Əsas Səhifə > Sosial, Manşet > Həm cərimələyir, həm də kupça vermirlər

Həm cərimələyir, həm də kupça vermirlər


19-08-2022, 10:02
Həm cərimələyir, həm də kupça vermirlər
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikənlər cərimələnməyə başlanılıb.
Bu evlərin sakinlərinə inzibati xəta haqqında işə baxılması barədə göndərilən bildirişlərdə qeyd olunur ki, Azərbaycan Prezidentinin 2020-ci il 12 may tarixli fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi ilə müəyyən edilmiş torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanının müfəttişləri tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində keçirilən monitorinq zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən inzibati xətaya yol verildiyi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tətbiq olunub.

Kənd təsərrüfatı təyinatlı torpaqda ev tikənləri nə qədər cərimə gözləyir?
İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Bildirişlərdə həmin evlərin sahiblərinə Dövlət Xidmətinin müvafiq şöbələrində inzibati xətaya dair işə baxılacağı tarix bildirilir və işə baxılacağı ilə əlaqədar sübutların təqdim olunması da təklif edilir.
O da nəzərə çatdırılır ki, bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 531-ci maddəsinə əsasən 150 manatdan 250 manatadək miqdarda cərimə nəzərdə tutulur. Bildirişlər Dövlət Xidmətinin müvafiq ərazi şöbələrinin müdirləri tərəfindən imzalanıb.

Tikəndə göz yumublar, indi cərimələyirlər
Qeyd edək ki, hazırda təkcə Bakı ətrafında kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş minlərlə ev var. Həmin evlərin inşa olunduğu torpaqların mütləq əksəriyyətinin təyinatı bu günədək dəyişdirilməyib. Kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikənlərin cərimələnməsi onlarda narahatlıq yaradıb.
Mehdiabad qəsəbəsində kənd təsərrüfatlı təyinatlı torpaqda ev tikən Esmira Nuriyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaşadığı yeni yaşayış massivində heç kəsin kupçası yoxdur. Buna səbəb torpağın təyinatının dəyişdirilməməsidir:
"Bizə deyirlər ki, torpaq kənd təsərrüfatlı təyinatlı olduğundan ilk növbədə torpağın təyinatı dəyişdirilməlidir. Burada yüzlərlə ev tikilib. Əgər ev tikməyə icazə yox idisə, niyə aidiyyatı qurumlar bunu vətəndaş ev inşa edərkən demirdi, yaxud da gəlib mane olmurdu. İndi bu qədər ev tikiləndən sonra gəlib cərimələyirlər?"

Dövlət Xidmətindən quru cavab
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda (təyinatından kənar) fərdi yaşayış evlərinin inşa edilməsinə münasibətdə yeni və yaxud köhnə tikili olmasından asılı olmayaraq uzanan inzibati xəta olduğundan inzibati tənbeh tədbiri kimi cərimə xətanın aşkar edildiyi vaxtdan tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.
Dövlət Xidməti onu da qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda (təyinatından kənar) fərdi yaşayış evlərinin inşa edilməsi ilə əlaqədar təqsirkar şəxslər barəsində 2015-ci ildən (müvafiq səlahiyyət keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə verildiyi vaxtdan) hazırki dövrədək inzibati tənbeh tədbiri kimi 609 protokol tərtib edilib.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evləri necə tikilib?
dia-az.life-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a deyib ki, bu gün Bakı və Abşeron rayonu ərazisində 500 mindən çox çıxarışı olmayan fərdi həyət evləri var. Onların böyük əksəriyyətinin yerli icra orqanları, bələdiyyələr, eləcə də kolxoz və sovxozlar tərəfindən verilmiş torpaq sərəncamları var. Həmin sərəncamlar əsasında vətəndaşlar torpaqlarda ev inşa ediblər. İllərdir onlar həmin evlərdə yaşayırlar. O evlərin hər birinin qaz, elektrik, su sayğacları var.
Həmin yaşayış massivlərinə kommunikasiya xətləri çəkilərək sayğaclaq ev sahiblərinin adına rəsmiləşdirilib. O vətəndaşların cərimələnməsi təbii ki, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayacaq:
"Çünki, istənilən ev tikilərkən vətəndaşların əlində müəyyən sənəd olur. O sənəd əsasında da vətəndaşlar tikinti aparılıb. Bakı və Abşeron rayonları ərazisində hektarlarla kənd təsərrüfatı təyinatlı torpaqlar olub ki, orada bələdiyyələr tərəfindən verilmiş sərəncam əsasında tikinti işləri aparılıb. Bu gün kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikən vətəndaşları buna görə günahkar görüb onları cərimələmək düzgün deyil. Vətəndaşa o ərazidə tikintiyə icazə verən qurumlar da cərimələnməlidir ki, zamanında onun qarşısını almayıblar".

"Dövlətin cərimə metodunu seçməsi doğru deyil"
E.Fərzəliyevin sözlərinə görə, bu gün vətəndaşlar çıxarışsız evlərə görə bələdiyyələrə vergi ödəyir:
"Elə ən çox alqı-satqı sənədi olmayan, çıxarışsız evlərdə aparılır. Onlar ucuz olduğundan, daha çox alınır. Çıxarışın olmaması səbəbindən alqı-satqı zamanı dövlətə vergi ödənilmir. Bu problemlərin öz həllini tapması üçün cənab prezident tərəfindən tapşırıq verildi ki, digər təyinatlı torpaqlar üzərində inşa edilmiş sənədsiz evlərin sənədləşdirilməsi üçün həmin torpaqların təyinatı dəyişdirilsin.
Belə torpaqlarda ev inşa edənləri cərimələməkdənsə, o torpaqların təyinatı dəyişdirilməlidir. Cərimələməklə vəsait toplamaqdansa, həmin torpaqların təyinatını dəyişdirməklə yaşayış evlərinə çıxarışların verilməsi ilə dövlət daha çox qazana bilər. Bu zaman həm dövlət büdcəsi qazanar, həm də vətəndaşlar məmnun qalarlar".

Həm cərimələyirlər, həm də kupça vermirlər
Ekspert bildirir ki, vətəndaşı cərimələməklə yanaşı topağın təyinatının dəyişdirilməməsi doğru deyil. Onun sözlərinə görə, əgər vətəndaşı cərimələməklə yanaşı torpağın da təyinatı dəyişdirilərsə, bu normal qəbul oluna bilər. Belə olduqda ödənilən məbləğin qarşılığında vətəndaş kupça ala bilir. E. Fərzəliyev bildirir ki, uzun illərdən sonra insanları torpaqların təyinatına görə cərimələmək düzgün deyil.
Həmsöhbətimizin fikrincə, buna haqlı tərəf kimi baxmaq mümkün deyil: "Artıq illərdir ki, insanlar kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsini, evinə kupça almasını istəyir. Ona görə də daha çox çıxarışların verilməsinə köklənmək lazımdır. Bununla həm vətəndaşın problemi həll oluna bilər, həm də dövlət büdcəsinə vəsait gələr".

Geri qayıt