Əsas Səhifə > Sosial, Manşet > Yerlərdəki hökumətlərin "Elektron hokumət" qorxusu nə ilə bağlıdır?
Yerlərdəki hökumətlərin "Elektron hokumət" qorxusu nə ilə bağlıdır?21-10-2014, 11:23 |
Bir çox rayon icra hakimiyyətləri ölkədə "elektron hökumət"in tətbiqindən xəbərsizdirlər?! Azərbaycanda bəzi rayon icra hakimiyyətlərinin saytları faktiki olaraq qeyri-işlək vəziyyətdədir. Həmin saytlar arasında elələri var ki, hətta iki ilə yaxındır yenilənmir. Məsələn, Qusar rayon İcra Hakimiyyətinin saytı sonuncu dəfə 21.12.2012-ci il tarixdə yenilənib. Əvvəlki aylarda da məlumatlar azlıq təşkil edir. İcra başçısı haqqında qısa məlumat var, şəkil yoxdur. Video qalereya bölməsi ümumiyyətlə aktiv deyil. Oğuz rayon İcra Hakimiyyətinin saytında isə bir ildir heç bir yenilənmə yoxdur. Son dəfə sayta 27.12.2013-cü il tarixdə informasiya yerləşdirilib. Video qalereya bölməsi ümumiyyətlə aktiv deyil. İcra başçısı haqqında məlumat və şəkli var. Sabirabad rayon İcra Hakimiyyətinin saytı son olaraq 13.06.2014-cü il tarixdə yenilənib. Video qalereya bölməsi ümumiyyətlə aktiv deyil. İcra başçısı haqqında geniş məlumat və şəkli yoxdur. Xatırladaq ki, "Elektron hökumət"in tətbiqi prosesinin geniş miqyasda həyata keçirilməsi ilə bağlı ilk dövlət proqramı 2005-2008-ci illəri əhatə edib. Bu illərdə əsas istiqamət "Elektron hökumət"in tətbiqinə hazırlıq proseslərinə yönəldilib. Prezident İlham Əliyev 2010-cu il avqustun 11-də "Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda dövlət idarəçiliyinin bütün səviyyələrində İKT-nin tətbiqi, dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin artırılmasının zəruriliyi öz əksini tapıb. Ölkə başçısının 2012 il aprelin 16-da Nazirlər Kabinetinin iclasında "elektron hökumət"in qurulması sahəsində aparılan işlərin vəziyyətinə münasibəti də diqqətəlayiqdir. Dövlət başçısı elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amil olduğunu deyib, ölkədə elektron quruculuğu sahəsində vəziyyətin ürəkaçan olmadığını vurğulayıb: "Elə qurumlar, nazirliklər var ki, tam şəkildə, elektron xidmətləri göstərir. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri, qismən, göstərir. Elə qurumlar da var ki, ümumiyyətlə, elektron xidmət göstərmir. Mən o qurumların adlarını, hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır". Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin yerli icra hakimiyyəti başçısının vəzifələri ilə bağlı 3-cü maddəsinin 3.1.21 bəndində deyilir: "Yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, yerli icra hakimiyyətinin internet saytının yaradılmasını, malik olduğu və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın yeniləşdirilməsini təmin edir, ilin yekunları ilə bağlı yerli icra hakimiyyətinin fəaliyyətinə dair hesabatı dərc etdirir, öz fəaliyyətində ictimai rəyi nəzərə alır". Bütün bunlardan sonra ölkənin hələ də bir çox rayon icra hakimiyyətlərinin saytlarının biabırçı durumda olması anlaşılmır. Bunu həmin rayonların icra başçılarının ölkə rəhbərliyinin iradəsinə qarşı çıxması kimi də dəyərləndirmək olar. "Elektron hökumət"lə bağlı bu qədər ciddi addımların atıldığı, sərəncamların imzalandığı vaxtda icra başçılarının rəhbərlik etdikləri rayon icra hakimiyyətlərinin saytlarının işləkliyini təmin etməməsi təəccüb və təəssüf doğurur. Eyni zamanda araşdırmalar göstərib ki, rayon və şəhər icra hakimiyyətlərinin əksəriyyətinin saytında başçı haqqında məlumatlar çox qısadır. Hətta bəzilərinin, sadəcə, doğum tarixi və ölkə başçısının onun rəhbər təyin olunması ilə bağlı sərəncam verməsi qeyd edilib. Bəs görəsən, sakin bilməli deyil ki, onun rayonuna və ya şəhərinə rəhbərlik edən şəxsin ali təhsili, elmi dərəcəsi, iş təcrübəsi nədən ibarətdir?. Prezidentin rəsmi internet saytında ölkə başçısının geniş tərcümeyi-halı qeyd olunduğu halda görəsən niyə bəzi rayon icra hakimiyyətləri başçıları vətəndaşlardan "gizlənirlər"? Geri qayıt |