Əsas Səhifə > Sosial, Manşet > Sabirabadda kəndli torpaqsız qalıb...

Sabirabadda kəndli torpaqsız qalıb...


8-11-2022, 11:09
Sabirabadda kəndli torpaqsız qalıb...
DİA.AZ: - Dolanışıqları heyvandarlıqdan çıxan Sabirabad rayon Şıxsalahlı kənd sakinləri örüş sahələrinin zəbt olunduğunu deyirlər. DİA.AZ-a müraciət edən sakinlərin sözlərinə görə, əsas məşğuliyyətləri heyvandarlıq olsa da, mal-qaralarını otarmağa örüş sahələri qalmayıb. Otlaq sahəsi olmayan kəndlilər heyvanlarının yem tədarükünü təmin etmək üçün əlavə yem almağa məcbur olduqlarını deyirlər.

Məlumata görə, yaranmış vəziyyət büdcəyə ziyan vurur, xeyir götürə bilmirlər. Kənd sakinləri deyirlər ki, 1997-cı ildə torpaq islahatı zamanı öz razılıqları ilə onlara verilmiş pay torpağından 0.5 sot ayıraraq ümümilikdə 22 hektar örüş yeri təyin ediblər. Lakin onlar bu örüş sahəsindən bir müddət istifadə etdikdən sonra torpağın təyinatı saxta yolla dəyişdirilərək ayrı-ayrı şəxslərin istifadəsinə verilib. Həmin vaxtdan bəri sakinlər onlara məxsus örüş sahəsini istifadə edə bilmirlər. Örüş üçün nəzərdə tutulan torpaqlar müxtəlif adamlar tərəfindən zəbt olunub.

Şikayətçilər DİA.AZ bildirir: “1997-ci ildə torpaq islahatı zamanı buranı örüş yeri təyin ediblər. Hamının razılığı əsasında 5 sot kəsilərək örüş yeri salınıb. Ümumi 22 hektarın 4 hektarı qəbristanlıq üçün nəzərdə tutulub. Bu günəcən nə qəbristanlıq yeri, nə də örüş yeri verilməyib. Bizim örüş yerimiz yoxdur. Ona görə heyvanı heç yerə çıxarmaq mümkün deyil. Heyvanlarımızı həyətdə başıbağlı, ac saxlayırıq. Məcburuq heyvandarlığı ləğv edək".

Şıxsalahlılar sözügedən örüş sahəsini uzun zaman istifadə ediblər. Sonralar torpağın təyinatı saxta yolla dəyişdirilərək ayrı-ayrı şəxslərin istifadəsinə verilib:

“Bizim burada 22 hektar örüş yerimiz var. Onu 4-5 adam zəbt edib. Heyvanımızı o tərəfə keçməyə qoymurlar. Otumuz yoxdur. Otun biri 5 manatdır. Mənim də elə bir imkanım yoxdur əlavə ot alım”.

Sakinlərin sözlərinə görə, torpağın sənədi saxtalaşdırılıb. Bələdiyyənin ehtiyyat torpağı əkinə yararlı torpaq kimi qeydiyyata götürülüb.

Geri qayıt