Əsas Səhifə > Sosial, Manşet > Vasif Talıbov öz kadrlarını görəvə gətirir?
Vasif Talıbov öz kadrlarını görəvə gətirir?5-06-2024, 09:25 |
Yaxın vaxtlarda Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Milli Məclisə seçkilərlə yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər keçiriləcək. TNS-in əldə etdiyi məlumata görə, Naxçıvanın yeni rəhbərliyi namizəd axtarışındadır. Artıq Ali Məclisin deputatı seçilmək üçün namizdəliyini irəli sürəcək şəxslər müəyyənləşdirilir. Etibarlı mənbəmiz deyir ki, Ali Məclisə seçkilərin elan olunmamasından əvvəl başladılan bu proses özfəaliyyətdir. Yəni kimsə öz işi ilə məşğul deyil, ona aid olmayan məsələlərə qarışmaqla siyasi nüfuz qazanmağa çalışır. Bu barədə apardığımız araşdırmalarla bağlı növbəti yazıda məlumat verəcəyik. Ali Məclisə seçkilərdən sonra Ali Məclisin yeni sədri seçiləcək. Bildiyimiz ki, Vasif Talıbovun istefasından sonra bu post boş qalıb. Bəs Ali Məclisin yeni sədri kim ola bilər? Mənbəmizin bildirdiyinə görə, bu posta iddialılar sırasında ən çox adı çəkilən şəxslərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynlidir. Vaxtilə Vasif Talıbovun ən etibarlı adamlardan biri olan Ülvi Hüseynli Naxçıvandakı dəyişiklikdən sonra Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin ən güvəndiyi adama çevrilib. Halbuki, Ülvi Hüseynli Vasif Talıbovun dövründə yüksək vəzifələr tutan, bütün imtiyazlardan faydalanan, ona sədaqətlə xidmət edən, Talıbovun bütün göstərişlərini sevə-sevə yerinə yetirən məmurlardan biri idi. Vasif Talıbova mədhiyyə yazan, onu son ana qədər ideal rəhbər adlandıran Ülvi Hüseynli Naxçıvanın yeni rəhbərliyinin dəstəyi ilə daha böyük vəzifə tuta bilər. Ülvi Hüseynli Vasif Talıbovu müdrik lider kimi təqdim edərək Ali Məclisin şöbə müdiri vəzifəsindən aparat rəhbəri vəzifəsinə yüksəlmişdi. O, qədim və müasir Naxçıvanın uğurunu Vasif Talıbovun Ali Məclisin sədri seçildiyi 1995-ci ilin 16 dekabrında əsası qoyulan və uzaq gələcəyə hesablanmış yolda görürdü. Aparat rəhbəri 16 dekabr 2018-ci ildə “Nuhçıxan” İnformasiya Agentliyində dərc olunan “Müdrik olmaq” məqaləsində yazırdı: “Həqiqətən, müdrik olmaq hər rəhbərə nəsib olmur. Çünki müdrik olmaq üçün öz ömrünü deyil, xalqın həyatını yaşamaq lazımdır. Görkəmli filosoflardan biri bu məsələyə belə izah verib: “Taleyini xalqın taleyi ilə bağlayan insanların ömrü də xalqın ömrünə çevrilir”. 1995-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov da taleyini Naxçıvanla bağlayan, muxtar respublikaya yeni həyat bəxş edən və ömrünü xalqın ömrünə çevirən qurucu rəhbər və müdrik liderdir. Gərgin əmək, böyük zəhmət, torpağa və yurda bağlılıq Naxçıvan Muxtar Respublikasını iqtisadi, sosial və mədəni intibah mərhələsinə yüksəldib”. Ülvi Hüseynli bu yazını o qədər içdən və həvəslə yazıb ki, bir az da irəli gedərək Vasif Talıbovun uzaq gələcəyə hesablanmış yolunun sonsuz və əbədi olduğunu bildirib. Əlbəttə ki, həmin dövrdə hörmətli Ülvi müəllimi belə yazı yazmağa heç kim məcbur etməyib. O, Vasif Talıbova olan sevgisini, sədaqətini nümayiş etdirmək üçün belə məqalələr qələmə alırdı. Bunlarla yanaşı, Naxçıvandakı problemlərdən yazan jurnalistləri də sərt tənqid edirdi. Məsələn, onun 22 may 2017-ci ildə “Nuhçıxan” İnformasiya Agentliyində dərc olunan “Cəvizə həsrət qarğalar” adlı yazısında oxuyuruq: “Üzümü “söhbətbazlara”, “şayiəbazlara” tutub deyirəm ki, 20-25 il bundan əvvəl nə qışın qarı-boranı, nə Türkiyədən gələn işbazların “stenka vədi”, nə də qonşumuz “təlaş” Mazanın özü kimi dəyərsiz məsləhəti Həsənalıya cəvizi kəsdirə bilmədi. İndi siz də boş-boş hay-küy qoparıb Həsənalının oğlu Yusifi yoldan çıxara bilməzsiniz. Amma cəviz yetişəndə yolunuzu bir Naxçıvandan salarsınız, buranın insanları qonaqpərvərdir, heç kəslə kin-küdrət saxlamaz, “kəsdiyiniz”, “naloq” tələb etdiyiniz cəviz ağaclarından topladıqları məhsuldan sizə də pay qoyarlar. Bəlkə o zaman cəvizə həsrət qarğalar kimi səsiniz kəsilə”. Göründüyü kimi, Ülvi Hüseynli Vasif Talıbova görə, Naxçıvanı tənqid edənləri aşağılayıb, onları qarğa adlandırıb. Bu qədər faktlardan sonra Vasif Talıbovun fəaliyətini bəyənmədiyini, onun Naxçıvanı pis günə saldığını söyləmək riyakarlıqdır. Əlbəttə, Ülvi Hüseynli Azərbaycan vətəndaşıdır, onun da seçmək, seçilmək hüququ var. Ülvi Hüseynli Ali Məclisin deputatı da, Ali Məclisin sədri də ola bilər. Ancaq onun bu vəzifələrə sahib olmağa mənəvi haqqı çatırmı? O, bu vəzifələrə layiqdirmi? İxtisasca jurnalist olan, indiyədək siyasi proseslərdə iştirak etməyən birinin bu vəzifəyə gətirilməsi Naxçıvana nə qazandıracaq? Ola bilər, o, diqtə ilə oturub durmaq üçün kiməsə lazımdır. Ancaq qədirbilən naxçıvvanlılar hər kəsi yaxşı tanıyır, kimin kim olduğunu, muxtar respublikaya necə xidmət etdiyini bilir. İnanmırıq ki, naxçıvanlılar Ülvi Hüseynliyə səs verib onu deputat seçəcək. Hər halda zaman hər şeyi öz yerinə qoyacaq. Geri qayıt |