Əsas Səhifə > Sosial, Manşet > Mayakovski 15-in sakinləri Prezidentdən KÖMƏK İSTƏDİLƏR
Mayakovski 15-in sakinləri Prezidentdən KÖMƏK İSTƏDİLƏR3-02-2023, 09:58 |
DİA.AZ: - Nərimanov rayonu, Mayakovski 15 ünvanının sakinləri Cənab Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Cənab Prezident! Sizə müraciət etməklə 61 mənzilli binanın, 250-dək sakinin son ümidi olan evimizlə əlaqədar yaranan problemin həlli ilə bağlı kömək istəyirik. Hazırda 61 ailə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanındakı dördmərtəbəli binada yaşayırıq. 2022-ci ilin dekabr ayında Nərimanov rayon İcra Hakimiyyətinin və Mənzil İstismar Sahəsinin nümayəndələri bizə bildirdilər ki, yaxın vaxtlarda yaşadığımız bina söküləcək və sökülərkən ədalətli şəkildə kompensasiya veriləcək yaxud yaxın ərazidə tikiləcək binalarda mənzillə təmin olunacaqsız. Lakin 20.01.2023-ci il tarixdə bizə qeyri rəsmi bildiriş verilmiş və Nərimanov RİH baş məsləhətçisi Eldəniz Əbdülov 1 kvadrat metr üçün 2000 manat kompensasiyanın veriləcəyi söyləmişdir. Xatırladaq ki, binadakı mənzillərin kvadratmetri bir otaqlılar 14-20 kvadratmetr, 2 otaqlılar isə 30-40 kvadratmetr arasında dəyişir. Cənab Prezident, Sizə müraciət etməklə bildiririk ki, binada yaşayan ailələr kompensasiyanın məbləğindən razı deyil. Belə ki, yaşadığımız ərazidə verilən kompensasiya hesabına ev almaq qeyri-mümkündür. Yaşadığımız Montin qəsəbəsi və Nərimanov metrosu ətrafında, mənzillərin tam təmirsizi 1 kvadrat metr üzrə minimum 2000-2500 manata satılır. Sizdən xahiş edirik, dəfələrlə özünüzün də bəyan etdiyi kimi digər pilot layihələrdə olduğu kimi bizə elə bir kompensasiya məbləği verilsin ki, mənzilimizə uyğun bir mənzil ala bilək. Yaxud elə binanın yerləşdiyi ərazidəki yeni tikililərdə mənzillərlə təmin olunaq. Qeyd edək ki, bu ərazidə 1 otaqlı mənzillərin minimum qiyməti 85 min manat təşkil edir. Dəfələrlə prezident seçkilərində Sizə səs vermiş, Sizin daxili və xarici siyasətinizi tam dəstəkləmişik. Sizin sayənizdə qalib Azərbaycanın vətəndaşı olmaqdan qürür duyuruq və Sizi ömürlük Prezident görmək istəyirik. Sizə arxalanırıq və son ümidimiz olan evimizin ədalətli prinsiplə qiymətləndiriləcəyinə inanırıq!" Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |