Əsas Səhifə > Sosial, Manşet > “İcra başçısının muavini Mikayıl Cəfərzadə torpağımızı əlimizdən alır”
“İcra başçısının muavini Mikayıl Cəfərzadə torpağımızı əlimizdən alır”10-05-2023, 09:41 |
Lənkəran rayonu, Cil kənd sakini, 1993-cü ildən YAP-ın üzvü olan Tağızadə Fərahim Vahab oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edib: “Hörmətli Prezident” Çıxışlarınızda dəfələrlə qeyd etmisiniz ki, əgər görsəniz, rəhbər işçilər, məmurlar qanunsuz işlər görürlər, bu barədə məlumat verin, xəbər göndərin, yazın. “Qanunun aliliyi bizim üçün başlıca şərtdir, heç kimə imkan verməyəcəyik ki, qanunlarımızı pozsunlar. Əgər məmur özünün şəxsi maraqlarını təmin etmək üçün hansısa qanunsuz əməllər törədirsə, mütləq qanunla cəzasını alacaqdır. Heç bir toxunulmaz şəxs yoxdur”, - deyə bildirmisiniz. Məlumat üçün bildirim ki, kəndimizdə 7 nəfər şəhid var, 6 şəhidin ailəsi Cil kəndində yaşayır. Kərimova Hürnisə Şahrza qızı uzun illər Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsi, ev 22-də qeydiyyatdadır və orada yaşayır. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 2016-cı ildə Lənkəran-Astara magistral yolunun Səpnəkəran kəndi ərazisində 0,64 sot torpaqda əkilmiş hazır sitrus bağını təmənnasız olaraq şəhid ailəsi Kərimova Hürnisə Şahrza qızına vermişdir. Həmin torpaq sahəsi sonradan Kərimova Hürnisə tərəfindən satılmışdır. Eyni zamanda, 2019-cu ildə əmim oğlu Tağıyev Ağayar Baxşı oğlu ailəsinə məxsus pay torpağından Kərimova Hürnisə Şahrza qızına təmənnasız olaraq bağışlamışdır. Kərimova Hürnisəyə məxsus 0,068 sot torpaq sahəsinin yanında mənə məxsus 0,107 və Tağıyev Ağayar Baxşı oğluna məxsus 0,50 sot torpaq sahəsi mövcuddur. Çox təəssüf ki, Kərimova Hürnisə Şahrza qızı, Şağlaser Bələdiyyəsi Nəhmətov Rza Sənan oğlu və havadarları birləşərək zorla mənim torpaq sahəmi zəbt etmək istəyirlər. Həmin ərazidə Kərimova Hürnisə Şahrza qızının adına 0,068 sot torpaqdan başqa heç bir sənəd yoxdur, varsa təqdim etsinlər. Lənkəran 10 saylı DƏDRX tərəfindən həmin torpaq sahəsi dəfələrlə ölçülmüş və nişan qoyulmuşdur. Hansı ki, bu torpaq 40 ildən yuxarıdır bizim istifadəmizdədir. Lakin Lənkəran şəhər İcra Hamkimiyyəti başçısının muavini Mikayıl Cəfərzadə polis gücü ilə torpağı əlimizdən alır. Bu qanunsuzluqlar barədə ölkə başçısına teleqram və məktublar yazmışam. Lakin həmin məktublar Mikayıl Cəfərzadənin stolundan o tərəfə keçməyib. Hətta Mikayıl Cəfərzadə şəxsən özu sahəyə gələrək, qanunsuz akt tərtib edib. O, nə deyirsə, şübhəsiz, yerli məmurlar da onu deyir. Bələdiyyənin həmin ərazidə heç bir torpağı yoxdur. Guya, M.Cəfərzadənin iştirakı ilə tərtib olunan və bildirilən torpaq sahəsi bələdiyyəyə məxsusdur. Əslində, dedikləri 0,80 sot torpaq sahəsinin reyestr çıxarışları vardır. Çıxarışda 0,65 sot torpaq sahəsinin Hüseynov Qadir Nadir oğlunun, 0,068 sot ərazinin şəhid anası Kərimova Hürnisə Şahrza qızının, 10.7 sot ərazinin Tağızadə Fərahim Vahab oğlunun, 0.60 sot torpaq sahəsinin isə Tağıyev Ağayar Baxşı oğlunun adına olduğu göstərilir. Bələdiyyənin həmin ərazidə torpaq sahəsi yoxdur. Şəhid anası Hürnisə Kərimova hətta oğlanlarımızı şərləyərək həbs etdirəcəyini bildirdi. Məgər ölkədə “şah qanundur, yoxsa qanun şahdır”? Əlbəttə, qanun şahdır, mən buna əminəm. Əgər bələdiyyənin həmin ərazidə və yaxud yanında torpağı varsa, qanunla məhkəməyə müraciət etməlidir. Bələdiyyənin Lənkəran rayonu, Cil kəndində kəndin ehtiyat fonduna daxil olan ümumilikdə 7 hektar torpağı vardır. Amma R.Nəhmətov bu əraziləri öz şəxsi mülkü hesab edir. Yaxşı olar ki, həmin torpaqlar şəhid ailəsinə və qazilərə verilsin. Amma torpaqları öz adamlarına istifadəyə verib, pulunu alır. Həmin torpaqların hansı məqsədlə istifadə olunduğu, daxil olan vergilərin hara xərcləndiyi barədə hesabat istəyən yoxdur. Cənab Prezident! Bir daha Sizdən xahiş edirəm ki, məmurların özbaşınalığına son qoyulmasına və məni sənədlərimlə bir yerdə qəbul edib, haqqın bərqərar olumasına yardımçı olasınız”. Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”// Geri qayıt |