Əsas Səhifə > Sosial, Manşet > 11 saylı Regional Ekologiya İdarəsindən damğa necə oğurlanıb?
11 saylı Regional Ekologiya İdarəsindən damğa necə oğurlanıb?2-02-2024, 09:32 |
Masallı, Yardımlı, Cəlilabad meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı elektron mediada və sosial şəbəkələrdə son aylar adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlinir. Məlumatlarda sakinlər bu rayonlarda meşələrin kütləvi şəkildə qırılması ucbatından ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Qəribə orasıdır ki, sübut və dəlillərlə yayılmış video faktlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama vermir. Sanki bu meşələrin onlara heç bir aidiyyatı yoxmuş kimi. Məlum olduğu kimi ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də ağacların, meşələrin qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini dəfələrlə bildiriblər. Bu gün ölkəmizdə yeni yaşıllıqların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsinə, müxtəlif yerlərdə ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq ölkəmizin bəzi böyük meşə massivlərində qanunsuz ağac kəsilmələri hələ də davam etdirilir. Bunun səbəbi nədir? Meşələrin mühafizəsinə birbaşa cavabdeh olan qurumların diqqətsizliyi, yoxsa məmur özbaşınalığı? Azərbaycanda ana təbiətə biganəlik haradan başlayır? Təbii ki, qeyri peşəkar idarəetmədən və hərislikdən. Qeyd edək ki, sözügedən rayonların meşələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarət dairəsindədir. İdarənin direktoru Nəsimi Nəsibovdur. Onun bu vəzifədə nə vaxtdan çalışması barədə məlumat olmasa da bir diroktor kimi cavabdeh olduğu rayonların meşələrinin talan edilməsi ilə bağlı xəbərlər saysız hesabsızdır. Yardımlı meşələrinin vəhşicəsinə kütləvi şəkildə məhv edilməsi, Ləzir meşələrinin 1 saylı meşəbəyliyin 2A saylı dolayında yüzlərlə cavan ağac qanunsuz şəkildə meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilərək satılması, Cəlilabad meşəbəyliyinin 1, Göytəpə meşəbəyliyinin 13 və 16 saylı meşə dolaylarında ağacların kütləvi kəsilməsi, Masallı rayonunun Böyük Xocavar kəndindəki meşələrin məhv edilməsi ilə yayılmış və təkzib olunmamış video və foto faktlar da bu qəbildəndi. Ən son video materiallar isə bu günlərdə sosial şəbəkələrdə eko fəallar tərəfindən yayılıb. Videoda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin binasından N147 saylı damğanın oğurlandığı iddia edilir. Damğanın oğurlanması faktı İdarənin direktoru Nəsimi Nəsibova nələrin bahasına başa gələcək, bu günlərdə aparılan yoxlamalardan sonra bəlli olacaq. Qeyd edək ki, 11 saylı Regional Ekologiya idarəsinin nəzarətində olan meşələrin kütləvi şəkildə qırılmasının başında məhz direktor Nəsimi Nəsibovun və onun müavini Rahib Ağayevin durduğu barədə bir çox meşəbəyinin yuxarı instansiyalara etdikləri şikayətlərdə də öz əksini tapıb. Məlumatlara görə onların nəzarətində olan meşə massivlərində ağaclar qanunsuz kəsilərək parket, odun kimi satışa çıxarılır. Meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda Masallı, Yardımlı, Cəlilabad rayonlarında onlarla çox taxta-şalban və qapı-pəncərə sexinə ağaclar məhz 11 saylı Regional Ekologiya İdarəsinin direktor müavini Rahib Ağayevin göstərişi ilə daşındığı bildirilir. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin direktoru Nəsimi Nəsibov və müavini Rahib Ağayev meşə təsərrüfatı sahəsini özlərinin bir nömrəli gəlir mənbəyinə çevirmişlər. Təbii ki, Nəsimi Nəsibov bu yollarla yığılan pulları təkcə yemir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərinə də çatdırır. Nəticədə meşələrin mühafizəsi və bərpası qalıb bir yana, ərazidə ekoloji sistem məhv olunur. Bəs Muxtar Babayev nə edir? Yuxarıda qeyd etdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə başda Muxtar Babayev olmaqla bütün bu baş verənləri ancaq seyr edirlər. İndi tək nazir kimi deyil, həm də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti kimi. Məlum olduğu kimi Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin 7 yanvar 2024-cü ildə imzaladığı Sərəncamla COP29-un Prezidenti müəyyən edilib. Görək Muxtar Babayev həm nazir, həm də COP29-un Prezidenti kimi bu videolara baxıb necə münasibət göstərəcək. Aktualinfo.org Geri qayıt |