Əsas Səhifə > Sosial, Manşet > Torpağını itirən Salyan sakini aldadıldığını iddia edir

Torpağını itirən Salyan sakini aldadıldığını iddia edir


2-06-2014, 10:15
Torpağını itirən Salyan sakini aldadıldığını iddia edir
Salyan rayonunun Dayıkənd kəndindəki 5 hektaradək olan torpaq sahəsi ilə bağlı yaranan mübahisə 2 nəfər sakini üz-üzə qoyub.

Tərəflərdən biri həmin yeri icarəyə verdiyini, digəri isə dəyərini ödəməklə aldığını iddia edir. Mübahisənin kökü 9 il əvvələ gedib çıxır.

“Həyat yoldaşımın müalicəsi üçün nağd pul lazım olanda, əlimdə mal-mülk, əmlak adına 4,18 ha quru torpaqdan başqa heç nə yox idi. Bütün kəndə elan etdim ki, həmin yeri uzun müddətə icarəyə verirəm. Mən bu addımı atmağa məcbur idim. Heç ağlıma da gəlməzdi ki, düşdüyüm vəziyətdən sui-istifadə edən, əmlakımı ələ keçirmək istəyən olar.”

infom.az-ın redaksiyasına gələn Dayıkənd sakini Məmməd Tağıyev başına gələnlərləri danışır.

Onun sözlərinə görə, 2005-ci ildə arvadı xəstələnərkən əlində olan qəpik-quruş, qohum-qonşudan aldığı borc müalicə üçün yetərsiz olub. Fikirləşib ki, başı xəstəsinə qarışdığından onsuz da torpağını əkib-becərməyə imkanı olmayacaq, onu bir müddətə başqa şəxsə icarəyə vermək vəziyyətdən ən yaxşı çıxış yoludur.

“Elandan sonra torpağa bir neçə nəfər müştəri çıxdı.Onların arasından həmkəndlim, hacı titullu Rüstəm Qafarova inandıb. Yeri 8 il müddətinə 5 min manata xeyirləşdik. Bir müddətdən sonra Rüstəm dedi ki, gəl bu əqdi rəsmləşdirək,. Etiraz etmədim. Getdik notarial kantoruna. Orada bəzi sənədlərə imza atdım.

Bir də 2013-cü ildə yerimi geri istəyəndə mənə məlum oldu ki...” Məmməd Tağıyev and-aman edir ki, həmkəndlisi onun savadsızlığından istifadə edərək torpağın alqı-satqısına aid sənədləri imzalatdırıb.

Demə elə o vaxtdan bəri mülkiyyətə sahiblik hüququnu da itiribmiş. O, aldadılmağı ilə bağlı dəfələrlə müxtəlif dövlət orqanlarına şikayət etdiyini, lakin müraciətlərinin araşdırılmadığını bildirir.

Torpağını itirən Salyan sakini aldadıldığını iddia edir

Ailə üzvləri gələcəkdə torpaqsız qalmasın deyə Məmməd Tağıyev, hətta 8 illik icarə haqqı olaraq ödənilmiş 5 min manatı da geri qaytarmağa razıdır.

Amma qarşı tərəfin bununla da razılaşmadığını deyir:

“Bu hacı Nuh deyir, peyğəmbər demir. Sənəd öz yerində, amma ta binadan eldə kişi sözünün dəyəri olub. Başa düşmür ki, aldatma yolu yiyələndiyi torpaqdan xeyir götürə bilməz. Mən bunu hallal etmərəm axı ona. Son çarə olaraq məhkəməyə müraciət edəcəyəm, görək nə olur.”

Əməkdaşımız qarşı tərəfin- Rüstəm Qafarovun da mövqeyin öyrənib.

Hacı həmkəndlisinin yalan danışdığını, əslində yeri ona satdığını deyib: “Məmməd Tağıyev satıb, mən də almışam. Vəssalam. Məhkəməyə vermir, lap Barak Obamaya şikayət etsin. Mən arxalı adamam, Məmməd kimilər mənim qatıma girə bilməz.”

Geri qayıt