Əsas Səhifə > Sosial, Manşet > Hakimiyyət içində yeni qovğa predmeti - İç qruplaşmaların yeni silahı

Hakimiyyət içində yeni qovğa predmeti - İç qruplaşmaların yeni silahı


1-03-2014, 13:39
Hakimiyyət içində yeni qovğa predmeti - İç qruplaşmaların yeni silahı
DİA.AZ: - Hakimiyyət daxilində bir münasibət gərgilməsi müşahidə olunmaqdadır. Hətta vəziyyət o həddə çatıb ki, artıq tərəflər bir-birilərini açıq şəkildə ittiham da edirlər. Mövzu isə… Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin nurçu və vəhabilərlə bağlı söylədiyi sərt açıqlamaların ardından yaranan gərginlikdən doğan ittihamlardır. Yəni hədəfə alınan bir sıra dövlət rəsmiləri, millət vəkilləri nurçularla işbirliyində ittiham olunurlar.

Hətta mətbuata «inci-azəri» imzası ilə müxtəlif informasiyalar da sızdırılır ki, bunların təsadüflərin quyruğuna bağlanması imkansızdır. Ən çox diqqətçəkəni isə bəzi mətbu orqanların hətta bu «faktların» reallıqdan uzaq olmasını bildiyi təqdirdə belə oyuna rahatlıqla, hətta demək olar ki, könüllü şəkildə getmələridir.

Yəni bir neçə gün əvvəl deputat Ceyhun Osmanlının nurçularla əlaqəsinin olmasını «sübutlayan» bir sənəd yayıldı. «Sənəddə» guya ki, Fətullah Gülən Ceyhun Osmanlıya maliyyə yardımının edilməsilə bağlı fətva vermişdi. Həmin «sənədi» ötəri olaraq nəzərdən keçirdikdə də aydın olurdu ki, Osmanlı türkcəsinin «erməni-budaq qolu» ilə yazılmış bu «sənəd» xüsusi olaraq hazırlanıb və konkret olaraq şantaj predmetidir.

Eyni qaydada Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov barəsində də anoloji «sənədlər» dövriyyəyə buraxıldı. Hətta Azərbaycan Müdafiə Naziri Zakir Həsənovun vəzifəyə təyin edilməsinə Fətullah Gülənin «sevinməsi»ni ehtiva edən bir səs yazısı da dövriyyəyə buraxıldı.

Proses bu gün də davam edir və hələ də davam edəcək. Görünəni budur. Görünməyəni isə daha maraqlıdır.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, əslində bütün bu materiallar eyni mərkəzdə hazırlanır və xüsusi göstərişlə, davamlı şəkildə mətbuata ötürülür. Kimi sensassiya xətrinə, kimi də tapşırığa uyğun olaraq bu məlumatları ictimailəşdirir. Çünki çəkilən adlar yetərincə səs-küy yarada biləcək həddə olduğundan bəzi media quruluşları planı cızanların maraqlarına uyğun qaydada və həm də müftə-müsəlləm addımlarını atırlar.

Aydın olanı odur ki, hakimiyyət içində konkret bir şəbəkə rəqiblərini nurçu damğası ilə zərərsizləşdirmə yolunu seçib. Ən maraqlı olan məqamlardan biri barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, hətta bu şəbəkənin ixtiyarında olan müxalifyönümlü jurnalistlər də var ki, onlar da prosesdən faydalanırlar.

Nə deyirik, bazar olsun…

Baş verənlərlə bağlı daha təfsilatlı yaxın vaxtlarda diqqətinizə ilginc araşdırma materialını təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt