bu cür davranırsan? -Nə dedi? -Dedi, Ceyhun müəllim mənim dostumdur... (Goranboy RİH başçısının müavini.Red.). -Ceyhun kimdir? -Novruz Novruzovun pul yığanı. Bütün rayon bilir... Dedim, əgər elədirsə, izahat vermirəm. Gördü ki, vəziyyət o deyən kimi deyil, dedi, yaxşı get izahatını ver. Getdim izahat verməyə. Prrokuror ikinci dəfə məni yanına çağırdı. Yenə eyni münasibət, eyni tələb. Vəziyyət-münasibət pisləşdi... Məcbur olub dedim, a kişi, sənin dədən-anan varmı? Dedi, var. Dedim, dədən-ananla belə rəftar edirsən? Sən rayonun prokurorusan, sən məsuliyyətini başa düşürsən? Dedim, sən mənim şikayətimə bax, sonra özün bildiyin cavabı ver, qərarı qəbul et. Yoxsa, Novruz Novruzovdan nə istəyirsən, sualı nə deməkdir??? Sözümü dedim... Mən Baş Prokurorluğa ondan şikayətlər verdim. Başını götürüb, Daşkəsənə getdi... Mən onun yanından çıxan kimi prokurorun qanunsuz hərəkətlərindən Prezidentə, DTX-yə, Baş Prokurorluğa teleqramlar vurdum. Əgər mən böhtan atıramsa, sübut edin və məni həbs edin. Amma həqiqət və sübutlar ortadadır, şahid var... Şikayətimdə yazdım ki, mənim ərizəmə Xocalı Prokurorluğunda baxılmasın. Yenə də şikayətlərimi göndədirlər ora. Hələ də nəticə yoxdur. Mən uzun illər dövlət vəzifəsində işləmişəm. Prezidentin çıxışlarına da diqqətlə qulaq asıram, deyir ki, məmurlar xalqın xidmətçisidir. Şəxsən Novruz Novruzovda bunu görmədim. -Biz KİV olaraq şikayətinizi qanun çərçivəsində araşdıracağıq... -Bilirsiniz, Prezidentin çıxışlarını eşidəndə, regionlarda aparılan quruculuğu görəndə ürəyimiz açılır, amma bu məmurların belə hərəkətləri ümidimizi üzür. Söhbət o puldan getmir, söhbət mənəviyyatdan, məmurların ləyaqətindən, vəzifə borcundan gedir... -Dediniz ki, hallalıqla, xoş niyyətlə verdiyiniz 20 min manat pulun Goranboyun keşmiş, hazırda isə Siyəzənin icra başçısı olan Novruz Novruzova verilməsinin şahidi, iştirakçısı Üğur Cəfərovdur. Uğur Cəfərov, siz nə deyə bilərsiniz? -Cəfərov Uğurlu Təhməz oğlu, Kəlbəcər rayonundan məcburi köçkün. 1993-ci ildən Kəlbəcər işğal olunandan sonra, polis orqanlarında çalışırdım, gəldim Goranboy rayonuna. Hazırda da, burada yaşayıram. Allah Prezidentimizə uzun ömür versin, dövlətimizi qorusun. Amma belə məmurları görəndə məyyus oluruq. Dövlətin siyasətinə ləkə vururlar… Əsgərov Firəddin «Qaçqınkom»un uzun müddət Goranboy rayon şöbəsinin sədri olub. Bütün Kəlbəcər rayonundan olan köçkünlər, eləcə də Goranboyda elə bir adam yoxdur onu tanımasın, hamı da təmiz, xoş niyyətli bir insan kimi həmişə hörmətini saxlayıblar. O, hər bir kəsi öz dili ilə dindirib, kömək edib. Bir gün mənə dedi ki, gəl mənimlə gedək Ağcakəndə, keçmiş Şaumyan rayonuna. Yolda soruşdum ki, xeyirdimi? Dedi ki, nəvəmin işi ilə bağlıdır. Getdik... Ona kimi bilmirdim ki, Novruz Novruzov saxta sənədlərlə burada özünə ev də alıb. Deməli, məcburi köçkünün adına evi sənədləşdirib alıb, sonar Rusiya vətəndaşının adına keçirərək, sonra da özünün işçisi olan, Goranboy sakininin adına sənədləşmə apararaq Gənclər və İdman Nazirliyinin Goranboy