Əsas Səhifə > Sosial, Manşet > Südçülük sovxozunun keçmiş fəhləsi xızılıları çilədən çıxarıb
Südçülük sovxozunun keçmiş fəhləsi xızılıları çilədən çıxarıb11-08-2014, 11:12 |
DİA.AZ: - Xızı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xəzər Aslanovla bağlı redaksiyamıza şikayət məktubu daxil olub. DİA.AZ-a giley-güzar edən rayon sakinləri deyirlər ki, Xəzər Aslanov icra başçısı postuna təyin ediləndə Xızı camaatını bir araya yığaraq söhbət aparıb: "Bizimlə söhbətində dedi ki, köhnə icra hakimi Vaqif Abdullayevin dövründə mövcud olan problemlərin hamısı həllini tapacaq. İcra başçısı vəd vermişdi ki, bundan sonra heç bir idarənin müdiri vətəndaşları incitməyəcək, onları get-gələ salmayacaqlar. Bu çıxışlarından sonra ona rəğbətimiz artdı, verdiyi vədlərə inandıq. 2012-ci ilin iyun ayından sonra inamımız sarsıldı. Belə ki, rayon rəhbəri iki ay özünü işgörən kimi göstərdikdən sonra qanunlara qarşı sayğısızlıq etməyə başladı. Yəni sadə dillə desək, köhnə başçının yolunu getməyə başladı. Biz elə bilirdik ki, köhnə başçıdan betəri yoxdur. Sən demə, bu ondan da yaman imiş. Sabiq başçının ölənlərinə rəhmət oxuyuruq”. Xızı sakinləri DİA.AZ-a bildirirlər ki, rayonda ən böyük problemlər kommunal xidmət sahələri ilə bağlıdır: “Qaz, su və işığın verilməsində uzun fasilələr yaranır. Xızının içməli su ilə təminatı istənilən səviyyədə deyil. Bu qədər problemin əvəzində başçı heç nə etmir. Yollarımız bərbad vəziyyətdədir, təcili tibbi yardım maşınları və avtobuslar buna görə kəndlərə getmirlər". Başçıdan gileylənən insanların qeydlərinə əsasən, rahat iş şəraiti olmadığına görə sahibkarların bir hissəsi Bakıya pənah gətirmək məcburiyyətində qalıblar: "İcra başçısı azad sahibkarlığın inkişafını əngəlləyir. Baxmayaraq ki, ölkə başçısı bütün məmurlara sahibkarlara qarşı təzyiq göstərməyi qadağan edib. Bu məmur prezidentin göstərişlərinə hörmətsizlik nümayiş etdirir. Hər tərəfdən sıxışdırılan sahibkarlar rayonu tərk edirlər. İcra başçısı şəxsi biznesini genişləndirmək, başqalarının şəxsi əmlakını ələ keçirmək istiqamətində addımlar atır. QORUĞU ŞƏXSİ OYLAĞINA ÇEVİRƏN İCRA BAŞÇISI Altıağac qoruğu məhv olmaq təhlükəsi ilə üz-üzədir. Hələ bir neçə ay əvvəl Milli Məclisin deputatı Zeynəb Xanlarova bildirmişdi ki, Altıağac Milli Parkında boş yer qalmayıb, torpaqlar məmurlar tərəfindən zəbt edilib, orada villalar, saraylar ucaldılıb, yerli camaat isə qara gündə yaşayır. Qoruğun ərazisinə tabe olan torpaqların satılması bilavasitə icra başçısının razılığı ilə gerçəkləşir. Onun rəsmi icazəsi olmasa, heç kim burdan torpaq ala bilməz. Altıağacda torpağın bir sotu 20-30 min manatdır. Rayon rəhbəri hektarlarla sahəni satıb. Qoruğun yaxınlığında yerləşən istirahət mərkəzlərinin bir neçəsi icra başçısınındır. Camaatın dolanışığı pis gündədir, amma o, kef çəkir. Biz bunu qəbul edə bilmərik. Sizin vasitənizlə ölkə başçısından xahiş edirik ki, cənnəti xatırladan Xızını böyrüüstə qoyan Xəzər Aslanovu vəzifədən uzaqlaşdırsın. Bəlkə, o gedəndən sonra rayonumuz yenidən dirçələr". Qeyd edək ki, adıçəkilən məmur 1970-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlayıb, 1988-ci il tarixə kimi həmin müəssisədə çalışıb. 1994-cü ildən 2002-ci ilədək Daxili İşlər Nazirliyində əməliyyatçı, 2006-cı ildə Xanlar rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. Prezidentin 10 aprel 2012-ci il tarixli, 2138 saylı sərəncamı ilə Xızıya başçı təyin edilib. Qarşı tərəf münasibət bildirmək istəsə, işıqlandırmağa hazırıq. Geri qayıt |