Əsas Səhifə > Sosial, Manşet > Xaçmaz sakini DSMF əməkdaşları tərəfindən aldadıldığını deyir

Xaçmaz sakini DSMF əməkdaşları tərəfindən aldadıldığını deyir


7-08-2024, 09:14
Xaçmaz sakini DSMF  əməkdaşları tərəfindən aldadıldığını deyir
Xaçmaz sakini Yeganə Arif qızı Poladova Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xaçmaz Rayon Şöbəsinin əməkdaşları tərəfindən aldadıldığını deyir.

Vətəndaş Meydan TV-yə bildirir ki, ünvanlı sosial yardım almaq məqsədilə müvafiq sənədləri toplayaraq 2024-cü il iyunun 8-də DSMF-nin Xaçmaz Rayon Şöbəsinə təqdim edib.

Yeganə Poladova deyir ki, müraciətindən bir aydan da çox vaxt keçəndən sonra, iyulun 28-də evinə baxış keçirilib.

Gələn komissiya üzvləri isə onu aldadıblar:

“Birinin adı Xeyirbəy, digərinin isə Orxan idi. Onlar nəsə yazıb-pozdular. Sonra da dedilər ki, bəs siz boşanma haqqında şəhadətnamə təqdim etməmisiniz. Dedim ki, boşanma sənədinin də təqdim edilməsinin lazım olduğunu bilmirdim. Digər otaqdan boşanma şəhadətnaməsini gətimək istəyəndə, məni qoymadılar ki, gecikirik. Dedilər ki, biz hər evdə bu qədər otura bilmərik, vaxtımız yoxdur”.

Şikayətçinin dediyinə görə, aktı oxumadan ona qol çəkdiriblər:

“Eynəyimi çıxarıb, aktı oxumaq istəyəndə oğlan icazə vermədi. Dedi ki, mən yazmışam, siz çətinliklə oxuyacaqsınız. Tez olsun deyə mən oxuyum, siz dinləyin, səhv olsa, qol çəkməzsiniz. Oğlan oxudu, sonra da mənə akta qol çəkdirdi. Qol çəkəndən sonra aktın şəklini telefona çəkdim. Bunlar gedəndən sonra aktı oxuyanda gördüm ki, məni aldadıblar. Son cümləni oxumayıblar. Son cümlədə deyilirdi ki, boşanma haqqında sənəd təqdim edilmədi. Mən 2017-ci ildə həyat yoldaşımdan boşanmışam. Əlimdə məhkəmə qətnaməsi və nikahın pozulmasına dair şəhadətnamə var”.

Yeganə Poladova deyir ki, ailədə beş nəfərdirlər. Oğlu, gəlini və iki azyaşlı uşaq onun aldığı 560 manatla dolanırlar:

“Oğlum Xaçmazda tikintidə fəhlə işləyirdi. Başına taxta “opalubka” (qəlib) düşdü. Nəticədə beyni silkələndi. İş qabiliyyətini itirib. Tez-tez ağrıları, tutmaları, özündən getmələri olur. Hazırda psixoloq-nevropotoloq müalicəsi alır”.

“Gəlin də iki azyaşlı körpəyə baxır. Mən də həyat yoldaşımdan ayrılmışam. Beş nəfərlik ailənin yükü mənim üstümdədir. Mən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirəm. 560 manatla ailəni dolandıra bilmirəm. Bu pulu yeməyə verim, müalicəyə xərcləyim, kommunalı ödəyim, yoxsa geyim alım? Dolanışığımız çox çətindir. Uşağın biri artıq məktəbəqədər hazırlığa gedir. Mənim üçün çətin olduğuna görə dövlətdən yardım istəyirəm”, – şikayətçi belə deyir.

Meydan TV dəfələrlə DSMF-nin Xaçmaz Rayon Şöbəsinə zəng etsə də, cavab verən olmayıb.

DSMF-nin “142 çağrı mərkəzi”ndən Meydan TV-yə bildirilib ki, vətəndaşların məlumatlarını üçüncü şəxsə ötürə bilməzlər.

“Ünvanlı sosial yardımlarla bağlı müraciətlərin yoxlanışları Bakıda, Həsən bəy Zərdabi 80 ünvanında həyata keçirilir. Vətəndaşın imtina və ya hər hansı bir məsələ ilə bağlı narazılığı varsa, bu ünvana yaxınlaşıb, müraciət edə bilər. Həmçinin müraciətini onlayn qaydada “e-sosial”a da daxil olaraq, məktub şəklində ünvanlaya bilər. Həmçinin poçt vasitəsilə də ərizə yazıb, DSMF-yə müraciətini göndərə bilər”, – DSMF-nin “142 çağrı mərkəzi”nin əməkdaşı deyib.

Geri qayıt