Əsas Səhifə > Sosial, Manşet > Aqronom ingilis dili dərsi keçir, xadimə sinif rəhbəri olub...
Aqronom ingilis dili dərsi keçir, xadimə sinif rəhbəri olub...20-04-2023, 09:10 |
Gəncə şəhər sakini Zeynalova Elvira Oruc qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə İngilis dili müəllimi kimi fəaliyyət göstərən E.Zeynalovanın məktubunu olduğu kimi oxuculara təqdim edirik: “Təhsil ocağı, əsasən də orta məktəbə əbəs yerə təlim-tərbiyə ocağı demirlər. Bəllidir ki, orta məktəbdə keçirilən təlim prosesinin müvəffəqiyyətlə başa çatması gənc nəslin gələcəkdə layiqincə formalaşmasına gətirib çıxarır. Beləliklə, qısaca olaraq deyə bilərik ki, orta məktəbdə keçirilən təlim-tərbiyə prosesinin sonunda gələcəyimizin qarantı olan gənc nəslin yetişdirilməsinə, formalaşmasına gəlib çıxmış sayılırıq. Bir sözlə, orta məktəbdə gənc nəslin gələcək həyatda vətəndaş olaraq formalaşmasının təməl daşı qoyulur. Mən, Zeynalova Elvira Oruc qızı da, 15.0.2004-cü ildən Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışıram. Az öncə qeyd etdiyim kimi, məktəb təlim-tərbiyə ocağıdır, ancaq mən işləməyə başladıqdan az sonra daxildə nələrin baş verdiyini gördüm. O zamanlar da qanun pozuntuları var idi. İndi də 9, 10, 11-ci sinif şagirdləri məktəbə gəlmir (artıq bu bütün məktəblər üçün adı hala çevrilib), mən şagirdlərin dərsə davamiyyətini sinif rəhbərlərindən, rəhbərlikdən tələb etdikcə valideynlərlə rəhbərlik anlaşma qurub məni onlarla üz-üzə qoyurdular. Hətta rus bölməsində işləməyimmə baxmayaraq, müəllimlər otağında Azərbaycan bölməsinin direktor müavini Zenfira Sülüymanova tərəfindən döyülmüşəm də. Eyni zamanda, dərs davamiyyəti tələb edərkən dəfələrlə tənqidlərə məruz qalmışam. Bu hadisələr atamın şəkər xəstələri üçün nəzərdə tutulan xəstəxanada yatdığı zamana təsadüf edir. Mən ailədə yeganə qız övladı olduğum üçün atamın qayğısına qalmalı olurdum. Döyülmə baş verən günsə xəstəxanadan birbaşa məktəbə gəlməli oldum, dərsə 5 dəqiqə gecikməm buna bəhanə oldu. Xatırladığım məqamlardan bir müddət keçdi və çalışdığım məktəbin müdiri dəyişdi. Ancaq bu dəfə də məktəbin bəxti heç gətirmədi. Belə ki, məktəbə təyin olunan Mətanət Qarayeva nəinki qanun pozuntularını aradan qaldırmadı, əksinə, qanun pozuntularını davam etdirdi, özü də necə. Belə ki, diplomu saxta olanlar işə qəbul edildi, Kənd Təsərrüfatı İnstitunun aqronomluq fakultəsini bitirən ingilis dili dərsi, Texnologiya Universitetini bitirən musiqi dərsi deməyə başladı. Bir sözlə, Mətanət Qarayeva peşəsi ilə diplomu uyğun gəlməyən müəllimlərə yetərincə dərs verdiyi halda, ixtisasçılar kənarda qalırdı. Məktəbə xadimə, kargüzar kimi götürdüyü işçilər sinf rəhbəri olmaqla bərabər, üstəlik siniflərdə dərs deyirdi. Direktorun xahişi əsasında məktəbdə mənə hücuma keçdilər Elvira Zeynalova Pedaqoqika və pisixologiyadan anlayışı olmayan insanlara necə sinif rəhbərliyi həvalə etmək olar? Sərhəd kecmiş müəllimə necə maaş yazmaq olar? Ən maraqlısı da budur ki, Mətanət Qarayeva bütün bunları Təhsil İdarəsinin kecmiş müdiri Zakir Hüseynovun vaxtında başlayıb və Anar Qədiməliyevin vaxtında davam etdirib. Onda ortaya sual cıxır: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev müəllimlərin dərs bölgüsünə nəzarət edir, ya yox? Nədən Anar Qədiməliyev bu müddət ərzində bunlara göz yumub? Nədən Təhsil İdarəsinin Maliyyə şöbəsi bu qanunsuzluqlara göz yumub və saxta maaşlar yazılıb? Tutaq ki, direktor qanunsuz olaraq dərs yükünü kimə gəldi döşəyib yazır, bəs mühasib hara baxır?! Bu gün bizə ölkə başçısının yerlərdə tapşırıqlarını layiqincə yerinə yetirən rəhbər işçilər gərəkdir. Hansı ki, onu bu gün görə bilmirik. Nəyə görə belə dedim? Ona görə ki, Ulu Öndərə sevgi və sayqımızı göstərmək üçün keçirmək istədiyimiz tədbirə 1500 manat istənilir, bununla bağlı şəhərdə söz deməyə adam tapmırsan. Bəs, hanı ölkə başçısının bu şəhərdə, yerlərdə tapşırığını yerinə yetirən məmur? Bu gün təhsil sahəsindəki özbaşınalıqlar ayaq tutub yeriyir, baxan, tədbir görən yoxdur. Ötən ilin, yəni 2022-ci ilin iyun ayının 21-də Mətanət Qarayeva dərman içərək özünü öldürmək istədi. Düşünürəm ki, bir məktəb müdirinin dərman içməsi onun psixoloji durumunun yerində olmamasından xəbər verir və ya nədənləri olub. Hadisənin baş verməsi isə məktəbdə təhsil alan şagirdlər üçün heç də yaxşı örnək deyildi. 21.10.2022-ci il tarixdə Mətanət Qarayeva vəzifəsində etdiyi nöqsanlara görə işdən azad edildi və hazırda bununla bağlı Gəncə şəhər Prokrorluğunda araşdırma gedir. M.Qarayevanın yerinə müvəqqəti müdir təyin edilsə də, İ.Qayıbov adına 1 npmrəli tam orta məktəbin bəxti gətirmədi. Növbəti əvəzedici müdir kim oldu: Anar Qədiməliyevin əmisi nəvəsinin qaynanası. Hansı ki, o, yəni təlim-tərbiyə üzrə direktor müavini Məmmədova Nüşabə Zakir qızı müvəqqəti müdir kimi təyin olunmazdan bir necə gün öncə Elim və Təhsil nazirinin Daxili Nəzarət Şöbəsi tərəfindən siddətli töhmət almışdı. Yeri gəlmişkən, Nüşabə Məmmədova həm də İ.Qayıbov adına orta məktəbin sabiq direktoru Məmmədov Müsəddinin gəlinidir. Beləliklə, Anar Qədimalıyev Nüşabə Məmmədovanın çoxdankı arzusunu həyata keçirmiş oldu. Dəyişən nəsə yoxdu, yenə də aqronom ingilis dili, baytar, texnoloq isə musiqi dərsi deyir, MİQ-dən keçən müəllimlərsə iş axtarır”. (Ardı var) //hurriyyet.az// Geri qayıt |