Əsas Səhifə > Sosial, Manşet > “Axşam saat 10-un yarısından sonra avtobus işləmir, taksi ilə evə gedirik”

“Axşam saat 10-un yarısından sonra avtobus işləmir, taksi ilə evə gedirik”


24-06-2024, 09:23
“Axşam saat 10-un yarısından sonra avtobus işləmir, taksi ilə evə gedirik”
"Biləcəri qəsəbəsindəki yeni yaşayış massivində avtobus problemi illərdir ki, mövcuddur. 203 nömrəli avtobus axşam saat 10-un yarısından sonra işləmir. Analoji vəziyyət 2-3 ildir ki, hökm sürür. Bilmirik dərdimizi kimə deyək?! Əslində aidiyyatı qurumlara yığılıb şikayət etmişik, problemdən xəbərləri var, amma nədənsə həllinə heç kim çalışmır. Yaxşı, bəs biz sakinlər nə edək?!”

Bunu Moderator.az-a açıqlamasında Biləcəri qəsəbə sakini Aygün Əhmədova deyib. O daha sonra əlavə edib.

“Mən tək öz adımdan yox, bütün qəsəbə sakinləri adından danışıram. 203 nömrəli avtobusların sayı çox deyil. Günün normal saatlarında da gec-gec gəlirlər. Dayanacaqda gözləməkdən gün yarı olur. Belə olan halda da avtobuslarda sıxlıq olur. Nəzərə alsaq ki, yay ayıdır və istidən nəfər dayanır. Kondisioner də yoxdur.

Avtobusu taksi ilə əvəz edirik. Axşam saat 10-un yarısından sonra işdən çıxan onsuz da məcbur qalıb taksi ilə evə gedir. Biz nə qədər qazanırıq ki, taksidən istifadə edək?! Milyonçuyuq?! Bir neçə gün bundan öncə 141 qaynar xəttinə yığıb şikayətimizi bildirdik. Dedilər ki, 15 gün ərzində sizinlə əlaqə saxlayacağıq. O əlaqə saxlamaq, bu əlaqə saxlamaq. Heç kim problemimizlə maraqlanmır. Ümid edirik ki, bu yazıdan sonra tez bir zamanda bizimlə əlaqə saxlayarlar” deyə o bildirib.

AYNA-dan saytımıza bildirilib ki, mövzunu araşdırandan sonra münasibət bildirəcəklər.

Problemlə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.

Geri qayıt