Əsas Səhifə > Sosial, Manşet > Biləsuvarda torpaq oğruları PEYDA OLUB...

Biləsuvarda torpaq oğruları PEYDA OLUB...


17-05-2023, 08:14
Biləsuvarda torpaq oğruları PEYDA OLUB...
Biləsuvarın Səmədabad kənd sakini Nabatəli Qulam oğlu Pələngov dələduzluqla üzləşdiyini deyir.

Vətəndaş Meydan TV-yə deyir ki, 1998-ci ildə kənd ərazisindən ona verilən 5,75 hektar pay torpağını sənədləşdirmək istəyib.

"Çıxarış almaq üçün lazımi sənədlərimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Biləsuvar Rayon Şöbəsinə təqdim etdim. Ərizənin son icra tarixi 2023-cü il mayın 9-u olmasına baxmayaraq, ona heç bir rəsmi cavab verilmədi. Mayın 10-da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin "Qaynar xətti”nə zəng etdim. Bildirdilər ki, ərizəyə baxılmır. Çünki sənədimdə qeydə alınmış 5,75 hektar sahədən 66 sot çatmır”, – Nabatəli Pələngov deyir.

"Dedilər ki, torpaq azalıb. Bu qar deyil ki, yaz gələndə ərisin. Torpaq necə azala bilər? Cavab verirlər ki, belə hallar olur. Mən də dedim ki, bu ölçünü və qeydiyyatı dövlət məmurları aparıblar. Sağdan və soldan qonşularımla sərhədim var. Cavab verdilər ki, guya o vaxt səhv ölçülüb”, – o bildirib.

Vətəndaşın sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsindən ona iltizam yazaraq 66 sotdan imtina etməsi tələbi qoyulub: "Söhbət təkcə məndən getmir. Kənddə bütün pay torpağı olan adamlardan bunu tələb edirlər. Çox ciddi şübhələr var ki, vətəndaşların pay torpaqlarından müəyyən hissəni kimsə ələ keçirmək istəyir. Bu, Prezidentin kənd təsərrüfatında çalışan insanlara göstərdiyi qayğıya məmurların cavabıdır”.

Nabatəli Pələngov bildirir ki, aidiyyəti qurumlar məsələyə baxmadığı üçün iqtisadiyyat naziri Mikayıl Cabbarova məktub yazıb: "İndi mən notarial qaydada guya çatmayan 66 sot torpaqdan imtina etməliyəm. Əgər, doğrudan da, torpaq əskikliyi vardısa, bəs nəyə görə bizdən iltizam alırlar ki, torpaqdan imtina edin? Nəsə bu məsələdə böyük oliqarxların əlini görürürəm. Bir deyil, beş deyil. Həmin kənd qoyunçuluq sovxozu olub. Ərazisi də tükənməzdir. Tutaq ki, o vaxt səhv ölçülüb. Onda çatışmayan torpaq əsasında çıxarışın verilməsi məcburidir. Buna görə də biz imtina ərizəsi yazmalı deyilik”.

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Biləsuvar Rayon Şöbəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsindən Meydan TV-nin zənglərinə cavab verilməyib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Kamal Şahbazov Meydan TV-yə bildirib ki, pay torpaqlarının verilməsi yerli icra hakimiyyəti deyil, Aqrar İslahat Komissiyası tərəfindən verilib: "Ölçünü də onlar aparıb. Sonradan Aqrar İslahat Komissiyası ləğv olunub”.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin mətbuat xidməti Meydan TV-nin sorğusunu cavabsız buraxıb.
//Meydan TV//

Biləsuvarda torpaq oğruları PEYDA OLUB...
Biləsuvarda torpaq oğruları PEYDA OLUB...
Biləsuvarda torpaq oğruları PEYDA OLUB...
Geri qayıt