Əsas Səhifə > Sosial, Manşet > Türkiyə-Azərbaycan qardaşlığına UCUZ MƏMUR YANAŞMASI...

Türkiyə-Azərbaycan qardaşlığına UCUZ MƏMUR YANAŞMASI...


15-02-2023, 10:29
Türkiyə-Azərbaycan qardaşlığına UCUZ MƏMUR YANAŞMASI...
İctimai fəal Haldun Novruzzadə ölkənin müxtəlif məktəblərində müəllimlərdən Türkiyəyə yardım adı ilə məcbur pul yığıldığını yazıb.

Onun sözlərinə görə, müəllimlərin maaşlarından bunun üçün pul tutulur:

“Bəzi məktəblərdə bu könüllüdür, ancaq Bakı şəhəri 149, 103, 279, 156 saylı məktəblərdə məcburidir. Bunu müəllimlər deyirlər. Rəhbərlik müəllimlərə deyib ki, ərizə yazın, Türkiyəyə dəstək üçün pul yığılır”– deyə Haldun Novruzzadə bildirib.

Türkiyə-Azərbaycan qardaşlığına UCUZ MƏMUR YANAŞMASI...

H. Novruzzadə əlavə edib ki, Facebook səhifəsində bu barədə yazandan sonra ona bir çox dövlət xəstəxanalarında, Asan Xidmət mərkəzlərində, Socar, Bos Shelf şirkəti, Azərsu ASC-də çalışanlardan ”könüllü” adı altında maaşdan məcburi pul tutulduğunu yazıblar.
Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Abzas Media-ya deyib ki, yardım kampaniyasını nazirlik özü aparmır.

Onun sözlərinə görə, ianələri Gənc Müəllimlər Assosiasiyası (AGMA) toplayır:

“Gənc Müəllimlər Assosiasiyası belə bir kampaniya keçirir, bununla bağlı məlumat da yayacaq. Şübhəsiz ki, məcburi deyil. İanə məcburi olan şeydir? Bu bizim qardaş və bacılarımıza dəstək üçün könüllü keçirilir. Siz kimisə məcbur edərək ianə verdirə bilərsiniz? Əlbəttə ayıb söhbətdir, belə şey olarmı?”

Gənc Müəllimlər Assosiasiyasının (AGMA) idarə heyətinin sədri Rüfət Əsədzadə deyir ki, kampaniya tamamilə könüllüdür.

Onun sözlərinə görə, insanlar həm birbaşa, həm online, həm bank rekvizitləri vasitəsilə, həm də ərizə formasını doldurmaqla yardım edə bilərlər:

“Bu tam könüllüdür və pul yığılmır. Sadəcə dəstək olmaq istəyən şəxlər mühasibatlığa yaxınlaşaraq, ərizə yazıb, dəstək ola bilərlər. Ərizə forması da saytımızda var. Bu, tamamilə bizim təşəbbüsümüzdür, sadəcə Elm və Təhsil Nazirliyinə müraciət etmişik ki, təhsil müəssisələrinə məlumat verilsin, belə bir kampaniya var, kim istəsə, iştirak edə bilər. Əgər bundan kimlərsə sui-istifadə edirsə, bizim qaynar xəttlərimiz var, ora məlumat verilə bilər” – deyə Rüfət Əsədzadə bildirib.

Ümumilikdə nə qədər yardım toplanması ilə bağlı suala cavab olaraq İH sədri bildirib ki, bununla bağlı məlumat açıqlanacaq.

Haldun Novruzzadə bildirib ki, “Azərsu” ASC-nin əməkdaşları ona yazaraq maaşlarından Türkiyəyə yardım üçün məcburi 10 manat tutulduğunu bildiriblər.

“Azərsu”-nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Abzas Media-ya bildirib ki, onlarda yardım məcburi yox, könüllüdür:

""Azərsu" ASC-nin kollektivi artıq yardım edib. Yardım kollektiv şəkildə olub və əməkdaşların əksəriyyəti iştirak edib. Onlar könüllülük prinsipilə yardım ediblər".

Səhiyyə Nazirliyindən bildirdilər ki, onlara tabe olan müəssisələrdə Türkiyəyə ümumiyyətlə ianə yığılmayıb.

Asan Xidmətdən isə məlumat veriblər ki, onlarda məcburi ianə yığılmır, yardımlar könüllüdür.

Hüquqşünas Yalçın İmanov deyir ki, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü bəndinə görə, işçinin əmək və məzuniyyət haqlarının, digər ödənişlərinin ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manata qədər cərimələnir.

"Bu təbii ki, Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır. İanə könüllü ödənilir, əgər işçi buna razı deyilsə, ödəmə də tutula bilməz"- Yalçın İmanov bildirib.

Hüquqşünas əlavə edib ki, vətəndaşlar əmək haqqından qanunvericiliklə nəzərdə tutulmayan ödəmələrin çıxılması barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilərlər.
//Abzas Media//
Geri qayıt