Əsas Səhifə > Sosial, Manşet > Yeni hakimiyyət komandası: BACARMADILAR...

Yeni hakimiyyət komandası: BACARMADILAR...


2-08-2022, 09:24
Yeni hakimiyyət komandası: BACARMADILAR...
Hakimiyyətin yeniləşən elitasından gözləntilər çox sadə idi: effektiv idarəçilik və sələflərinə oxşamamaq. Bəli, İnam Kərimov Heydər Əsədova, Emin Əmirullayev Misir Mərdanova, Rəşad Nəbiyev Əli Abbasova bənzəməyə bilər, onlar nazir postunda yırtıcı, korrupsioner adı çıxarmayıblar, amma problemlər olduğu kimi daşlaşıb qalıb. Hə, Səlim Müslümov gedib, Sahil Babayev isə ondan daha dəhşətli sistem qurub, Teymur Qasımov səhiyyə naziridir, amma xəstəxanalara gedək, Oqtay Şirəliyevin dövründəki bazar dəyişməyib. Hətta İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB yaradılıb, bu yeniliklər də nəticə vermir. Eyni zamanda gömrük sistemində fiqur dəyişiklikləri də heç bir keyfiyyət dəyişikliyinə səbəb olmayıb. Analoji sözləri Ziya Məmmədovsuz yollar haqda demək olar, Saleh Məmmədov və Əvəz Qocayev Avtomobil Yolları Agentliyinə yeyinti obyekti kimi baxır. Və çoxlu nümunələr sadalamaq olar, yeni təyin olunan gənc icra başçılarının bərbad fəaliyyətini də bura əlavə etmək olar. Anaxeber.info yazır ki, bunun fundamental səbəbləri mövcuddur. Əvvəla, iqtidar adları dəyişir, sistemi yox. İkincisi, yeni kadrlar novator deyil, səriştəsizlik və xalqın dilinə bilməzlik işləri korlayır. Həmin xarici təhsilli, qalstuklu bürokratlar vətəndaşa çatanda qanundan, beynəlxalq standartlardan dəm vururlar, özlərinə gələndə maxinasiya, köhnə əyyamlar işə düşür. Ona görə yeni nazirlər sözün əsl mənasında xalqla sosial məsafə saxlayırlar. Onlar əhalinin problemlərinə biganədirlər, çünki təfəkkür sadə, kasıb xalqı anlamır. Sanki burjuy elitası formalaşıb və xalqın dilini bilmirlər. Son aylarda baş verən hadisələr də həmçinin, idarəetmədə ciddi dəyişiklik olmadığını ortaya qoyur. Gördüklərimiz kosmetikdir, keçmiş nazirlərə olan patoloji nifrəti vəzifədən uzaqlaşdırmaqla gərginliyi sadəcə, azalda bilməkdir. Misal üçün Səfər Mehdiyev getdi, araya bir sükut düşdü, gömrükdə isə "qaz vurub, qazan doldururlar". Bundan əlavə, mediaya xəbərdarlıqlar, cəza tədbirləri, ayrı-ayrı fəallara verilən həbslər siyasi konyukturanın da qüvvədə qaldığını göstərir. Maaş, pensiya, sosial müavinətlər, uşaq pulu və s. təminatlar sahəsində isə Hadı Rəcəblinin üzərinə qoyulan məsuliyyətin də iz azdırmaq olduğu göz qabağındadır, indiki zəvzək deputatlar azalıb, sosial siyasətdə nə dəyişib? Bahalaşma, xərclərin artması, hökumətin hər şeyin qiymətini artırması...bu problemlər də hakimiyyətin ayağına yazılmalıdır. Beləliklə, biz 10 il əvvəlki problemləri və idarəetmə yanaşmasını bu gün də görməkdəyik. Adi bir fakt: əgər hökuməti xalqın həyatı maraqlandırırsa, buna qədər günah keçmiş nazirlərdə olubsa, iqtidar xalqın sağlamlığının qeydinə qalandırsa, dərman biznesini nəyə görə monopolistlərə təhvil verilib, monopolistlər də dərmanları çarəsiz xəstələrə, xəstə ailələrinə 3-5 dəfə baha qiymətə satır?! Kasıblıqdan qidalana bilməyən, vitamin çatışmazlığından əziyyət çəkən milyondan artıq uşağı necə uşaqpulundan məhrum edə biliblər? Necə olur ki, Sahil Babayev tenderlə milyonlar qazananda dövlətin pulu talanmış olmur, uşaq pulu verməyə gələndə büdcədə vəsait çatışmır? İndi antixalq, antisosial idarəetmədir. Bura Saakaşvilini, ya da Mahatma Qandini də gətirib nazir təyin et, sistem dəyişməsə, heç nə düzələn deyil. Digər məsələ - təyyarə biletlərini çarəsiz, seçimi olmayan xalqımıza 5 -7 dəfə baha qiymətə satan, qazancı ofşorlara daşınan, üstəlik büdcə gəlirlərinə də şərik olan AZAL üçün yenidən 4 Boeing təyyarəsi almağa da 1 milyard dollar tapıldı, ancaq 36 qazinin intihar etdiyi ölkədə AZAL-a bir dəfə xərclənən 1 milyard dolların onda biri qədər pul "tapılmır" ki, 12 min qazimizin problemi birdəfəlik həll olunsun. Yəni qalib ordunun qazisi özünü yandırırsa, deməli, hökumət problemin kökünü ya düzgün yerdə axtarmır, ya da ümumiyyətlə axtarmır. Bir ölkədən ki, hər il 7-11 milyard dollar pul ofşor zonalara daşınır, belə bir hakimiyyətdən xalq razı qalarmı? Bir ölkədə ki, əmək qabiliyyətli 5.3 milyon əhalinin yalnız 1.7 milyonunun daimi işi var və yalnız 1.2 milyon insan rəsmən fərdi əmək fəaliyyətilə məşğul olur, 2.4 milyon əmək qabiliyyətli insan faktiki işsizdir, nədən danışmaq olar? Bir ölkənin ki, 2.6 milyon uşağı uşaqpulundan, 200 mindən artıq əlili əlillik müavinətindən, 200 mindən artıq təqaüdçüsü pensiyadan məhrum edilib, ildən-ilə pensiya yaşı artırılır, qəhrəman qaziləri çarəsizlikdən kütləvi intihar edir, o halda nazirlərin, yeniləşən komandanın prezidentə hansı islahatlar paketi təqdim etdiyi sualını vermək lazımdır. Ölkənin İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı və bütün digər nazirləri, komitə rəhbərləri dəfələrlə dəyişməyibmi? Bəs bu kadr dəyişiklikləri ölkədəki vəziyyəti necə, yaxşılaşdırıbmı? Ölkədə ildən-ilə əhalinin həyat səviyyəsi daha da ağırlaşır. Ona görə iddia edə bilmirlər ki, hansısa nazirin işdən çıxarılması ölkədə köklü islahata səbəb olacaq, hansısa generalların, icra başçılarının həbsi isə doğrudan da korrupsiya ilə mübarizə məqsədilə həyata keçirilir.
Anaxeber.info

Geri qayıt