Əsas Səhifə > Sosial, Manşet > «Ermənilərlə qolboyun olub tans oynayanlar bu gün siçan deşiklərinə çəkiliblərsə»…
«Ermənilərlə qolboyun olub tans oynayanlar bu gün siçan deşiklərinə çəkiliblərsə»…1-05-2014, 11:09 |
DİA.AZ: - Əslində ilk günündən çürüklüyü ortada idi. Bunca yaşadığımız faciələrin fonunda kimlərinsə ortaya atılıb «xalq diplomatiyası» kimi yalnız və yalnız Qarabağın düşmənə birdəfəlik təslimini vəd edən bir absurd ideyaya qulluq etməsi ilk başından xəyanətə bərabər idi. Və ən acınacaqlı olanı isə o idi ki, bu prosesə müxtəlif səbəblərdən ölkənin tanınmış, nüfuzlu ziyalıları da qoşulmuşdu. Bəlkə də bu, yaşlı nəslin müharibə yorğunluğu ilə də izahlana bilərdi. Amma hətta o zaman belə mahiyyət dəyişmir və «xalq diplomatiyası» ideyası ilə xəyanət arasındakı eyniliyə təsir etmir. Bəlkə də kimlər üçünsə bu, xəyanət deyil. Bu da o bilər. Özünü Azərbaycandan, bu millətdən, bu dövlətdən hiss etməyənləri durub ermənipərəstliyə görə ittiham etmək, onları «xəyanətkar» adlandırmaq da doğru deyil. Yəni bu, bir əqidə, düşüncə, yaşam tərzidir. Amma bir məsələ də var ki, bu həqiqəti də hər kəs qəbul etmək zorundadır: Əgər Azərbaycanda yaşayırsansa, bu dövlətin qanunlarına boyun əyməlisən. Bu dövlətin superetnosunun milli dövlətçilik maraqlarına kəm gözlə baxmamalısan. Bu gün Azərbaycan xalqı özünün Qarabağ probleminin həllilə bağlı hansısa şəxslərə deyil, dövlətin başında duranlara hərəkət haqqı tanıyıb. Kimlərinsə yerindən qalxıb xalqları yaxınlaşdırma kimi gerçəkdən də xəyanətə bərabər bir prosesə baş vurmasını başqa bir adla çağırmaq imkansızdır. Çünki Azərbaycanın elə bir şəhəri yoxdur ki, orda Şəhidlər Xiyabanı olmasın… Yetərli deyilmi? Yəni bizlər o qədərmi azğınlaşmışıq ki, uğrumuzda ölənlərimizin cəsədləri ilə qidalanırıq? Bu gün Azərbaycan türkünün Qarabağ haqqına, şəhidlərinin ruhuna zərrə qədərində olsa belə, xəyanətin edilməsi bağışlanmazdır. Nədən bunları indi yazırıqmı? Yox, əzizlərimiz, biz bunları hər gün yazırdıq. Sadəcə olaraq hər gün diqqətinizi cəlb edə bilməmişdik. Sevindiricidir ki, bu gün vətənpərvərlik aktualdır. Eybi yox, qoy ortada psevdolar da meydan sulasın. Təbliğat baxımından buna da ehtiyacımız var. Əsas olanı isə şərəfsizliyin aktual olmamasıdır. Dünən ermənilərlə qolboyun olub tans oynayanlar bu gün siçan deşiklərinə çəkiliblərsə, ürəyimiz az da olsa, rahatlayıb. Elnur ATATURAN Millətçi Gənclər Hərəkatının başqanı Geri qayıt |