Əsas Səhifə > Sosial, Manşet > Hacıqabulu abadlaşdıran şirkət kimindir?
Hacıqabulu abadlaşdıran şirkət kimindir?31-08-2023, 08:35 |
Hacıqabul rayon İcra Hakimiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub. Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətinin "2023-cü ildə Hacıqabul şəhərində abadlıq işləri" lotu üzrə keçirdiyi tenderdə "VİKTORY CONSTRUCTİON GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. Tenderin məbləği 142.134 manatdır. "VİKTORY CONSTRUCTİON GROUP" MMC 2022-ci ilin aprel ayının 11-də təsis edilib. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi ev 2, mənzil 11, qanuni təmsilçisi isə Bədəlov Bəhruz Bayram oğludur. Hacıqabul rayonunda tender müqaviləsinə görə 2023-cü ildə abadlıq işləri aparacaq "VİKTORY CONSTRUCTİON GROUP" MMC-nin fəaliyyət profili, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi və mühəndis heyəti, maddi-texniki bazası barədə açıq internet resurslarında məlumata rast gəlinmir. Qlobal.az-ın əldə etdiyi məlumata görə "VİKTORY CONSTRUCTİON GROUP" MMC-nin qanuni təmsilçisi Bəhruz Bədəlov bir neçə il öncə mediada qalmaqallı açıqlaması ilə gündəmə gələn "Şabran-D" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cəlal Bədəlovun qardaşıdır. Cəlal Bədəlov həmin qalmaqallı açıqlamasında Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyovun Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştirakına razılıq vermək məqsədi ilə ondan pul istədiyini və onun da bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq M.Balabəyova 227000 (iki yüz iyirmi yeddi min) manat pul verdiyini iddia edirdi. Fəaliyyəti, maddi-texniki bazası və işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumat olmayan "VİKTORY CONSTRUCTİON GROUP" MMC-nin Şabran rayon İcra Hakimiyyətinin sifarişçi olduğu satınalmada hansı meyarlara əsasən qalib elan edilməsi bir sıra suallar yaradır. Qlobal.az məsələ ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyətindən mövqe öyrənib. Hacıqabul rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir: "Azərbaycan Respublikasında dövlət satınalmaları "Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparılır.Dövlət satınalmalarına nəzarəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.Satınalmalar elektron portal vasitəsilə, əksər hallarda açıq tender üsulu ilə şəffaf qaydada keçirilir.Tender iştirakçıları portal üzərindən aparılan bütün əməliyyatları, yazışmaları izləyə bilir.Tenderin nəticələri Dövlət Xidməti tərəfindən ciddi araşdırılır, əgər tender komissiyası hansısa xətaya yol veribsə, yaxud nəticələri düzgün qiymətləndirməyibsə, tenderin nəticələri ya ləğv edilir, yaxud da yenidən qiymətləndirmə tövsiyyə olunur. "Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.1-ci maddəsinin tələbinə əsasən ən aşağı qiymət təklifi vermiş ”Viktory Construction Group” MMC tenderin qalibi seçilmişdir. Hazırda yekun protokolu nəzarət qaydasında yoxlanılıb qeydiyyata alınması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmə mərhələsindədir. Yekun protokolu Xidmət tərəfindən qeydiyyata alınarsa MMC ilə satınalma müqaviləsi bağlanacaqdır". Xatırladaq ki, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur. O, 2019-cu ilin dekabr ayının 4-dən Hacıqabul rayonuna rəhbərlik edir. Qlobal.az Geri qayıt |