Əsas Səhifə > Sosial, Manşet > Bir qrup valideyn adından təhsil nazirinə səmimi müraciət - «Biz Sizə ümid edirik»…

Bir qrup valideyn adından təhsil nazirinə səmimi müraciət - «Biz Sizə ümid edirik»…


10-03-2014, 11:44
Bir qrup valideyn adından təhsil nazirinə səmimi müraciət - «Biz Sizə ümid edirik»…
DİA.AZ: - Mikayıl Cabbarov da bu 8 Mart günündə orta məktəblərdə pul yığımının qarşısını ala bilmədi. Əslində, belə olacağı gözlənilirdi də. Hər halda, keçmiş təhsil naziri Misir Mərdanovun küçümsənilməsi doğru deyil. Adam vəzifə başında olduğu 15 il ərzində elə bir korrupsiya və rüşvət piramidası ucaldıb ki, ondan sonrakı təhsil nazirinin bu piramidanı bir günün içində yıxması mümkün də deyildi. Bu da Azərbaycan təhsilinin dünya möcüzələri sırasına qatdığı bir hadisədir…

DİA.AZ-a müraciət edən bir qrup valideyn bildirir ki, Bakının az qala bütün orta məktəblərində eyni qaydada pul yığılıb. Valideynlər konkret olaraq orta məktəblərlə bağlı məlumat versələr də, biz durumun əslində bütün məktəblərdə eyni olduğunu nəzərə alaraq, faktları konkretləşdirmirik. Sadəcə olaraq valideynlərin təhsil nazirinə ünvanladıqları müraciətin mahiyyətini diqqətə çatdırırıq:

«Cənab nazir. Bizim hamımız demək olar ki, sovet dövründə təhsil almışıq. Və biz də yaxşı bilirik ki, övladlarımızın üzərində haqqı olan müəllimlərin zəhməti hər zaman qiymətləndirilməlidir. Amma bu qiymətləndirilmənin məcburi qaydaya salınması heç də müsbət hadisə deyil.

Biz ümid edirdik ki, siz nazir postuna təyin olunandan sonra bir gənc kadr kimi bu məsələyə diqqət yetirəcəksiniz. Amma görünür ki, hələ digər problemlərə daha çox vaxt ayırırsınız».

Valideynlər yazır ki, onlar qadın müəllimələrə hədiyyə verilməsinini tərəfdarıdırlar: «Biz buna razıyıq və sovet dövründə də özümüz müəllimələrimizi təbrik etmişik, hələ də həmin dönəmdəki sevincimizi unuda bilmirik. Yəni bir şagird üçün bundan zövqverici az nəsə tapılar.

Amma şagirdlərdən ən azından 50 manatdan pul yığılması artıq bizləri narahat edir. Çünki bu gün hamının dolanışıq səviyyəsi bərabər deyil və maddi imkanları yalnız özlərinin təminatına yetən valideynlər üçün 50-100 manat böyük məbləğdir».

Sonda valideynlər bir sıra faktları ifadə edərək, nazirə müraciət edirlər: «Xahiş edirik, bu cür məsələlərə diqqət yetirin. Qarşıda hələ bayramlarımız çoxdur. Nəzərə alın. Biz Sizə ümid edirik».

Onu da bildirək ki, valideynlər sitat kimi gətirdikləri faktlarda qeyd edirlər ki, 7-8 mart tarixlərində onları ön qapıdan məktəbə buraxmasalar da, müəllimləri «təbrik etmələri» üçün orta məktəblərin arxa qapıları aktiv idi… Yəni məqsədli olaraq…

Geri qayıt