Əsas Səhifə > Sosial, Manşet > Azərbaycan ABŞ-ı nüvə külünə döndərməklə hədələyən Rusiyanın qulağının dibində oturub neft satır
Azərbaycan ABŞ-ı nüvə külünə döndərməklə hədələyən Rusiyanın qulağının dibində oturub neft satır18-03-2014, 10:47 |
DİA.AZ: - Ukrayna göz-görəsi parçalandı. Sanki bu bir plan imiş. Qərblə Rusiya anlaşaraq Ukraynanı öz aralarında böldülər. Kiçik dövlət olmağın da bəlası budur. Təbii ki, Azərbaycanla müqayisədə Ukrayna yetərincə böyük dövlət hesab olunurdu. Amma dünənə qədər… Və son olaraq baş verənlər təsdiqlədi ki, böyük güclərin gözündə biz hamımız eyniyik. Birimizi digərimizdən ayırmadan parçalayırlar… Bəs bütün bu baş verənlər Azərbaycana hansı formada təsir edir və edə bilər. Bununla bağlı DİA.AZ-a fikirlərini bölüşən hökumət içindəki mötəbər mənbə maraqlı bir açıqlamada bulundu: «Əslində, bu gün Ukraynada baş verənlər rəsmi Bakının illər ərzində yürütdüyü siyasətin doğru olduğunu sübutlayır. Ortada artıq iki mühüm nümunə var: Gürcüstan və Ukrayna… Azərbaycan hakimiyyətini «nədən müharibəni başlamırsınız» deyərək qınayanlar artıq hər şeyin fərqində olmalıdırlar. Çünki burada qarşı tərəfdə Azərbaycan kimi kiçik ölkə yox, Rusiya kimi bu gün bütün dünyaya meydan oxuyan bir nəhəng var. Yəni biz Qarabağ uğrunda Ermənistanla yox, Rusiya ilə saaşmalıyıq. Belə olan təqdirdə rəsmi Bakının ənənəvi balanslaşdırılmış siyasətinin hansı dərəcədə əhəmiyyətli və effektiv olduğu Ukraynada baş verənlərin fonunda daha bariz formada nəzərə çarpır». Mənbəmiz bildirir ki, amma bu o demək deyil ki, Azərbaycan işğal olunmuş torpaqlarının geri qaytarılması siyasətindən vaz keçməlidir: «Təbii ki, belə bir şey gözlənilən deyil. Azərbaycan sona qədər mübarizə aparacaq. Hətta böyük savaşları belə göz önünə alaraq. Amma Azərbaycanın bu gün nə Gürcüstan kimi özünü rus gülləsinin ağzına verməsi, nə də Ukrayna kimi hələ də sonu görünməyən böyük təhlükə meydanına çevrilməsi ən ağılsız hərəkət olardı. Ehtiyatı əldən vermədən rəsmi Bakı yenə də özünün Qarabağ siyasətini davam etdirəcək. Artıq hər kəsə məlum oldu ki, Qarabağı kimdən istəmək lazımdır». Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Rəsmi Bakının doğru siyasəti həm də bu gün Azərbaycanın mövqeləri açısından da görünəndir. Diqqət yetirin, Azərbaycan bu gün ABŞ-ı nüvə külünə döndərməklə hədələyən Rusiyanın qulağının dibində oturub, Qərbə neft satır. Bunun nə demək olduğunu yəqin ki, bir balaca düşünmək qabiliyyəti olanlar anlayar» Geri qayıt |