Əsas Səhifə > Sosial, Manşet > Zaur müəllimin bundan XƏBƏRİ YOXDURMU?

Zaur müəllimin bundan XƏBƏRİ YOXDURMU?


20-09-2023, 10:54
Zaur müəllimin bundan XƏBƏRİ YOXDURMU?
Biz bir media olaraq dəfələrlə yazmışıq ki, idarəetmədə paralellik cəmiyyətdə ciddi problemlər yaradır. Lap loru dildə desək, vətəndaşlar düşünür ki, Səhiyyə Nazirliyi varsa, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ( TƏBİB ) nədir, yaxud əksinə...? Və beləcə vətəndaşlar bu iki qurum arasında qalırlar. Yüzlərlə şikayətçi tanıyırıq ki, deyir TƏBİB-ə gedirəm, deyir bizlik deyil, Səhiyyə Nazirliyinə müraciət edin, yaxud əksinə, Səhiyyə Nazirliyinə gedirəm, deyir TƏBİB-ə müraciət edin... Bax, beləcə ölkə vətəndaşları obrazlı desək, ŞAP-la ŞUP-un arasında qalır... Bir neçə ildir yaradılmasına baxmayaraq TƏBİB və onun rəhbərliyi Azərbaycan səhiyyəsini bir neçə ildə az qala 100 il geri atıblar.
Təsəvvür edirsiniz, bu gün hansı xəstəxananın hansı quruma, Səhiyyə Nazirliyinə, yoxsa TƏBİB-ə tabe olmasını müəyyən etmək üçün 1 saat axtarış etməlisən. Bu hələ azmış kimi TƏBİB ona aid olan xəstəxanaları birləşdirib Allah qoymasa hüquqi şəxs - Tibbi Mərkəzlər yaradıb.
Sözün qısası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ( sədr Zaur Əliyev ) və onun tabeçiliyindəki TƏBİB ( icraçı direktor Vüqar Qurbanov ) ölkə səhiyyəsini öz şəxsi bizneslərinə çeviriblər.
Deməli, təcrübəli, savadlı kadrlar vəzifəsindən uzaqlaşdırılır, ancaq dost-tanış, qohum-əqrəba vəzifələrə gətirilir. Ən başlıcası isə Vüqar Qurbanovların istədikləri bir əldə cəmləşir. İndi konkret olaraq TƏBİB-in bəzi rüşvət və korrupsiya “proje”lərindən bəhs edəcəyik. Konkretlik üçün qeyd edək ki, dünyada 1000 doğulmuş uşaqdan 19-24-ü lal, kar olur. Azərbaycanda isə yaxın qohumların nigahı daha çox olduğuna görə, fiziki qüsurlu uşaqların doğulması faizi daha yüksəkdir. Bu uşaqlar adətən eşitmə cihazı taxır ki, onlar əlil qalmasın. Bu proses Azərbaycanda 2010-cu ildən tətbiq olunmağa başlayıb. Əvvəllər ildə 200 nəfər əməliyyat olunsa da, artıq belə bir limit yoxdur. Dövlətimiz vətəndaşlar üçün hər şey edir. Amma bəzi məmurlar öz şəxsi maraqları üçün bundan da milyonlarla qazanc götürürlər. Araşdırmalar nəticəsində məlum olub ki, bu cihazları ölkəyə gətirən TƏBİB-in direktoru Vüqar Qurbanova məxsus olan “Kochlear” şirkətidir. Bizdə olan məlumata görə, bu cür əməliyyatlar ən çox “Lor hospital”da həyata keçirilir ki, buranın sahibi də bəllidir. İcraçı direktoru Vüqar Qurbanovun yaxın dostu Hansiyar Babayevdir.
Qeyd edək ki, bu cihazlar Azərbaycanda dünyadakından tam 3 dəfə baha satılır. Vüqar Qurbanov bu limitin ləğvini TƏBİB-in direktoru olduqdan sonra etdi. Və bu yolla milyonlar qazanırlar. Guya bu boyda əməllərdən İcbari Tibbi Sıgorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevin xəbəri yoxdur..? Xəbəri var, özü də əla. İnsanların səhhəti üzərində şərikli biznes qurublar.
