Əsas Səhifə > Sosial, Manşet > Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR?
Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR?18-09-2024, 09:31 |
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında regional tibb mərkəzlərinin direktorları və xəstəxanaların baş həkimləri vəzifələrindən azad edilib. TNS-ə etibarlı mənbədən daxil olan məlumata görə, Naxçıvanda bu vəzifəli şəxslərin işdən çıxarılması muxtar respublikanın səhiyyə sistemində aparılan yoxlamalarla bağlıdır. Hazırda Azərbaycan Respublikasının Hesablama Palatası muxtar respublikanın səhiyyə sistemində yoxlamalar aparır. İddia olunur ki, yoxlama zamanı ciddi qanun pozuntuları aşkar edilib. TNS-in xəbərindən sonra Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tələm-tələsik açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu, struktur dəyişikliyi ilə bağlıdır. "Bildirmək istəyirik ki, Naxçıvan Muxtar Respublikasında Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TMİB) yaradılır. Şərur Regional Tibb Mərkəzinin (Şərur, Kəngərli və Sədərək), Culfa Regional Tibb Mərkəzinin (Culfa, Ordubad ) və eyni zamanda Babək və Şahbuz Rayon Mərkəzi xəstəxanalarının və Naxçıvan Mərkəzi Xəstəxanasının direktor və baş həkimlərinin işdən azad olunmalarına səbəb muxtar respublikada Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) yaranmasıdır. Həmin bu adıçəkilən xəstəxanalar Səhiyyə Nazirliyinin tərkibindən çıxaraq TMİB-in tərkibinə keçəcəklər. Hazırda təhvil-təslim işləri aparılır və bu işlər artıq yekunlaşmaq üzrədir. Məhz sənədləşmə prosesinə görə həmin direktor və baş həkimlər Səhiyyə Nazirliyində işdən azad olunaraq TMİB-də işə bərpa olunacaqlar. Yəni həkimlər sənədləşmə işlərinin düzgün aparılması üçün Səhiyyə Nazirliyindən çıxıblar, bundan sonra onların əmək kitabçalarına Səhiyyə Nazirliyi deyil, TMİB yazılacaq", - açıqlamada qeyd olunub. Bəs, əslində nə baş verib? Səhiyyə Nazirliyi bu açıqlama ilə bir ildən çoxdur, davam edən qanunsuzluğu etiraf edib. Nazirliyin açıqlamasında qeyd olunduğu kimi, muxtar respublikada TMİB yaradılmır, bu qurum artıq bir ildən çoxdur, fəaliyyət göstərir. Bu fakt onu göstərir ki, nazirlik ictimaiyyətə yalan məlumat verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyul 2023-cü il tarixli fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi yaradılıb. Müəyyən edilib ki, “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsə ümumi rəhbərliyi Ali Məclis sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən, səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Naxçıvan Muxtar Respublikası Komitəsinin sədrindən ibarət tərkibdə formalaşdırılmalı idi. Tibb Müəssisələrinin İdarəetmə Birliyinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icra direktor həyata keçirməlidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin nizamnaməsini və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində hazırlayıb Ali Məclisə təqdim etməli idi. Fərmanla Nazirlər Kabinetinə tapşırılmışdı ki, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyinə veriləcək dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin siyahısını Ali Məclislə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fərmandan irəli gələn vəzifələri həll etməlidi idi. Bu fərmanın imzalanmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, mühüm dövlət sənədi “havada qalıb” və icra olunmayıb. Tibbi Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərməli olan xəstəxanalara qanunsuz şəkildə Səhiyyə Nazirliyi rəhbərlik edib. Yəni əvvəlki dövrlərdə olduğu kimi, Naxçıvan yenə “fərqlənib” və muxtar respublikada Azərbaycanın əsas hissəsindən tamamilə ayrı bir idarəçilik sistemi tətbiq olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bu il mayın 8-də keçirilən Ali Məclisin yaz sessiyasının növbəti plenar iclasındakı çıxışında bu məsələyə diqqət çəkərək deyib: “Belə yanaşma qəbuledilməzdir. Artıq 10 aya yaxındır ki, biz muxtar respublikada ən vacib sahə olan səhiyyə sahəsində idarəetməni təmin edə bilmirik. Səbəb Səhiyyə Nazirliyinin və Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Ali Məclis sədrinin fərmanını icra etməməsidir”. Göründüyü kimi, Ali Məclisin rəhbərliyi səhiyyə sahəsində baş verənlərdən narazı və narahatlığını ifadə edib. Təəssüf ki, Ali Məclis rəhbərliyinin bu haqlı iradından sonra da Səhiyyə Nazirliyi lazımi tədbir görməyib, fərmanın icrası təmin edilməyib. İddia olunur ki, Hesablama Palatası yoxlama zamanı bunu qüsur kimi qiymətləndirib, Səhiyyə Nazirliyinin rəhbərliyi də nəhayət fərmanı icra etməyə məcbur olub. Naxçıvanda ölkəmizin əsas hissəsindən fərqli idarəçilik sistemi tətbiq olunmasına dövlətimiz imkan verməyib, buna cəhd edənlərin isə “əməyi boşa çıxıb”. Səhiyyə sistemindəki vəzifəli şəxslərin azad olunmasının struktur dəyişikliyi ilə izah edilməsi absurd və gülüncdür. Həmin tibb müəssisələri naziriliyin tabeliyindən çıxarılıb TMİB-ə veriləndə rəhbər vəzifəli şəxslər də yenidən təyin olunacaqdılar. Bu vəzifəli şəxslərin işdən çıxarılmasının səbəbinin belə izah olunması qanunsuzluğun ifşasıdır. Bu, bir daha onu göstərir ki, Naxçıvanın səhiyyə sistemi biabırçı formada idarə olunur. Bu sahədə yarıtmaz idarəçiliyin nəticəsidir ki, səhiyyə sistemi acınacaqlı vəziyyətə salınıb, muxtar respublika əhalisinin sağlamlığı təhlükə altındadır. Geri qayıt |