Əsas Səhifə > Sosial, Manşet > Etibar Pirverdiyevin başı üzərində qara buludlar...

Etibar Pirverdiyevin başı üzərində qara buludlar...


14-02-2015, 16:56
Etibar Pirverdiyevin başı üzərində qara buludlar...
Bildiyiniz kimi, ölkə başçısı bu il fevral ayının 10-da "Bakıelektrikşəbəkə"nin ləğv olunması, onun yerinə isə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama əsasən Baba Rzayev "Azərişıq" ASC-nin sədri təyin edilib. Beləliklə, dövlət başçısının sərəncamı ilə "Azərişıq" ölkə ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək. Bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək. Bundan başqa, Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətinə ölkə ərazisində "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" ASC-yə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisilə təchizatı üçün zəruri olan və "Azərenerji"nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsi üçün tədbirlər görsün.

Xülasə, bundan sonra ölkədə enerjinin istehsalı ilə "Azərenerji", onun paylanması ilə "Azər İşıq" məşğul olacaq. Bütün bunlar bir daha onu təsdiqləyir ki, artıq "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyevin kreslosu laxlamaq üzrədir. Belə ki, yaxın vaxtlarda onun rəhbərlik etdiyi qurumda ciddi yoxlamalar baş tutacaq. Böyük ehtimalla, yoxlamaların yekununda adıçəkilən ASC-də kifayət qədər nöqsanlar aşkarlanacaq. Çünki qurum son zamanlar büdcə proqnozunu yerinə yetirməkdə ciddi çətinlik çəkir.

Söz yox ki, "Azərenerji" ASC-nin rəhbərinin səlahiyyətlərinin əlindən alınması heç də təsadüfü deyil. Uzun müddət idi ki, bu istiqamətdə müzakirələrin getdiyinə dair məlumatlar vardı. Hətta Etibar Pirverdiyevin vəzifədən götürüləcəyi gözlənilirdi. Bunun bir səbəbi kimi həm Etibar Pirverdiyevin "Azərenerji"də böhranlı vəziyyət yaranmasına səbəb olması, həm də idarəçilikdə buraxdığı çoxsaylı səhvlər idi. Hətta son aylar "Azərenerji"də maliyyə sıxıntıları ilə əlaqədar kağız almağa belə vəsaitin tapmadığına dair məlumat yayılırdı. Böyük məbləğdə kredit borcları olan ASC həmin borcları ödəməkdə çətinlik çəkdiyi qeyd olunurdu. Eyni zamanda, "Azərenerji"nin maliyyələşdirdiyi böyük layihələrdə ciddi maxinasiyalara yol verildiyinə dair məlumatlar var.

Məhz bu məqamda, Etibar Pirverdiyevin 10 il öncə verdiyi açıqlamaya toxunmaq istərdik. Beləliklə, 2005-ci ilin sentyabr ayında "Barmek Azərbaycan" şirkəti "Azərenerji" Səhmdar Cəmiyyəti ilə elektrik enerjisinin alınıb-satılmasına dair bağladığı müqaviləyə görə öz öhdəliyini yerinə yetirmir", deyə bəyanat verən Etibar Pirverdiyev həmin vaxt əlinə düşən fürsətdən istifadə edərək, ölkənin enerji sektorunda mövcud olan bütün problemlərin əsas günahkarı kimi məhz "Barmek Azərbaycan"ı və onun rəhbəri Hüseyn Arabulu təqdim edirdi. Lakin son illərin təcrübəsi, əsasən də soyuq qış aylarında ölkənin enerji sektorunda yaşanan acı olaylar bunun tam əksini sübut etmiş oldu. Bu gün "Barmek Azərbaycan" və Hüseyn Arabul olmadığından qəti şəkildə demək olar ki, hazırda Etibar Pirverdiyevin rəhbərlik etdiyi və hər il dövlət büdcəsindən milyonların ayrıldığı enerji sektorunda uzun illərdən bəri həllini gözləyən çoxsaylı problemlər var. Əfsus ki, həmin problemlər azalmaq əvəzinə, hər il bir qədər də artır. İş o yerə çatıb ki, qış aylarında hava bir qədər soyuyan kimi paytaxt Bakı və ölkənin əksər regionları işıq üzünə həsrət qalır. Bütün bunlar "Azərenerji"nin, daha dəqiq desək, Etibar Pirverdiyevin nöqsanlı fəaliyyətinin acı nəticəsi kimi yaddaşlara həkk olub. Əslində, burada qəribə heç nə yoxdur. Çünki son illər ərzində "Azərenerji"də nələrin baş verdiyi haqda ayrı-ayrı mətbuat orqanlarında çox yazılıb, çox faktlar açıq şəkildə ortalığa qoyulub. Lakin deyilənlərdən, tutulan nöqsanlardan nəticə çıxarmaq əvəzinə qurum rəhbəri israrla özünün həqiqətdən uzaq olan vədlərilə həm əhalini, həm də yuxarı dairələri aldatmaqla məşğul olub. Elə bu səbəbdən də onun və rəhbərlik etdiyi qurumun yarıtmaz siyasəti nəticəsində çoxsaylı ölkə vətəndaşının elektrik enerjisinə görə ödədikləri pullar müxtəlif yollarla mənimsənilib.

"Azərenerji" ASC-nin son zamanlar büdcə proqnozunu yerinə yetirə bilməməsi məsələsinə gəlincə, qeyd etməliyik ki, bir müddət öncə "Anonymous" haker qrupu bunun səbəblərini ortaya qoymuşdu. Belə ki, ASC-nin saytını dağıdaraq bir sıra mühüm sənədləri ələ keçirən haker qrupu Offşor hesablarla bağlı məlumatları, gizli müqavilələri və digər məqamları ictimailəşdirmişdi. Məhz bundan sonra məlum olub ki, "Azərenerji" ASC-nin yüksək çinli məmurlarından birinin Dubaya ezamiyyəti düz 35 min manata başa gəlib. Belə ki, həmin şəxs "Jumeirah Dubay" hotelində nömrənin (otağın) bir sutkalıq xərcinə görə 327 dollar, "Salmontini Dubai - Restaurant" restoranında şam yeməyinə görə 1127 dollar, "Bürc Xəlifə"dəki ticarət mərkəzinin lüks saunasında bir günlük istirahət üçün 487 dollar, "Louis Vuitton", "İF boutique", "Harvey Nichols", "Falcon Gallery", "Home Centre" və digər mağazalardan alış-verişə 20 min dollar, biznes-klass sinfindən olan avtomobilin icarəsinə görə isə 780 dollar ödəyib. Söz yox ki, bütün bunlar dövlət büdcəsi, yəni əhalidən yığılan işıq pulları hesabına başa gəlib. Buradan da belə bir qənaətə gəlmək olar ki, Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun büdcə proqnozunu yerinə yetirə bilməməsi bu cür məqamlarla bağlıdır. Məhz bütün bu faktlar yetərlidir ki, Etibar Pirverdiyev işinin öhdəsindən layiqincə gələ bilmədiyinə, həmçinin sədri olduğu ASC-də yeyinti hallarının mövcudluğu səbəbindən tutduğu postdan uzaqlaşdırılsın. Çox guman ki, yaxın gələcəkdə "Azərenerji" ümumiyyətlə ləğv olunacaq və səlahiyyətlərinin bir hissəsi Energetika Nazirliyinə, bir hissəsi isə "Azərişıq" ASC-yə veriləcək. Heç şübhəsiz ki, aidiyyəti qurumlar tərəfindən məsələ tam araşdırıldıqdan sonra məhz bu cür qərar qəbul oluna bilər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt