Əsas Səhifə > Sosial, Manşet > Ağalar Vəliyevin şirkəti Yasamal sakinlərinə QAN UDDURUR...

Ağalar Vəliyevin şirkəti Yasamal sakinlərinə QAN UDDURUR...


22-08-2024, 09:24
Ağalar Vəliyevin şirkəti Yasamal sakinlərinə QAN UDDURUR...
“Təzadlar” qəzeti redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin sakinləri tərəfindən şikayət məktubu daxil olub.

Məktubda deyilir:

- Son dövrlər Azərbaycan Respublikasında ələlxüsus paytaxt Bakı şəhərində mühüm abadlaşma işlərinin aparılması, yeni parkların salınması əhali tərəfindən böyük məmnuniyyətlə qarşılanır, qəbul olunur.

Lakin bəzən vəzifəli şəxslər tərəfindən qazanc, gəlir əldə etmək məqsədilə, guya ki, “abadlıq işləri görülməsi, parklar salınması” adı altında insanların konstitusion hüquqlarının pozulması halları baş verir. Konkret olaraq, elə götürək yuxarıda qeyd edilən küçələrin əhatə etdiyi bizim məhəlləni: şəhərin qərb hissəsində yüksək bir yerdə yerləşən, gözəl şəhər və dəniz mənzərəsi olan, şəhərin hər yerinə, eyni zamanda metroya yaxın olan bizim məhəllə paytaxtın digər hissələri ilə müqayisədə fəqlənir. Bu məhəllənin sakinləri dədə-babadan, hələ XIX-XX əsrlərdə burda binə salmış köklü insanlardır. Uzun illərdir ki, burda yaşayırlar.

Lakin günlərin biridə, yəni 2022-ci ilin təxminən sentyabr ayında biz sakinlərin rahatlığı pozuldu. Belə ki, biz sakinlərə konstitusiyamızın 29-cu maddəsinə əsasən, yazılı şəkildə bildiriş təqdim etmədən məhəllənini sökülməsi, aparılacaq tikintinin təyinatı, söküləcək evlərin dəyərinin məbləği sakinlərlə öncədən razılaşdırılmadan məhəlləni sökməyə başladılar. Bu zaman 64 saylı MİS-inofisində lövbər salan Bakı şəhər İcra Hakimiyyətində şöbə rəisi işləyən Zülfəli İsmayılovdan, “Kristal Abşeron” tikinti şirkətinin nümayəndəsi Nazim Əliyevdən, 64 saylı MİS-in rəisi Sədulla Abıyevdən və MİS-in pasport qeydiyyatçısından təşkil olunmuş qanunsuz “komissiya” heç bir rəsmi dövlət sənədi olmadan (məhkəmədə bu fakt sübuta yetirildi) biz sakinlərə şifahi surətdə bu ərazinin söküləcəyini bəyan etdilər və bunun müqabilində hər kvadrat metr üçün 2200 manat pul kompensasiyası təklif etdilər.

Halbuki bizim əraziyə qonşu olan ərazinin sakinlərinə başqa tikinti şirkəti tərəfindən hal-hazırda tüğyan edən infilyasiyanı, bahalaşmanı nəzərə alaraq 4000-4500 manat pul məbləği ödənilir. Həmin ərazinin yaxıığında inşa edilən yeni tikililərdə təmirsiz mənzillərin hər bir kvadrat metri 3300-3500 manata satılır. Bugünkü real bazar qiymətinə uyğun olmayan məbləğin verilməsi biz sakinlərdə haqlı olaraq narazılıq yaradır.

Qanunvericilikdə göstərilir ki, evi söküləcək sakinə yaşadığı əraziyə yaxın olan yerdə mənzil təklif olunur, ya da həmin imkan yoxdursa, ona uyğun pul kompensasiyası təklif edilir. Həmin komissiya müxtəlif təzyiq üsullarından istifadə edərək evlərin söküntüsünü həyata keçirir. Bu zaman onlar ətraf mühitə, ərazidə yaşamağa davam edən sakinlərin sağlamlığına ziyan vurur, atmosferi çirkləndirir və ərazidə antisanitariya baş alıb gedir. Bir sözlə, məqsədli şəkildə biz sakinlər üçün dözülməz həyat şəraiti yaradırlar!

Bütün bu haqsızlıqlar barədə müxtəlif instansiyalara: ölkə Prezidentinə, Birinci vitse-prezidentə, Baş prokurora, hətta Mehriban xanım Əliyevanın katibliyinin rəisi Altay Həsənova şikayətimizi çatdırmışıq.

Buna baxmayaraq, “Kristal Abşeron” tikinti şirkəti yüksək vəzifəli şəxslərin adından sui-istifadə edərək, müraciət etdiyimiz instansiyalara təsir göstərərək biz sakinlərin şikayətini əngəlləyir və bununla da Prezidentimizin son dövrlər ictimaiyyət, insanlar arasında artan nüfuzuna kölgə salmağa cəhd edirər.

Hörmətli redaksiya!

Yuxarıda söylədiklərimizi nəzərə alaraq, xahiş edirik ki, biz sakinlərin üzləşdiyi problemi ictimailəşdirərək, dərdimizin Prezidentə və ya Birinci vitse-prezidentə çatdırılmasında bizə kömək edəsiniz və bu problemi müsbət həllini tapana qədər diqqətinizdə saxlayasınız!

Öncədən sizə təşəkkür edirik!

TƏZADLAR.az

Geri qayıt