Əsas Səhifə > Sosial, Manşet > Naxçıvanda müəllimlər NARAZILIQ EDİR...
Naxçıvanda müəllimlər NARAZILIQ EDİR...1-07-2024, 11:29 |
İyunun 24-də "Azərbaycan dili və ədəbiyyat" fənni üzrə keçirilən sertifikatlaşdırma imtahanındakı sualların bəzilərində ciddi səhvlər olub. Məsələn, Məhəmmədhüseyn Şəhriyara aid olan "Türkün dili " şeiri Məhəmməd Hadinin şeiri kimi göstərilib. Yaxud, bəzi sualları tapmaq üçün cəmi 4 variant verilsə də, cavablarda 5-ci variantın da doğru olub-olmadığı soruşulur. Sual-cavabların səhv tərtib olunması çoxsaylı müəllimin işsiz qalmasına səbəb olub. Bunlar əsasən 48, 49 bal toplayan müəllimlərdir. Müəllimlər iddia edirlər ki, sualların tərtibində bu səhvlər olmasaydı, onlar ən azı 2-3 bal artıq toplayıb, imtahanı uöurla başa vura bilərdilər. Belə müəllimlərdən biri də Şahbuz rayonunda dərs deyən Gülşən Məmmədovadır. O deyir ki, səhv tərtib olunmuş suallarla bağlı Təhsil Nazirliyinə müraciət etsələr də, nəticə olmayıb: “İmtahanda sualı görəndə, gözlərimə inanmadım. Axı, necə ola bilər ki, bir şairin şerini digərininki kimi təqdim etsinlər. Əgər sual səhv tərtib olunubsa, onun düzgün cavabını necə tapmalıdır müəllim. Mən cəmi 48 bal toplamışam. Əgər, adıçəkilən səhvlər olmasaydı, ən azı 51 bal toplacaqdım və bununla da işimi itirməyəcəkdim. Özüm çəkər xəstəsi, ikinci qrup əliləm. Niyə kimlərinsə səhvi ucbatından işimi itirməliyəm? Bununla bağlı Emin Əmirullayevə şikayətlər ünvanlasaq da bizə cavab vermək istəmir”. Naxçıvan şəhərində müəllim işləyən Cəfər Şükürov da sualların tətbiqindən narazıdır: “Mən imtahanda yüksək nəticə ilə keçmişəm. Lakin, digərlərinə qarşı haqsızlıq görürəm. Bəzi suallar qoyulmuşdu ki, cavabda variantların heç birində həmin suala aid düzgün cavab yox idi. Səhv göstərilmişdi. Bunu dəqiq bilirəm. Mən 20 ilin müəllimiyəm. Bugünə qədər testlərdə həmişə yüksək nəticə əldə etmişəm. Çoxlu sayda şagirdlərim yüksək balla univerisitetlərə daxil olub. Tanıdığım, cəmiyyətin tanıdığı çoxlu sayda savadsız müəllimlər var ki, onların yüksək bal toplayıblar. Bu necə olur? Bütün bunlar şübhələr yaradır. Demək, bu səhvlər qəsdən edilir ki, az-çox savadı olan müəllimlər keçə bilməsin. Onların yerinə isə, rüşvət aldıqları savadsız müəllimləri keçirirlər”. Haqsızlıqla üzləşən müəllimlər „Gündəlik Naxçıvan“ vasitəsi ilə aidiyyəti qurumlara müraciət edərək, məsələnin ədalətli həllini tələb edirlər. Geri qayıt |