Əsas Səhifə > Sosial, Manşet > İş adamı kimi ortalıqdadır, amma...

İş adamı kimi ortalıqdadır, amma...


23-09-2023, 08:58
İş adamı kimi ortalıqdadır, amma...
"Hamam suyu ilə özünə dost tutmaq" özü "fırıldaqçı" adamların xüsusi "istedad"ıdır. Çox təəssüflər olsun ki, bu cür "xüsusi istedadlı adamlar"a iş həyatında tez-tez rast gəlirik. .

Bəzən ya bizim saflığımız, ya qarşı tərəfin güclü inandırma bacarığı, ya da mərhəmət hissimiz üzündən biz də aldanırıq.

Əslində bizim aldanmamızda biraz da qurumların mətbuat xidmətlərinin payı var. Çünki, zamanında ya telefona cavab vermirlər, ya sorğularımıza cavab vermirlər. Beləcə biz də bizə verilən məlumatları məlumat verənin dilindən yazmaq məcburiyyətində qalırıq. Məlumat yayımlandıqdan sonra barəsində bəhs edilən qurum başlayır qarşımıza dəlillər yığmağa ki, məsələ heç də şikayətçinin danışdığı kimi deyil.

Biz deyərkən, biz demək olar ki, bütün medianı nəzərdə tuturuq. Çünki, əminik ki, bu kimi hallarla həmkarlarımızın böyük əksəriyyəti qarşılaşıblar.

Təəssüflər olsun ki, belə bir hal ilə elə bu yaxınlarda biz özümüz də rastlaşdıq. Özünü yazıq, çarəsiz, haqlı ola-ola məmur tərəfindən güya süründürməçiliyə məruz qalandığını deyən "iş adamı"nın yalanlarına inanmış olduq.

Belə ki, təqribən bir ay əvvəl "DogruXeber.az" informasiya portalında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun barəsində başqa sayta istinadla bir tənqidi yazı yayımlanmışdı.

Məlumat portalımızda yayımlandıqdan bir neçə saat sonra özünü iş adamı kimi təqdim edən Müqayis Verdiyev adlı şəxs redaksiyamıza zəng edərək, məlumatı dərc etdiyimizə görə təşəkkür etdi.
Sual verdik, - "Sizin bu məsələlərlə nə kimi əlaqəniz var?".

Cavab verdi ki, - "O, yazıların hamısını mən yazdırıram".

Əlqərəz, bu adam bizimlə xeyli söhbətləşib, bizi inandırdı ki, Sumqayıt Bulvarını o, tikdirib. Zakir Fərəcov isə Bulvarı tikdirmək üçün xərclənən pulları geri ödəyəcəyini vəd etsə də 6 ildir ki, ödəmir.

Hətta, söhbət əsnasında dəfələrlə bildirdi ki, güya Zakir Fərəcov təkcə ona deyil, bulvarın tikintisi üçün xərc qoyan 640 nəfər iş adamına borclu qalıb və onların da içində güya "salamat qalanı təkcə budur, digərləri infarkt olub, iflic olub, şəkər xəstəliyinə belə tutulublar".

"DogruXeber.az"ın və "Kanal14"ün daimi izləyicisi olan bu adam, daim şəhid ailələrinin, qazilərin, ümumiyyətlə hüququ pozulmuş, çarəsiz vətəndaşların yanında olduğumuzu bildiyi üçün və mərhəmət hissimizdən, vicdanımızdan əmi olduğu üçün bizimlə danışarkən Bulvar tikintisində çalışan fəhlələrin də zəhmət haqqlarının Zakir Fərəcov tərəfindən mənimsənildiyini önə çəkərək, türkiyəlilər demiş, bizə "duyğu sümrüsü yapdı".

Fəhlələrə canı yanırmış kimi deyir, "yüzlərlə fəhlənin çörəyini kəsdi icra başçısı, heçolmasa onların zəhmətinin haqqını versin".

Söz yox ki, özünü "iş adamı" kimi təqdim edən bu adamın danışdıqlarını təktərəfli yayımlamadıq. Biz bütün deyilənlər barəsində qarşı tərəf olaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxladıq. Lakin, qurumun mətbuat katibi gah dedi, "məzuniyyətdəyəm", gah da göndərdiyimiz sorğuya qısaca, iddiaların doğru olmadığını yazıb göndərməsi, ətraflı açıqlama verməməsi məlumatların təktərəfli yayımlanmasına səbəb oldu.

