Əsas Səhifə > Sosial, Manşet > "1000 manatı götürdü, amma sənədi düzgün yazmadı..."

"1000 manatı götürdü, amma sənədi düzgün yazmadı..."


16-06-2023, 10:10
"1000 manatı götürdü, amma sənədi düzgün yazmadı..."
Mingəçevir şəhər sakini Məmmədova İlahə Seyfəl qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. O, bacısı Məmmədova Mətanət Seyfəl qızının pensiyasının kəsilməsinə etiraz edir:

"Mən, Məmmədova İlahə Seyfəl qızı, yazaraq sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırasınız.

Bacım Məmmədova Mətanət 1984-cü ildə anadan olub. 5 il Maştağa ruhi əsəb dispanserində, daha sonra Şəki ruhi və əsəb dispanserində yatıb. Hal-hazırda Mingəçevir şəhəri Ruhi əsəb dispanserində qeydiyyatdadır.

2003-cü ildən pensiya alırdı. 2020-ci ilin fevral ayından bacımın pensiyası kəsildi. Bununla yanaşı, dərmanlarını da vermədilər.

Mingəçevir şəhər ruhi dispanserin həkimi Rafael Zeynalovun yanına getdim, bacımın vəziyyətinin necə olacağını soruşdum. Mənə “bacınızın pensiyası kəsilibsə, dərmanları da verə bilməyəcək”, - dedi.

Anam Rafael Zeynalovun qəbulunda oldu, 1000 manat pul verdi və xahiş etdi ki, sənədi düzgün yaz, sən bunun necə xəstə olduğunu bilirsən. 1000 manatı götürdü, amma sənədi düzgün yazmadı. Belə bir xəstəni dərmansız mən necə saxlayım?!

Bacımı Bərpa Mərkəzinə apardım, orada da sənədlərimizə baxmadılar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub yazdım. Cavab gəldi ki, xanıma kömək edilsin. Rafael həkim buna məhəl qoymayaraq, “Mehriban xanım mənə nə edə bilər?”,- dedi. Xahiş etdim, yalvardım ki, Mehriban xanımdan yox, Allahdan qorx, bu sənədi olduğu kimi yaz. Çünki xəstənin vəziyyətini o, yaxşı bilir. Dərmanları kəsilib, hər yerdən almaq olmur. Aptek icazə olmadan satmır, satanlar da baha satır, almağa imkan yoxdur.

10 ildən sonra ömürlük olmalı idi, kəsdilər. Biz kimə hara müraciət edəcəyimizi bilmirik”.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt