Əsas Səhifə > Sosial, Manşet > Təhsil nazirliyi "qaçqın rayonların" məktəblərini nədən nəzarətsiz buraxıb?
Təhsil nazirliyi "qaçqın rayonların" məktəblərini nədən nəzarətsiz buraxıb?27-10-2014, 10:14 |
Məlum olduğu kimi Azərbaycanın təhsil sisteminin dünya standartlarına çatdırılması, eləcə də uşaq və gənclərimizin gələcəkdə dövlətə və xalqa öz bilik və bacarıqları ilə ləyaqətlə xidmət edə bilmələri üçün bu gün ölkəmizdə təhsil sahəsində də əsaslı islahatlar həyata keçirilməkdədir. Təbii ki, yeni məktəb binalarının inşası, müasir tədris metodikalarının və yeni texnologiyaların tətbiqi bu istiqamətdə müəyyən uğur və nailiyyətlərin əldə olunması üçün zəruri şərtlərdir. Lakin müəyyən qisim problemlər də mövcuddur ki, onların həllinə nail olmadan görülən bütün tədbirlərin müsbət nəticəsini gözləmək ən azından sadəlöhvlük olardı.Bu gün şəhər və rayonlarımızın orta məktəblərində min bir səbəb və bəhanələrlə mütəmadi yığılan külli miqdarda vəsaitlərin sadəcə rüşvət pulları olduğunu hamımız bilirik. Redaksiyamıza daxil olan məlumatlarda isə korrupsiyaya uğramış təhsil şöbələrindən biri kimi də Zəngilan RTŞ-nin adı çəkilir. Həmin məlumatlarda bildirilir ki, Zəngilan Təhsil Şöbəsinin müdiri Zakir İbrahimovun öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən bu gün işğal altında olan bu rayonun təhsili uçuruma yuvarlanmaqdadır. Qeyd edək ki, hal-hazırda rayon üzrə məktəblərin sayı artaraq 37-yə çatmışdır. Onlardan 34-ü tam orta, 2-si əsas, 1-i ibtidai olmaqla 26-sı Bakı şəhərində, 6-sı Sumqayıtda, 2-si Şirvan, 2-si Sabirabad, 1-i isə Abşeron rayonundadır. 22 saylı Zəngilan rayon orta məktəbi də Bakının Əhmədli qəsəbəsində 88 saylı orta məktəbin binasında yerləşir. Aldığımız məlumatlarda məktəbin direktoru Yaqut Həsənovanın fəaliyyətinə qarşı ciddi iradlar irəli sürülür. Məlumatlarda bildirilir ki, bu tədris müəssisəsində rüşvət yığımını həyata keçirmək məqsədilə xüsusi mexanizmlər işlənib hazırlanmışdır. Belə ki, ilk növbədə məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün isə bu məbləğ artaraq 8-10 manat civarında təyin edilib. Təbii ki, təqvimlə qeyd olunan dövlət bayramları, müxtəlif yubileylər, imtahan və sınaqlar, attestat və şəhadətnamələrin təqdimatı ilə bağlı həyata keçirilən yığımlar da bu maliyyə zəncirində xüsusi qrafalarda yer alır. Bundan başqa, isə 22 saylı məktəbdə pedaqoji heyət üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ bir neçə min manata çatdırılır. Eyni zamanda da müasir təhsilimizin əsas bəlalarından biri sayılan repititorluq fəaliyyətinin bu məktəbdə geniş yer aldığı məlumatlarda öz əksini tapır. Məlum olduğu kimi məktəb direktorunun əsas vəzifəsi rəhbərlik etdiyi müəssisə daxilindəki problemləri həll etmək, Təhsil Nazirliyinin verdiyi qərarları məktəbdə tanıtmaq və bunları icra etmək, məktəb büdcəsini uyğun formada şagirdlərin daha keyfiyyətli təhsil ala bilməsi üçün məktəbdə çatışmayan kitab, texnoloji avadanlıq kimi təhsil vasitələrinin alınmasına xərcləmək, dərs ili başlamazdan əvvəl müəllim kolleqaları ilə birlikdə toplantı keçirib uyğun illik dərs planı hazırlamaq və bunun kimi daha bir çox şeydir. Lakin daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, Yaqut xanım illik plan hazırlamaq yerinə təqvimdən bayramları sayıb bu il nə qədər pul çıxaracağını, bunu haralara xərcləyəcəyini hesablayır. Təəssüflə qeyd etmək lazımdır ki, məhz orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur. Bu mühit isə ilk növbədə övladlarının rifahını, onların şagird nüfuzunu səhf prizmadan qiymətləndirən valideynlərin passiv razılığı ilə formalaşdırılır. Geri qayıt |