rayon şöbəsinin rəisinin adına keçirib, sonra da özəlləşdirib. Bundan sonra Novruz Novruzov həmin evi mənim qapıbir qonşuma 60 min manata satdı... Beləliklə, Firəddin Əsgərov darvazanı döydü, bir nəfər çıxdı, nəsə danışdı. Dedi, “bardaçok”dakı o pulu ver... Mən də verdim, apardı. -Bildiniz nə qədər puldur? -20 min idi... Apardı Novruz Novruzova verdi, qayıdıb gəldi... Sonra da pulun verilməsi ilə bağlı şikayətə mən də şahid kimi imza atmışdım. İş getdi çıxdı Xocalı rayon Prokurorluğuna. Mən polisdə işləmişəm, görmüşəm ki, şikayətlə bağlı zərərçəkənini və ya cinayəti törətməkdə şübhəli olanın izahatı alınandan sonra digər məsələlərə baxılır. Yəni, izahatdan sonra prokuror şikayətçini qəbul edər, yaxud rəis. Amma görməmişəm ki, izahat verilmədən prokuror şikayətçini çağırır ki, Novruz Novruzovdan nə istəyirsən??? Belə qanun var??? Mənim bir çəpər problemim var idi, məni qəbul etmədi. Xeyir ola, indi başçının işinə görə məni qəbul edir? Məni çağırtdırdı ki, izahat ver. Dedim, ərizədə yazmışam ki, pul ayın neçəsi, saat neçədə, hansı küçədə... Novruz Novruzova verilib, get qanuni araşdırma apar. Mənə deyir ki, Novruz Novruzovu tanıyırsanmı, dedim, o burda 9 il başçı işləyib, niyə tanımıram... Prokuror məndən bu sözü eşidəndə dedi ki, bəs Novruz Novruzovun oğlu Dövlət Təhlükəsizlik Komitəsində işləyir… Mənə dedi ki, sən də dövlət adamısan, mən də, başa düş, Novruz müəllimin də oğlu MTN-də işləyir… Dedim, lap yaxşı. Dedim, cənab prokuror, Göranboyun keçmiş başçısı Nizaməddin Quliyevin bir oğlu Korrupsiya İdarəsində, digəri MTN-də idi. Gördün necə tutdular. Mənə dedi, sən bizim adamsan, filan-filan… Dedim, söhbət 20 min manatdan gedir, bunu görmüşəm, bunu deyə bilərəm. Onun qanunsuz ələ keçirdiyi ev məsələsindən xəbərim yoxdur. Dedi, onun evi də var orda? Dedim, mənim xəbərim yoxdur… Firəddin Hacıyev: -O ev mənim iştirakımla verilib. Komissiyanın sədri «Qaçqınkom»un sədr müavini Elman müəllim olub. Adamın üstündə Allah var, Elman müəllim vermək istəmirdi. Mənə də dedi, dedim, mən mən imza ata bilmərəm. Çətin vaxt idi… Uğurlu Cəfərov: -Beləliklə, prokurorla çox çək-çevirdən sonra izahatımı yazdım… Sonra baxıram ki, mənim izahatımı saxtalaşdırıb. -Necə saxtalaşdırıb? -Mən latınca pis yazıram, amma krillə rahat oxuyub-yazıram. Mən danışdım, müstəntiq də yazdı. Sonra baxıram ki, ifadəmdə yazıb ki, guya mən Novruz Novruzovu tanımıram və s. -Bəlkə də o pulun sizin üçün maddi əhəmiyyəti bir o qədər əhəmiyyət daşımır. Amma sizin aldığınız mənəvi zərbəni başa düşürəm. Sonda cənab Prezidentdən istəyiniz nədir? -Prezidentimizə can sağlığı arzulayıram. Dünya görür ki, Azərbaycan nə işlər görür. Xahişim budur aidiyyəti qurumlara tapşırıq verilsin, Novruz Novruzov mənim 20 min manatımı özümə qaytarsın… -İnanırıq ki, Novruz Novruzov nüfuzlu şəxsdir, bu video ictimailəşməmiş bu problemi həll edəcək… -Mən də Sizə və redaksiyanıza minnətdaram ki, xahişimi nəzərə alıb şikayətimi yerində araşdırdınız. (Bakı-Goranboy-Bakı) «Təzadlar»ın Araşdırma Qrupu Geri qayıt |