Sonradan isə İcra Hakimiyyətinin açıqlaması və apardığımız əlavə araşdırmalardan bizə məlum oldu ki, sən demə bu özünü "iş adamı" kimi təqdim edən Müqayis Verdiyevin ömrünün yarısı həbsxanada keçib. Özü də hər dəfəsində məsələ pulla bağlı olub - hədə-qorxu ilə pul tələb etmə və sair maddələr ilə ...

Halbuki , bizimlə danışığı zamanı cəmi bir dəfə - onu da Zakir Fərəcovun sifarişi ilə həbs edildiyini, onun sifarişi ilə cəmi bir neçə gün həbsdə olduğunu deməklə, DİN əməkdaşlarına böhtan atmaqdan belə çəkinmədi. Hələ üstəlik onu da vurğuladı ki, "sifarişlə həbsdə olduğu" müddətdə "həbsxanada Heydər Əliyev adına muzey tikdirib. Onun ardından da dərhal həbsdən azad edilib".

Deyir, - "mən həbsdə olsam da çöldəki kimi idim, ayrıca otağım, telefonum əlimdə, oteldə dincəlirdim elə bil"...

Maraqlıdır, Müqayis Verdiyevin sözlərindən belə çıxır ki, Ədliyyə Nazirliyinin tabeliyində olan həbsxanalarda özbaşınalıq hökm sürür.

Həmçinin, bizimlə bir neçə dəqiqəlik söhbətində belə bir neçə dəfə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin adını çəkərək, dəfələrlə onu yanına çağırdığını, tez-tez "səmimi" görüşdüklərin,i yaxşı münasibətlərinin olduğunu, güya bunun məsələsinə Görə Kamran Əliyevin də Zakir Fərəcova qarşı acıqlı olduğunu, ona kömək edəcəyinə söz verdiyini də vurğuladı.

Yeri gəlmişkən, bu adam məqsədlərinə çatmaq üçün hətta, ölkə başçısının və birinci vitse-prezidentin adlarını belə yalanlarına alət edir. Bizə bildirdi ki, güya Prezident adminstrasiyasında çalışan və onun xətrini istəyən biri ona deyib ki, "məsələdən ölkə başçısı da, birinci xanım da xəbərdardır və Zakir Fərəcovu işindən azad edəcəklər".

Yeni əldə etdiyimiz məlumata görə isə bizə aydın oldu ki, bu adamın sən demə Zakir Fərəcovdan tələbi vəzifə imiş. "Gündəlik Bakı" saytında qeyd olunur ki, "heç beşinci sinifə qədər düz-əməlli təhsili olmayan bu adamın könlündən, sən demə "mer" olmaq keçirmiş".

Özünün pul borclu olduğu adamları da Zakir Fərəcovu şantaj etmək, məqsədlərinə çatmaq üçün əlində alət edib.

Qeyd edək ki, Zakir Fərəcovun barəsində gedən tənqidi yazıları özünün yazdırdığını iddia edən Müqayis Verdiyevin adı o yazıların heç birində hallanmır. Sürəkli şəxsi Facebook hesabında Zakir Fərəcovla birlikdə çəkdirdiyi fotoşəkillərini paylaşaraq, görünür ikili rol oynamağa çalışır. Bir tərəfdən İcra başçısının yadına bir vaxtlar yaxın olduqlarını salır ki, ondan şübhə etməsin, digər tərəfdən də media nümayəndələrinə göstərməyə çalışır ki, "baxın, bulvarın açılışında mən də varam, deməli mən tikmişəm".

Bir sözlə özünü tərifləmək üçün bütün dövlət qurumlarının - hüquq-mühafizə orqanlarının, Ədliyyə Nazirliyinin, hətta prezident administrasiyasının belə fəaliyyətinə qarşı sıravi vətəndaşlarda nifrət yaradan bu adam, bu danışıqları ilə "bu ölkədə pulun qanunlardan üstün olduğunu" iddia edir. Bu isə insanların dövlətə və dövlət qurumlarına inamını, etibarını şübhə altına alır.

Demək ki, artıq vaxtdır. Bundan sonra söz hüquq-mühafizə orqanlarınındır.

Mövzunu davam etdirəcəyik...

Hələ danışılası nələr var, nələr...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az

Geri qayıt