Əsas Səhifə > Sosial, Manşet > Ziya Məmmədova ilginc müraciət: «Cənab nazir, bizi bu «çobanların» əlindən qurtarın
Ziya Məmmədova ilginc müraciət: «Cənab nazir, bizi bu «çobanların» əlindən qurtarın24-03-2014, 12:25 |
DİA.AZ: - Bakıda sərnişin daşınması işini həyata keçirən avtobus sürücülərinin özbaşınalıqları bu günə qədər az qala 1000-dən artıq vətəndaşımızın canını alıb. Hər gün hansısa avtobusun qəza xəbərini eşitmək də vərdişimizə çevrilib, desək, yanılmarıq. Elə DİA.AZ-a müraciət edən Bakı sakini Nadir Əzizov da nəqliyyat naziri Ziya Məmmədovun çətiri altında meydan sulayan avtobus sürücülərinin özbaşınalığından giley-güzar edir. Vətəndaş bildirir ki, təxminən iki saat əvvəl Bakı Dövlət Universitetinin arxa qapısının önündəki yolda iki ayrı-ayrı marşrut xəttinin avtobusu göz görə-görə onlarla sərnişinin həyatını təhlükəyə atdılar. Şikayətçi bildirir ki, onun özü də avtobusun içində olub: «Telefonum köhnə olduğundan şəkillərini çəkə bilmədim. Amma digər əlamətlərini qeyd elədim ki, bəlkə möhtərəm nazirimiz Ziya Məmmədov bu adamlarla bağlı ölçü götürə… Mənim əyləşdiyim avtobus «96» saylı idi və dövlət nömrə nişanı «10TF556» idi. Digər avtobus isə «39» saylı, dövlət nömrə nişanı «90RU395» idi. Təsəvvür edin, metronun «Elmlər Akademiyası» stansiyasının qarşısından bu iki avtobus yarışa girişdilər, yolda az qala digər maşınları və piyadaları da əzəcəkdilər. Onların yarışmasına bütün sərnişinlər üsyan etsələr də, xeyri olmadı və BDU-nun arxa qapısının önündəki yol istiqamətində az qala bir-biriləri ilə toqquşacaqdılar. Nə yaxşı ki, sonunda bizim avtobusun sürücüsü güzəştə getməli oldu». 20 qəpiyə görə insanların həyatı ilə oynayan bu sürücülərin cəzalandırılması üçün nəqliyyat naziri Ziya Məmmədovdan xahiş edən vətəndaş bildirir ki, bu gün onların bəxti gətirdi: «Amma bəxt həmişə üzümüzə gülməyə bilər. Cənab nazir, bizi bu «çobanların» əlindən qurtarın»… Geri qayıt |