Əsas Səhifə > Sosial, Manşet > Vəhabilər Azərbaycanda silahlı mübarizəya hazırlaşır – Tehran Bakını bu mövzuda xəbərdar etdi

Vəhabilər Azərbaycanda silahlı mübarizəya hazırlaşır – Tehran Bakını bu mövzuda xəbərdar etdi


26-02-2014, 10:04
Vəhabilər Azərbaycanda silahlı mübarizəya hazırlaşır – Tehran Bakını bu mövzuda xəbərdar etdi
DİA.AZ: - Vəhabilər Azərbaycanı da savaş meydanına döndərmək istəyir. Bu şok iddia ilə İran mətbuatı çıxış edib. Bildirək ki, ənənəvi olaraq Azərbaycan əleyhinə təbliğatı ilə seçilən İranın xüsusi xidmət orqanlarına yaxın “arannyus” portalı iddia edir ki, Suriyada, Əfqanıstanda və İraqda döyüş təcrübəsi toplayan azərbaycanlı vəhabilərin son hədəfi Azərbaycanda silahlı mübarizəyə qalxmaqdır və bütün bu savaşlarda iştiraklar həmin mübarizə üçün tədarük anlamını daşıyır.

DİA.AZ olaraq İran mediasında yer alan sözügedən informasiyanı diqqətinizə təqdim edirik:

“2013-cü ilin yayında Sumqayıt vəhabilərinin öz güclərini göstərmələri məqsədilə etdikləri ilk hərəkətin şahidi olduq. Bu şəhərin vəhabiləri burda yeni tikilmiş məscidi tamamilə öz idarəçiliklərinə keçirməyə çalışdılar. Bu şəhərin şiələrinin fəaliyyət və geniş iştirakının ardınca onların hərəkatı məğlubiyyətə uğradı.

Digər bir tərəfdən Suriyada vətəndaş müharibəsində iştirak edən azəri vəhabilərinə məxsus videonun yayılması və öz həmvətənlərini döyüşə çağırmaları onların artmaqda olan gücünü təsdiqlədi və eyni zamanda hakimiyyətə təhlükə xəbərdarlığı etdi. Bu video-çarxda Əbu Yəhya Azəri ləqəbi ilə tanınmış Sumqayıt sakini Nicat adlı şəxs özünü Suriyada döyüşən azəri qrupunun sərkərdəsi kimi təqdim edir.

Bir müddətdən sonra məlum oldu ki, bu vəhabi qrupları Sumqayıtın idman klubları tərəfindən ezam olunmuşdur. Əlbəttə, sonrakı aylar və vəhabilərin Suriyada iştirakının çoxalması ilə məlum oldu ki, Azərbaycanın bacarıqlı gəncləri bir gizli şəbəkə, idman klubları, çayxanalar və şəxsi mənzillərdə fəaliyyət göstərən adamların vasitəsilə cəzb olunaraq, Türkiyə yolu ilə Suriyaya göndərilir. Göndərilən şəxslərdən bəzilərinin ailələrinin dediklərinə əsasən, Suriyaya yollanan gənclər əvvəlcə Türkiyənin İstanbul şəhəri ətrafındakı villalarda təşkilatlanır və Türkiyə-Suriya hərbi təlim kursları gördükdən sonra Əl-nüsrə cəbhəsi çərçivəsində terrorçulara qoşulurlar.

Digər tərəfdən isə 2013-cü il 11 oktyabrda Sumqayıtda silahlı insident və bunun ardınca 15 nəfərin həbsi, bir neçə nəfərin yaralanmasından sonra rəsmi surətdə bildirildi ki, bu insident Sumqayıtda yaşayan sələfi və xəvaric camaatı arasında baş vermişdir. Bu xəbər və bunun ardınca Quba və Qusar rayonlarında radikal qrupların üzvlərindən bir neçəsinin həbs edilməsi Azərbaycanın təhlükəsizlik orqanlarını radikal vəhabi qrupları ilə təşkilatlanmış və ölçülmüş səviyyədə üzləşməyə məcbur etdi.

Bu hadisələrdən qabaq da Gəncədə MTN əməkdaşının öldürülməsi, Zaqatala, Balakən hadisələri, Eurovision müsabiqəsi ərəfəsində vəhabilər tərəfindən ölkə prezidenti İlham Əliyevi terror etmək planı Azərbaycanda təzəlikcə zühur etmiş radikal vəhabi qruplarının fəaliyyətinin təhlükəsinin səviyyəsini göstərirdi. Azərbaycanın radikal vəhabi qruplarına məxsus Meşə Qardaşları və Ceyşullah terror dəstələrinin Hacı Şahini terror etmək və digər təhdid mesajlarını verməsi vəhabi hərəkatlarının gizlin və geniş fəaliyyətlərindən xəbər verir.

2014-cü ilin əvvəlindən başlayaraq Suriyada terrorçulara qoşulmuş çoxlu sayda azərbaycanlıların ölüm xəbərləri yayıldı. Təkcə yanvar ayında 20-dən yuxarı Azərbaycan vətəndaşının ölüm xəbəri Suriyadakı müxalif qruplara bağlı ictimai şəbəkələr vasitəsilə yayıldı. Onlardan çoxu Əl-nüsrə terrorçu qrupu tərkibində döyüşənlər olub və DAİŞ və Əl-nüsrə terrorçu dəstələrinin bir-birinə qarşı döyüşlərindən həlak olublar.

Son xəbərlərə görə Suriyada terrorçulara qoşulmuş azərilərdən 100-dən çoxu həlak olmuşdur.

Habelə, bəzi məlumatlara görə Suriyada 400-dən yuxarı Azərbaycan vətəndaşı (təkfirçi və xəvaric vəhabiləri) terrorçu qrupların tərkibində Suriyanın mərkəzi dövlətinə qarşı döyüşür”.

Geri qayıt