Əsas Səhifə > Sosial, Manşet > Ulduzə Xəlilovanın ulduzu niyə göylərdə yox, KTN-in keçirdiyi tenderdə parladı?

Ulduzə Xəlilovanın ulduzu niyə göylərdə yox, KTN-in keçirdiyi tenderdə parladı?


23-12-2022, 09:37
Ulduzə Xəlilovanın ulduzu niyə göylərdə yox, KTN-in keçirdiyi tenderdə parladı?
Azərbaycanda dövlət qurumları tərəfindən satınalmaların təşkili zamanı məmurların yaxın adamlarının adına, qeyri-müəyyən şəxslərin adına yaradılmış MMC-lər vasitəsi ilə tender prosedurlarının saxtalaşdırılması halları barədə kifayət qədər yazılıb. Dövrü mətbuatda, sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, hər gün yeni məlumatların yayılmasına baxmayaraq bu proses hələ də davam etdirilir. Yəni, birdəfəlik şirkətlər gündəmdən son vaxtlar düşmür. Bir nəfərə məxsus, eyni ünvanda yaradılan onlarla MMC-nin qısa müddətdə, bir çox satınalmaların qalib olmalarının çox şahidi olmuşuq. Son vaxtlar isə qanuni təmsilçiləri xanım olan MMC-lərin sayı çoxalıb.

Apardığımız araşdırmalar zamanı məlum olur ki, bu qadınların çoxunun yaşı 70 keçib. Yəni, soruşularsa tenderin nə demək olduğunu heç bilməz. Bəziləri barədə məlumatlar ümumiyyətlə yoxdu. Çünki yüksək vəzifəlilərin qohumu olduğundan gizlin saxlayırlar. Bəzilərinin üsə müəyyən dövlət orqanlarında çalışdığı məlum olur. Ayrı-ayrı sahələr üzrə bir çox dövlət sifarişləri alan bu xanımlara şəraiti kimlər yaradır bəlli deyil. Amma eləsi də var üzə çıxır. Bir çox hallarda məhkəmələrdə adlar çəkilir, bəzi hallarda da özləri parıldayır, yəni gözə girir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 22.12.2022-ci il tarixdə “Damazlıq heyvandarlıq təsərrüfatının elektron reyestrinin yaradılması və buna dair müraciətlərin elektronlaşdırılması” xidmətlərinin satınalınması üzrə keçirdiyi açıq tenderin nəticələrini açıqlayıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda nazirliyin “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 163000 manat məbləğində satınalma müqaviləsi bağladığı göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 15.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MƏTBUAT PR. , ev 35C, m. 126qanuni təmsilçisinin isə Xəlilova Ulduzə Tofiq qızı olduğu göstərilir.

Bəs Xəlilova Ulduzə Tofiq qızı kimdir?

Məlum olduğu kimi İnam Kərimov 2012-ci ilin sentyabrından 2018-ci ilin aprel ayına qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsində çalışıb. Həmin dövrlərdə Xəlilova Ulduzə Tofiq qızı da “ASAN xidmət” işçilərindən olub. Hansı vəzifəni daşıdığı məlum olmasa da Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Xəlilova Ulduzə Tofiq qızı ” Tərəqqi” medalı ilə təltif olunub.

Yuxarıda qeyd etdiyimiz kimi İnam Kərimov 2018-ci ilin aprel ayının 21-dən Kənd Təsərrüfatı naziri təyin edilib. Xəlilova Ulduzə Tofiq qızının hazırda harada çalışması barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Lakin görsənən odur ki, Ulduzə Xəlilovanın qanuni təmsilçisi olduğu MMC-nin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən tenderin qalibi olması heç də təsadüf deyil. Ya onları bir biri ilə hansısa qohumluq telləri bağlayır. Ya da İnam Kərimov bir nazir kimi keçmiş işçisinə şəxsi biznesini qurmaq üçün dövlət vəsaitləri hesabına şərait yaradır.

Göründüyü kimi Ulduzə Xəlilovanın qanuni təmsilçisi olduğu “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyəti cəmi bir ildir yaradılıb. Maddi texniki bazası, işçi qüvvəsi, ixtisas göstəriciləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Amma buna baxmayaraq İnam Kərimovun rəhbəri olduğu nazirliyik son bir ildə sözügedən MMC ilə 223 000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Əvvəlki müqavilə isə nazirliyin Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilmiş operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə olub və 07.07.2022-ci il tarixdə 60 000 manat dəyərində qiymətləndirilib.

Dövlət satınalmalarının vahid internet portalında gözə dəyən bu məlumatlardan da görsəndiyi kimi Kənd Təsərrüfatı naziri İnam Kərimovla “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Ulduzə Xəlilova bir birilərini yaxından tanıyırlar. İstəsələr də bunu inkar edə bilməzlər. Çünki, neçə il bir yerdə çalışıblar. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu isə tanış, yaxın adamların satınalma prosedurlarında iştirakını qadağan edir. Belə olan halda Ulduzə Xəlilovanın ulduzu niyə göylərdə yox, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tenderdə parladı? Maraqlı olan da budur.
Aktualinfo.org

Geri qayıt