Əsas Səhifə > Sosial, Manşet > `Kapital Bank`ın SƏYYAR KAMERALARI bankomatlarını NİYƏ GÜDMÜR?
`Kapital Bank`ın SƏYYAR KAMERALARI bankomatlarını NİYƏ GÜDMÜR?3-08-2022, 09:21 |
DİA.AZ: - "Maraqlıdır bu kameralar kiminsə klipini çəkir, yoxsa ərazini nəzarət altında saxlayır?" DİA.AZ bildirir ki, bunu jurnalist Nicat Mahmudov Daxili İşlər naziri Vilayət Eyvazova müraciətində qeyd edir. Daha sonra jurnalistin nazirə ünvanlanan müraciətində deyilir: Hörmətli cənab nazir "Bu gün (02.08.2022) səhər saatlarında üzləşdiyim problem həm bir vətəndaş, həm də jurnalist olaraq məndə haqlı suallar və narahatlıqlar yaratdı. Hər bir insanın üzləşə biləcəyi sıradan bir problemin bu qədər qəlizləşdirilməsi və həll olunmaması ölkənin bank sektorunun xidmət və təhlükəsizlik sistemində ciddi qüsurların olmasını göstərir. Odur ki, bu məsələni şəxsən diqqətə götürmənizi və gələcəkdə belə halların baş verməməsi üçün yol verilən nöqsanların aradan qaldırılmasına yardımçı olmanızı xahiş edirəm. 02.08.2022-ci il səhər saat 11-43-də İnşaatçılar metro stansiyasının yaxınlığında "Kapital Bank"ın qarşısında olan bankomatdan həmin banka məxsus olan kartdan 1100 manat pul çıxarmaq məqsədilə əməliyyat aparmışam. Sadəcə olaraq fikirli olduğum üçün kodu və məbləği daxil etmiş, amma əməliyyat başa çatdıqdan sonra kartı götürsəm də pulu götürmədən bankomatdan uzaqlaşmışam. Bir neçə dəqiqədən sonra pulu götürmədiyimi başa düşərək geri qayıtsam da artıq bankomatda pul yox idi. Kartı təkrar bankomata daxil etdikdə məbləğin balansdan çıxdığını göstərdi. Eyni zamanda kartın balansından 1100 manat məbləğin çıxarılması barədə bildiriş də SMS vasitəsilə müvafiq telefon nömrəsinə göndərilib. Pulun bankomatda olmamasından sonra ortada iki versiya qalır- ya kimsə məndən sonra pulu oradan götürüb, ya da təyin olunan vaxt bitdikdən sonra əskinaslar yenidən bankomata qaytarılıb. Dərhal yaranan problem barəsində 102 çağrı mərkəzinə, banka müraciət etmişəm. Məsələnin maraqlı tərəfi odur ki, bankomatla əməliyyat bilavasitə "Kapital Bank"ın İnşaatçılar filialının qarşısında baş tutub və artıq gün bitməsinə baxmayaraq problemi həll etmək mümkün olmayıb. 29-cu polis bölməsinin əməkdaşları 2 saatdan artıq bankda əməliyyat aparsalar da saatı, dəqiqəsi məlum olan bir hadisənin sonunu müəyyən etmək mümkün olmayıb. Bizdə olan məlumata görə, ilkin olaraq hətta "Kapital Bank"ın təhlükəsizlik əməkdaşları və hal-hazırda həmin filialın müdir əvəzi vəzifəsini icra edən Anar adlı şəxs belə əməliyyatçı polislərin xidmətinə mane olmuşdur. Daima ölkənin bank sektorunda liderliyi ilə öyünən Kapital Bank saat 11-43-də baş vermiş bir əməliyyat barəsində son informasiyanı hələ də təqdim edə bilmir. Məlum deyil ki, pul başqası tərəfindən götürülüb, yoxsa yenidən bankomata qayıdıb. Maraqlıdır ki, hər tərəfdə, həmçinin bankomatın özündə də təhlükəsizlik kameraları olduğu halda hələ də pulun kiminsə tərəfindən götürüldüyü, yoxsa bankomata geri qayıtması müəyyən edilməyib. Konkret vaxt məlum olduğu halda bankomatın qarşısından düz-əməlli görüntü əldə etmək mümkün deyil. Maraqlıdır bu kameralar kiminsə klipini çəkir, yoxsa ərazini nəzarət altında saxlayır? 2 saat ərzində 29-cu Polis bölməsinin əməkdaşları bankda təhqiqat aparsalar da problemi aydınlaşdıracaq görüntülər əldə etmək mümkün olmayıb. Necə olur ki, şəhərin mərkəzində, ölkənin ən böyük banklarından birinin binası qarşısında təhlükəsizlik kameraları düz-əməlli görüntülər çəkə bilmir. Bu bank sistemində ciddi təhlükəsizlik zəifiyyətinin hökm sürdüyünün göstəricisidir. Məntiqlə belə çıxır ki, sabah bankomatın özünü də oradan aparsalar heç kimin xəbəri olmayacaq və ətrafdakı kameralar hadisədən başqa hər şeyi çəkəcək ! bu hadisə istənilən vətəndaşın başına gələ bilər. Deməli bizim pullarımız heç də etibarlı şəkildə mühafizə olunmur və banklar, xüsusilə "Kapital Bank" təhlükəsizlik kameraları ilə kino çəkməklə məşğuldur.(Xatırladım ki, bu gün elə milli kino günümüzdür). Bəs təhlükəsiz şəhər sistemi necə işləyir ki, adi bir hadisənin görüntülərini əldə etmək mümkün deyil. Hörmətli cənab nazir ! Bir daha baş verənlərdən sonra istər paytaxtın, istərsə də bank sektorunun ciddi təhlükəsizlik nöqsanlarının olması qənaətinə gəlmişəm. İnanıram ki, sizin xüsusi diqqətinizdən sonra hamımız üçün əhəmiyyətli olan bu problem həll olunacaq, bank sektorunda təhlükəsizlik kameralarının, eləcə də təhlükəsiz şəhər sisteminin normal fəaliyyəti tənzimlənəcək !" Məsələ ilə əlaqədar dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |