Əsas Səhifə > Sosial, Manşet > Nazir icra başçısı olan qohumuna xəbərdarlıq etdi
Nazir icra başçısı olan qohumuna xəbərdarlıq etdi4-03-2014, 11:01 |
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, qohumları hakimiyyətin yuxarı eşalonunda təmsil olunan icra başçılarının durumları daha gərgindir. Hər halda, onlar vəzifə başında təkcə özlərini yox, həm də qohumlarını təmsil edirlər. Ən azından belə bir təəssürat var. Məsələn, Qubanın sabiq icra başçısı Rauf Həbibov Səfər Əbiyevin vəzifədən alınmasının nədəni kimi göstərilir. İsmayıllının keçmiş rəhbəri Nizami Ələkbərovun isə rayondakı qarışıqlığa nədən olması qardaşı Fizuli Ələkbərovun görəvdən alınmasına gətirib çıxardı. İndi isə eyni qaydada əmək və əhalinin sosial müdafiəsi naziri postunu hazırda məşğul etməkdə olan Səlim Müslümovun vəziyyəti problemlidir. Bildirək ki, Səlim Müslümovun yaxın qohumu olan Ənvər Seyidəliyev Ağsu rayon icra hakimiyyətinin başçısı vəzifəsindədir və zaman-zaman bu rayondakı gərgin durumla bağlı məlumatlar yerli mətbuatda yer almaqdadır. Və vəziyyət elə bir şəkil alıb ki, mediada «Səlim Müslümovun qohumu narazılıq yaradır» başlığı ilə hədəfə çevrilən Ənvər Seyidəliyevin nazir qohumuna ciddidən əngəl yaratdığı şübhəsizdir. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə anlaşılır ki, artıq yaranmış situasiyanın ağırlığı ƏƏSMN şefini də narahat etməyə başlayıb. Mənbənin bildirdikləri: «Bu günlərdə Səlim Müslümov dayısı olan Ənvər Seyidəliyevi rəsmən danlayıb və ona xəbərdarlıq edib ki, Ağsudan gələn istənilən bir şikayət onun nazir postundakı mövqelərini hədəfə alır. Əgər şikayətlər artacaqsa, Səlim Müslümov qohumunu nəinki müdafiə etməyəcək, hətta ilk «vuran» tərəf olacaq». Məlumatlı mənbə dia-az.life-a həmçinin onu da bildirib ki, yaxın günlərdə Ağsu rayonu ilə bağlı bir qalmaqallı hadisənin qarşısı məhz ƏƏSMN şefi tərəfindən alındığından icra başçısı olan Ənvər Seyidəliyevin belə bir xəbərdarlığı haqq etdiyini də söyləmək olar. Geri qayıt |