Əsas Səhifə > Sosial, Manşet > “Bir azdan kənddə adam qalmayacaq”

“Bir azdan kənddə adam qalmayacaq”


13-10-2022, 09:15
“Bir azdan kənddə adam qalmayacaq”
"Yolumuzdan yazın, mavi yanacağımızdan yazın, heç bir xəstəyə şəfa olmayan, dağılmış tibb məntəqəmizdən yazın… Bir azdan kənddə adam qalmayacaq, hamı şəraitli yer axtarır getməyə, ondan yazın. Çətinliyin də bir həddi var, biz o həddi də çoxdan keçmişik, yazın…”.

Ötən il Lənkəranın Gəgiran kənd sakinləri Meydan TV-yə kənddəki yol problemindən danışmışdı. Hazırda onlar yenə şikayətçidirlər.

Deyirlər ki, problem ictimailəşdirilsə də, aidiyyəti qurumlar kənddə heç bir iş görməyib.

Problemlərdən danışan kəndlilər deyir, heç nə həllini tapmır, əvəzində problemləri mediaya ötürənlər "başağrısına” düşür. Ona görə də sakinlər adlarının anonim saxlanmalarını istəyiblər.

"Xəstələrimiz yolda keçinir”


Rayon mərkəzindən 36 km aralıda, ucqar dağ ərazisində yerləşən kəndin əhalisinin sayı 3500 civarındadır. Ümumilikdə Gəgiran ərazi dairəsi 3 kəndi, Gəgiran, Jidi və Dıryan kəndlərini özünə birləşdirir.

Sakinlər deyirlər ki, kəndə giriş çətin olduğundan UAZ tipli maşınlardan istifadə edirlər. Yollar gah körpüsü olmayan kiçik çayların üzərindən, gah daşlı-kəsəkli, ən dözümlü maşınların belə tab gətirə bilmədiyi ərazilərdən keçir.

Payız, qış aylarında bu yollar daha keçilməz olur: "Qışda kəndə giriş və çıxış qeyri-mümkündür. Həftələrlə mərkəzə gedib-gələ bilmirik. Bəzən xəstələrimiz elə yolda keçinir”.

Məktəb var, yol yoxdur

Ötən il kənddə məktəb tikilib. Ancaq belə getsə, məktəbin qapısı da qıfıllı qalacaq. Çünki yağış yağanda uşaqlar üçün palçıqlı məktəb yollarında addımlamaq daha da çətinləşir.

Yolsuzluq əsasən heyvandarlıq və əkinlə məşğul olan kəndlilərə məhsullarını bazara aparmaqda da əngəllər yaradır. Bu səbəbdən də kəndlilər artıq təsərrüfata üstünlük vermirlər. Kəndlilər Sovet vaxtı çayçılıqla məşğul olub. 30 ildir ki, çayçılıq təsərrüfatı yoxdur. İşsizlik üzündən gənc ailələr kəndi tərk edir.

Gəgiranın dərdi təkcə bunlar deyil. Kənddəki tibb məntəqəsi beş ilə yaxındır tikilib, ötən beş ildə fəaliyyət göstərməyib, dağılıb. 3500 sayda insana tibbi xidmət göstərən yoxdur.

Meşədəki çöpün də sorğusu var

Kəndin daha bir vacib məsələsi mavi yanacaqla bağlıdır. Kəndlilər deyir, artıq havalar soyuyub, baltanı əlinə alıb kimisi həyətindəki ağacları kəsir, kimisi maşınla odun alır, imkanı olmayanlar da qonşu qapılarını döyür:

"Meşəyə girişimizi də qadağan ediblər. Meşədən quru çöp götürüb evinə gətirəni də ora-bura çəkib sorğu-sual edirlər. Bir az işıq cəhətdən problem yoxdur. Ancaq məcburuq ki, istiliyi elektrik cihazları qoşmaqla təmin edək. Bu isə o deməkdir ki, bir azdan elektrik kabellərimiz də yüklənməyə dözməyib sıradan çıxacaq. Bir sözlə, adamlar belə yaşamaqdan bezib”.

Lənkəran Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, avqustun 17-də icra başçısı Taleh Qaraşov Gəgiranda səyyar görüş keçirib, kənd sakinlərinin problemlərini dinləyib. Bu problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlara müraciət olunub.
//Meydan TV//
Geri qayıt