Əsas Səhifə > Sosial, Manşet > Nazir müavininin tamah saldığı obyektdə daha bir QALMAQAL...
Nazir müavininin tamah saldığı obyektdə daha bir QALMAQAL...21-08-2023, 09:56 |
DİA.AZ: - Keçən həftə bir şikayət materialını təqdim etmişdik. YAZISI BURADA: “Nazir müavini “obyekt”imi əlimdən alır” - İş adamı Novruz Gülməmmədov ÇIXILMAZ DURUMDA Məlumatdan aydın olurdu ki, Ağsu rayonunda fəaliyyət göstərən “Şöhlətoğlu” İstirahət Mərkəzinin sahibi, iş adamı Novruz Gülməmmədov Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimovu onun obyektini ələ keçirmək istədiyini iddia edir. DİA.AZ olaraq onu da xəbər vermişdik ki, bu iddia ilə bağlı keçən həftə sahibkar tərəfindən mətbuat konfransı da düzənlənmişdi. Bu dəfə isə sözügedən obyekt ətrafında tamam başqa bir qalmaqal cərəyan etməkdədir. DİA.AZ bildirir ki, bu barədə azerinfo.info saytı bir material təqdim edib. Həmin materialda qeyd olunur: “2014-cü ildən Ağsu rayonu ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarında tikilərək 2015-ci ildə fəaliyyət göstərməyə başlayan “Şöhlətoğlu” ailəvi istirahət mərkəzinə əslən Laçın rayonundan olan təcrübəli iş adamı Novruz Gülməmmədov rəhbərlik edir. Ötən illər ərzində həm zəhmət, həm də xeyli vəsait sərfi hesabına infrastrukturu təkmilləşdirilən obyektin fəaliyyəti müştərilərdə məmnunluq, xidmətin keyfiyyəti razılıq doğururdu. Ancaq çox təəssüf ki, Novruz müəllimə elə öz laçınlısı, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində qeydiyyaytda olan Əsədov Adil Əsəd oğlu aldadıb. Dələduzluqda təqsirləndirilən Adil Əsədov daha kimlərin pulunu mənimsəyib? - cənab Prezidentimizin nəzərinə Administrator kimi işə cəlb olunan Adil istirahət mərkəzinə 32000 (otuz iki min) manat ziyan vurub. Bu üzdən müəssisə təmsilçiləri kimi Gülməmmədov Novruz Şöhlət oğlu və Ağamalıyev Tohid Əliş oğlu ondan şikayətçidirlər. Hal-hazırda onların şikayəti üzrə açılan iş Ağsu rayon məhkəməsindədir. Əsədov Adil Əsəd oğlu AR Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4 maddələri ilə təqsirləndirilir. Bundan başqa, Adil Əsədov istirahət mərkəzinə işə cəlb etdiyi zəhmətkeş insanları da aldatmış, işlədərək pullarını verməmiş, 30-a dək şəxsə müxtəlif məbləğlərdə ziyan vurmuşdur. Zərərçəkmiş Qurbanova Sürəyya Əyyub qızı Goranboy rayon qeydiyyatındadır. Deyir ki, ailə başçısını itirəndən sonra tənha ana kimi oğlunu min əzaba qatlaşmaqla böyüdüb. İndi də nəvələri ilə qayğılanır. Deyir ki, Mingəçevir şəhərində kafelərin birində baş aşpaz işləyirmiş. 2019-cu ilin mart ayında Adilin yağlı vədlərinə aldanaraq iş yerini “Şöhlətoğlu”ya dəyişir. Adil ona ilk iki ayın maaşını ödədikdən sonrakı vaxtda ödənişi qırıq-qırıq etməyə başlayıb. Ən nəhayət, ümumiyyətlə ödəniş etməyib. Ümumilikdə 560 (beş yüz altmış) manat zəhmət haqqını mənimsəyib. Zənglərə cavab verməyib, telefonu açanda isə təhqiramiz ifadələrlə cavab verib, “get, hara istəyirsən, şikayət et” deyib. Sürəyya xanım Adili polisə şikayət edib. Daha sonra iş prokurorluğa, nəhayət, Ağsu rayon məhkəməsinə ötürülüb. Ağcabədi rayonunun Təzəkənd kənd sakini İbrahimov Fərahim Ərziman oğlu da Adilin toruna düşüb. Fərahim onun təklifi ilə “Şöhlətoğlu” istirahət mərkəzinə işə girib. İlk iki həftənin məvacibini verib, sonrakı müddətdə işlədiyinin haqqını isə ödəməyib. Üst-üstə 1300 (bir min üç yüz) manat pulunu mənimsəyib. Redaksiyamıza göndərdiyi video-müraciətində F.İbrahimov Ağsu rayon məhkəməsindən ədalətli qərar gözlədiyini deyir. Hörmətli oxuculardan xahiş edirik ki, fotoşəklini təqdim etdiyimiz Adil Əsədovdan ziyan görən şəxslər varsa, redaksiyamıza xəbər versinlər". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |