Əsas Səhifə > Sosial, Manşet > "Nasosları və digər avadanlıqları “müstəqilləşdirib” həzm etdilər..."

"Nasosları və digər avadanlıqları “müstəqilləşdirib” həzm etdilər..."


15-05-2024, 09:43
"Nasosları və digər avadanlıqları “müstəqilləşdirib” həzm etdilər..."
Ağcabədi rayonunun bir qrup sakini adından “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. 3 kəndin sakinləri adından göndərilən müraciəti olduğu kimi dərc edirik:

“Agcabədi rayonunun bu 3 kəndində - Sarıcalı, Taynak və Poladlıda müstəqilliyimizi əldə edənə qədər qaz təchizatı mövcud idi. Müstəqilliyimizi qazandıqdan sonra, adəti üzrə əldən zirəng məmurlarımız qaz təchizatı borularını, nasosları və digər avadanlıqları “müstəqilləşdirib” həzm etdilər. O gündən bu günədək kəndlər qaz üzünə həsrət qalıb.

Onu da deyək ki, mənfur düşmənlərimiz torpaqlarımızı işgal etdiyi gündən bu yana bu kəndlər düşmənlə üz-üzə qalıb və sakinlər düşmənin atəşi altında yaşayıb. Bu kəndlərin ətrafındakı, dörd tərəfdəki bütün yaşayış yerlərinə qaz çəkilib və həmin kəndlərə qədər olan məsafə 4 kilometrdən də azdır. Buna rəgmən, sanki bu 3 kəndə kimsə qənim kəsilib və bu kəndlərə qaz verilmir ki, verilmir.

Millət vəkilimiz Aqil Abbas Milli Məclisə ilk dəfə deputat seçiləndə söz vermişdi ki, deputat olan kimi bu kəndlərin qaz problemi həll ediləcək. O vaxt hörmətli Aqil müəllim cavan oglan idi. Artıq Aqil müəllim də xeyli yaşlanıb. Amma bizim bu kəndlərin qaz problemi öz aktuallıgını, yəni “gəncliyini” bu günə kimi qoruyub saxlayır.

Agcabədi rayonunda 3-4 dəfə icra başçısı dəyişib. Lakin dəyişməyən tək bir şey var, o da Agcabədi İcra Hakimiyyətinin “qızıl fondunda” saxlanılan bir QAZEl qaz turbasıdır. Belə ki, sakinlər hər qış gələndə kəndin üzərindən keçən yola çıxıb aksiya keçirəndə icra başçısı həmin bir QAZEL qaz turbasını gətirib kəndə boşaldır və insanları sakitləşdirir ki darıxmayın, artıq qaz turbaları gəlib və bir-iki aya sizə qaz çəkiləcək. Təsəvvür edin, illərdir həmin qaz turbaları neçə dəfə bu kəndlərə boşaldılıb və sonradan geri aparılıb. Artıq həmin qaz turbaları həddən artıq erroziyaya və deformasiyaya ugrayıb.

O vaxtdan bəri neçə neçə sakinimiz də dünyasını dəyişib, hətta deputatımız da tamamən ixtiyarlaşıb, lakin qazdan xəbər yoxdur ki, yoxdur.

Bilirsiniz ki, Agcabədi rayonunda meşə yoxdur. İnsanlar qışda qızınmaq üçün həyətlərindəki meyvə agaclarını ürək agrısı ilə kəsib, odun kimi istifadə edirlər. Peyk üzərindən baxsanız, görərsinzi ki, bu kəndlər Afrika səhralıgına çevrilib. Neçə illərdir Qarabag kimi bir dərdimiz vardı, insanlar dözürdü, səbr edirdi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə can saglıgı versin. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabagımızı da düşmən tapdagından azad etdik. Bu kəndlərə qaz çəkməyin vaxtı hələ yetişmədimi?”.

Geri qayıt