Əsas Səhifə > Sosial, Manşet > Telekanallar Qarabağ qazisini “şəhid” kimi təqdim edib…

Telekanallar Qarabağ qazisini “şəhid” kimi təqdim edib…


17-10-2023, 07:59
Telekanallar Qarabağ qazisini “şəhid” kimi təqdim edib…
DİA.AZ bildirir ki, Naxçıvan şəhər sakini Kərimov Saleh Tofiq oğlu "Hürriyyət"ə müraciətində ARB və ATV kanallarında müharibə qazisi olan oğlunun “şəhid” kimi təqdim edilməsinə etiraz edib. Şikayətçi deyir ki, bu məsələ hansısa əməkdaşın səhvi, yaxud məsuliyyətsizliyi nəticəsində ortaya çıxsa da, dəfələrlə müraciə etməsinə baxmayaraq, hər iki telekanal öz yanlışını düzəltmək istəmir:

"Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, problemimi ictimailəşdirin, bəlkə bir nəticə əldə edə bildik.

Diqqətinizə çatdırım ki, mən, Kərimov Saleh Tofiq oğlu, ARB və ATV kanallarında “şəhid” kimi göstərilən Kərimov Emin Saleh oğlunun atasıyam. Bu məsələ ilə əlaqədar indiyə qədər bir çox yerlərə müraciətlər etmişəm, lakin bir cavab ala bilməmişəm.

Oğlum xüsusi təyinatlı döyüşçü kimi müharibədə savaşaraq qazi olub və hal-hazırda Naxçıvanda yaşayır.

Qeyd etdiyim kimi, oğlum Kərimov Emin ARB və ATV kanallarında “şəhid” kimi təqdim edilib. Bu məsələ ilə bağlı hər iki telekanalla əlaqə saxlayanda, sadəcə, üzrxahlıq edirlər. Dəfələrlə xahiş etmişəm ki, o videonu düzəldin, silin və yaxud da təkzib videosu çəkin. Üzrxahlıq edirlər, “səhv olub” deyirlər.

Əslində, şəhid olan Sabirabad sakini Əzizbəy Muradovdur. Allah ona rəhmət etsin, ailəsinə səbr versin.

Telekanallar isə mənim oğlumun videosunu verərək, şəhid kimi göstərib. Bütün qohum-əqrəba, dost-tanış baxıb, narahat olur.

ARB kanalından xahiş etdim ki, təkzib verin, yaxud da o görütüləri silin. Deyirlər ki, olmaz, silə bilmərik.

Mən bir ata kimi bundan narahat oluram. İstəyirəm tamaşaçılar da bu gərçəyi bilsinlər.

Xatırladaq ki, 2021-ci ildə Naxçıvan televiziyasında Kərimov Emin Saleh oğlunun video görüntüsü yayılıb. Sonradan ARB və ATV kanalları şəhid Əzizbəy Muradov haqqında video hazırlayır və veriliş zamanı şəhidin yox, oğlumun video-görüntüsü televiziyada yayımlanır. Bunu bilən kimi kanallarla əlaqə saxladım, amma təkzib vermirlər.

Mən qazi atası kimi, istəyirəm nə şəhidin, nə də mənim oğlumun haqqına girməsinlər. Hər kəsin öz video-görüntüsünü versinlər.

Həmin videoda Eminin ifa etdiyi başqa musiqi, şəhidimizin ifa etdiyi isə tamam fərqli musiqidir.

Oğlumun arzusu olub, hər zaman deyirdi ki, Qarabağı ala bilsək, gedib orda “Qarabağ şikəstəsi”ni ifa edəcəm. Allah onu oğluma qismət etdi.

Sizlərdən xahişim budur ki, kömək edin, tele-kanallar oğlumla şəhidimizin video-görüntülərini düzgün şəkildə ictimaiyyətə çatdırsınlar”.

Telekanallar Qarabağ qazisini “şəhid” kimi təqdim edib…

Redaksiyadan: Məsələ ilə bağlı sözgedən telekanallarla əlaqə yarada bilmədik. Hər iki telekanalın mövqeyini dərc etməyə çalışacağıq.

Geri qayıt