Əsas Səhifə > Sosial, Manşet > İcra başçılarının KİTABI BAĞLANIR...
İcra başçılarının KİTABI BAĞLANIR...21-10-2023, 09:49 |
2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri sayəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Artıq Qarabağ tamamailə azaddır. Qarabağda yerləşən ərazilərimizin İcra hakimiyyətləri indiyə kimi Bakı və başqa rayonlarımızda yerləşib. Çünki bu torpaqlar işğal altındaydı. İndi isə belə bir problem yoxdur. İşğaldan azad olunmuş ərazilərin İcra hakimiyyətlərinin geri qayıtmasının planlaşdırılıb-planlaşdırılmadığı maraq doğurur. Eyni zamanda, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Prezidentin Xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. İcra hakimiyyətlərinin işğaldan azad olunmuş ərazilərə qaytarılması planlaşdırılırmı? Xüsusi Nümayəndəliklə, İcra hakimiyyətləri paralellik təşkil edirmi? DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, işğaldan azad olunmuş ərazilərin İcra hakimiyyətlərinin bu gün Bakıda və digər ərazilərdə yerləşməsi hələ ki daha məqsədəuyğundur: “Sözsüz ki, ərazilərdə insanların yaşaması üçün təhlükəsizliyin təmin olunması vacibdir. Bu gün həmin yerlərdə minaların partlaması, insanların məhv olması müşahidə olunur. Bu səbəbdən hələ ki icra orqanlarının Bakıda, eləcə də digər rayonlarda yerləşməsi məqsədəuyğun sayılır. Prezident İlham Əliyev Füzuli rayonunda olarkən bir daha qeyd etdi ki, bütün ərazilər abadlaşacaq. İnsanlar öz ata-baba yurdlarına qayıdacaqlar. Müəyyən proqramlar var. Sözsüz ki, 2026-cı ilə qədər işğaldan azad olunmuş ərazilərə insanlar mərhələli şəkildə qayıdacaqlar. Əgər insanlar həmin yerlərə qayıtmırlarsa, icra orqanlarının da həmin ərazilərdə fəaliyyət göstərməsi mümkün deyil. Çünki hələ rayonların əhalisinin 15-20 faizi qaytarılıb. Qalanları ayrı-ayrı rayonlardadır. İcra başçıları da həmin rayonlarla əlaqə saxlayır və insanların qayğıları, tələbləri ilə əlaqədar öz işlərini həyata keçirə bilirlər. Hesab edirəm ki, həmin rayonların sakinlərinin 50 faizindən çoxu qayıtdıqdan sonra müvafiq orqanlar da ora köçürülə bilər”. Tahir Rzayev qeyd edib ki, İcra hakimiyyətləri ilə Prezidentin Xüsusi Nümayəndəliyi arasında paralellik yoxdur: “İşğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndələri vətəndaşların tələb və arzuları ilə yox, yenidənqurma, bərpa işləri ilə məşğul olur. İcra Hakimiyyəti orqanları bu gün sırf vətəndaşlarla işləyir. İnsanların təklif və arzularını həyata keçirir və digər tədbirləri görürlər. Füzulidə də Prezidentin yanında xüsusi nümayəndə vardı. İcra başçıları tədbirlərə dəvət olunmurlar. Yerlərdə işlərin görülməsi bilavasitə o nümayəndələrdən tələb olunur”. Milli Məclisin Regional məsələlər komitəsinin digər bir üzvü Kamran Bayramov vurğulayıb ki, Prezidentin Xüsusi Nümayəndəliyi ilə İcra hakimiyyətlərinin iş sahəsi fərqlidir: “Bu gün işğaldan azad olunmuş ərazilərdə Prezidentin Xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Xüsusi nümayəndəliklər və onların aparatları bərpa-quruculuq, yenidənqurma işləri ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər. Eyni zamanda həmin ərazilərdə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların fəaliyyətini əlaqələndirirlər. Azərbaycanın istənilən inzibati ərazi vahidində olduğu kimi, işğaldan azad olunmuş rayonlarda da İcra hakimiyyətləri əslində fəaliyyət göstərməlidir. Ancaq işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində bizim soydaşlarımız hissə-hissə həmin ərazilərə qayıdır. Həmin rayonların tam bərpası, yenidənqurulması başa çatmasından, soydaşlarımızın öz yurdlarına tam qayıdışından sonra biz İcra hakimiyyətlərinin orada fəaliyyət göstərməsindən danışa bilərik. Xüsusi nümayəndəliklər ərazi üzrə, yerli İcra hakimiyyətləri əhali üzrə fəaliyət göstərən qurumlar hesab olunur”. K.Bayramov bu sahədə islahatların da keçirilə biləcəyini istisna etmir: “Biz mətbuatı izləyirik. İcra hakimiyyətlərinin ləğv olunacağı, statusunun dəyişəcəyi ilə bağlı müxtəlif fərziyələr və rəylər təqdim olunur. Bu baxımdan indiki mərhələdə işğaldan azad olunmuş ərazilərdə İcra hakimiyyətinin fəaliyyətindən danışa bilmərik. Orada əhali yoxdur. Çünki tam qayıdış başa çatmayıb. Orada abadlıq-quruculuq, yenidənqurma işləri getdiyi və ərazilər minadan tam təmizlənmədiyi üçün orada yerli icra orqanlarının fəaliyyətə başlaması məntiqə uyğun gəlmir. Həm də buna zərurət yoxdur. Düşünürəm ki, gələcəkdə soydaşlarımızın doğma yerlərinin hamısının qayıdışı təmin olunduqdan sonra yerli İcra hakimiyyətlərinin fəaliyyətindən danışa bilərik”. Geri qayıt |