Əsas Səhifə > Sosial, Manşet > Rüşvət yığımı Dövlət Neft Akademiyasının tələbələrini ayağa qaldırdı

Rüşvət yığımı Dövlət Neft Akademiyasının tələbələrini ayağa qaldırdı


23-06-2014, 12:24
Rüşvət yığımı Dövlət Neft Akademiyasının tələbələrini ayağa qaldırdı
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ciddi rüşvət skandalı yaşanır. JAM.AZ-a müraciət edən bir qrup tələbə onlardan imtahan sessiyası üçün pul tələb edilməsi və bununla bağlı məhz rektorun göstəriş verməsini bildiriblər.

Tələbələr qeyd ediblər ki, hal hazırda onlardan imtahan üçün 50-100 manat aralığında pul istənililir. Məsələn, «İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment» fakultəsinin dekan Azad Əliyevin və ya «İstehsal proseslərinin avtomatlaşdırılması» fakultəsi dekanı Ramiz Abdullayevin öz qiymət cədvəli var. «Neft-Qaz qurğuları mühəndisliyi» fakultəsinin dekanı Vahid Mustafayev isə imtahanda «5» almaq istəyən tələbələrdən 100 manat, «4» almaq istəyəndən 80 manat, «3» almaq istəyəndən isə 50 manat alır.

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, ADNA-nın Geoloji Kəşfiyyat fakultəsinin dekanı Mayis Babayev isə bir az fərqli qiymətlər tətbiq edib. Məsələn, bu fakultədə oxuyanlar ali riyaziyyat fənnindən qiymət almaq istəyirlərsə, 150 manat verməlidirlər. İxtisas fənnindən qiymət sahibi olmaq isə tələbəyə 120 manata başa gəlir.

Qeyd edək ki, dekanlar bu pulların yığılmasının birbaşa rektor Siyavuş Qaryevin tapşırığı əsasında həyata keçirdiklərini deyirlər. Elə bu səbəbdən də ADNA-da pul verməyən tələbənin qiymət alması mümkünsüz hesab olunur. Hətta dekanlar gənclərə məsləhət bilirlər ki, oxuyub gəlməsinlər, ona görə ki, xeyri olmayacaq.

JAM.AZ-a müraciət edən tələbələr onu da bildirirlər ki, baş verənlərə etiraz etməkdən başqa çıxış yolları qalmayıb. Ona görə ki, tələb olunan pulu vermək gücündə deyillər. Elə buna görə də, yaxın günlərdə Prezident Admnistrasiyasına məktub yazaraq, onlardan kömək istəyəcəklər.

Bu əsnada ADNA Azərbaycandakı digər təhsil ocaqlarından fərqli olaraq, ümumiyyətlə, ölkə təhsil sistemini saymayaraq, köhnə üsulla imtahanları keçirir. Qeyd edək ki, artıq bir neçə ildir bütün universitet və akademiyaların hamısı Boloniya sisteminə keçib və həmin sistemlə idarə olunmaqdadırlar. Amma rektor Siyavuş Qarayev hələ də sovet təhsil sistemini davam etdirir. Yəni, tələbə imtahana gəlir, biletlər paylanır, pulun məbləği qrupun rəhbəri tərəfindən tələbə yoldaşlarının qulağına deyilir, sonra pul yığılır və ünvanına çatdırılır. Pul verməyənləri isə gözümçıxdıya salırlar.

Bildirək ki, ADNA-da hələ də Boloniya sisteminə keçidin təşkil olunmaması sözün həqiqi mənasında olduqca gülməlidir. Eyni zamanda, bu məsələyə təhsil naziri Mikayıl Cabbarovun münasibət bildirməsi lazımdır.

Geri qayıt