Əsas Səhifə > Sosial, Manşet > Biləsuvar gömrüyünün sərxoş işçiləri vətəndaşların başına müsibətlər açır

Biləsuvar gömrüyünün sərxoş işçiləri vətəndaşların başına müsibətlər açır


23-07-2014, 11:02
Biləsuvar gömrüyünün sərxoş işçiləri vətəndaşların başına müsibətlər açır
DİA.AZ: - Bir qrup Biləsuvar sakini redaksiyamıza gömrükdəki özbaşınalıqlarla bağlı şikayət məktubu göndərib. DİA.AZ-a daxilolan məktubda deyilir ki, ailələrinin ehtiyacını ödəmək üçün İrandan gətirdikləri Biləsuvar gömrüyündə əllərindən alınır.

“Normadan artıq heç nə gətirmirik. İran gömrüyündən sərbəst keçirik, normada keçirilən mala orda bir söz demirlər. Lakin Azərbaycan gömrükçüləri mallarımızı əlimizdən alır, soyğunçuluqla məşğul olurlar. Axırıncı dəfə mənim 2 çanta ərzağımı əlimdən aldılar. Dedim, niyə əlimdən alırsınız, yüküm çoxdursa, rüsumumu ödəyim. Sözlərimə məhəl qoymadan, heç bir kağız sənədləşdirmədən 2 çanta malımı alıb özlərinə götürdülər. Prezidentə şikayət edəcəyimi bildirdim, dedilər ki, get kimə deyirsən de, heç kimdən qorxmuruq, buranın ağası bizik. Hamısı sərxoş idi. Allahdan da qorxmurlar.... Ramazan ayıdır... Belə özbaşınalıq olarmı? Tək mən deyiləm, yüzlərlə vətəndaşımızın başına bu oyunu gətirirlər”, - deyə şikayət məktubunda qeyd edilir.

DİA.AZ-a daxil olan məktubda deyilir ki, gömrüyün rəisi açıq-aşkar camaat içində “pulunuzu verin keçin”, deyə qışqırır. “Nə gətirirsən, deyirlər bu olmaz! Alma olmaz, banan olmaz, düyü olmaz, ayna olmaz, kişmiş olmaz, - daha nə gətirmək olar, qalmışıq məəttəl! Açıq-aşkar bildirirlər ki, hər malın öz yiyəsi var, monopoliyadadır, həmin malı ancaq o kommersant sərhəddən keçirə bilər! Kimdən rüşvət alırlar, onun malını buraxırlar. Biz alver etmirik, güclü pulumuz da yoxdur, ayda 4-5 dəfə gedib ailəmizə ərzaq gətiririk. Evinə 70 manatlıq ərzaq bazarlıq eləyirsən, dirəşirlər ki, 60 manat rüsum ödə! Bu harada görünüb?”

Şikayətçilər dia-az.life-a iddia edir ki, hal-hazırda Biləsuvar gömrüyündə Azərbaycan qanunları işləmir. “Açıq havada, yağışın-qarın altında əhalini səhərdən axşama kimi saxlayırlar, heç bir normal şərait yoxdur. İstədikləri vaxt mal monitordan keçməmiş tutub əlindən alırlar, deyirlər gəl özün keç, sabah gəlib yükünü apararsan. Vətəndaş Cəlilabadın, Masallının uzaq kəndindən bir də yolpulu verib geri qayıtmalıdır. Səhərdən axşama kimi ağızlarına gələn söyüşləri söyürlər. Axşamçağı olan kimi hamısı yeyib-içib sərxoş vəziyyətdə olur, düşürlər camaatın üstünə, soyğunçuluq başlanır. Gözümüzün qabağında biləsuvarlı bir oğlanı ölümünə çırpdılar. Danışanı, etiraz edəni tökülüşüb döyürlər”, - deyə şikayətçilər gömrük əməkdaşlarını ittiham edir.

Qarşı tərəfi də dinləməyə hazırıq....

Geri qayıt