Təsəvvür edirsiniz, fiziki qüsurlu, lal-kar uşaqların üzərində biznes qurub milyonlar qazanmaq…Üstəlik bu cihazlar dünyadakı qiymətlərdən 3 dəfə baha… Bunlar başa düşmür ki, başqasının bədbəxtliyi üzərində qurulan nə varsa bir gün sahibinin başına uçacaq… Cənab Prezidentimiz əbəs yerə demir ki, xalqdan qorxmursunuz, barı Allahdan qorxun… Vüqar Qurbanovun tenderləri öz yaxınlarına satması və s barədə mediada çox yazıldığı üçün təkrar yazmırıq.
Bəli, TƏBİB rəhbəri Vüqar Qurbanov tender məsələlərində istəyinə nail olması üçün bütün var gücü ilə Yeni Klinikaya öz adamlarını yerləşdirməyə calışırdı və buna da nail oldu. Hazırda İTS-in tenderlərinin ən böyük qaliblərindən biri “Vitta” şirkətidir. Belə ki, bu şirkət ümumi məbləği 2 milyon manat dəyərindən artıq olan Endoskopik dəst tenderinin qalibi olub. Bəs bu şirkət kimindir və Yeni Klinika ilə bu tenderin hansı əlaqəsi var? Kiçik araşdlrmadan sonra məlum olur ki, tenderin qalibi elan edilmiş “Vitta” şirkəti Yeni Klinikanın direktor müavini İlqar Mustafayevin atası Valeh Mustafayevə məxsusdur. Bəs Yeni Klinika direktorunun İnzibati məsələlər üzrə müavini İlqar Mustafayev kimdir, harada təhsil alıb, hansı peşənin sahibidir? Nə qədər araşdırma aparsaq da, İlqar Mustafayevin rəsmi təhsili barədə heç bir məlumat əldə edə bilmədik. Bircə onu öyrənə bildik ki, İlqar Mustafayev bir müddət Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus “Astoria” klinikasında çalışıb. İlqar Mustafayev “Astoria” klinikasında işləyərkən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə külli miqdarda “pul atdığından” yanından uzaqlaşdırıb. Amma vəzifə pillələrində sürətlə irəlliləyən Mustafayevlərə bu dəfə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yaxından köməklik göstərib.
Onu da bildirək ki, Zaur Əliyevlə İlqar Mustafayevin qardaşı, Müdafiə Sənayesi nazirinin müavini Vüqar Mustafayev yaxın dostdurlar. Odur ki, aradan qısa bir müddət keçmir ki, İlqar Mustafayev Zaur Əliyevin dəstəyi ilə Milli Hematologiya Mərkəzinin İnzibati İşlər üzrə direktor müavini təyin edilib. Hematologiya Mərkəzi Səhiyyə Nazirliyinin tabeçiliyinə verildiyinə görə, İlqar Mustafayev 2022-ci ilin dekabr ayının 28-i tələsik şəkildə “Yeni Klinika” Publik Şəxsin direktor müavini təyin edilir. Belə təcili qərar üçün səbəb nə idi? Yeganə səbəb o idi ki, həmin zaman Yeni Klinikanın böyük tenderləri var idi. Beləliklə İlqar Mustafayevin orada olması şərt idi ki, atasına məxsus “Vitta” şirkəti oradan pay götürsün. Bütün bu məsələlərin hamısını koordinasiya edən isə TƏBİB rəhbəri Vüqar Qurbanov şəxsən özü idi. Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. REDAKSİYADAN: Daxil olan son məlumata görə, TƏBİB-də kadr dəyişikliyi olub. İnsan Resursları (HR) üzrə tanınmış mütəxəssis Günəş Qədimovanın əmək müqaviləsinə xitam verilib. TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun əmri ilə Emin Xasiyev TƏBİB-in İnsan Resurslarının İdarəedilməsi Departamentinə direktor təyin olunub. Qeyd edək ki, Emin Xasiyev bundan əvvəl Respublika Kliniki Xəstəxanasında rüşvətə görə xaric edilmişdir.
//gundelik-baku.com//
Geri qayıt