Əsas Səhifə > Sosial, Manşet > Kərəm Həsənov köməkçisi olan əmisi oğlunu həbs etdirəcəkmi?

Kərəm Həsənov köməkçisi olan əmisi oğlunu həbs etdirəcəkmi?


19-02-2015, 12:17
Kərəm Həsənov köməkçisi olan əmisi oğlunu həbs etdirəcəkmi?
Analitik.az-a müraciət edən Bakı şəhər sakinlərinin Nadir adlı şəxs tərəfindən aldadılaraq pullarının mənimsənilməsi barədə xəbər vermişdik. Bizə daxil olan müraciət müəlliflərinin bildirdiyinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmisi oğlu, eyni zamanda köməkçisi Kamal Həsənovun adından “bəhrələnən” Nadir adlı şəxs, artıq 4 aya yaxındır bir neçə nəfərdən evlərini sənədləşdirmək adı ilə külli miqdarda pul alıb. Amma ötən müddətdə Nadir, vətəndaşlara nəinki evlərin sənədlərini düzəldib verməyib, hətta, aldığı pulları belə geri qaytarmayıb. O da qeyd edilir ki, Cəlilabadın Günəşli kəndindən olan bu adam, özünün Kamal Həsənovla yaxın əlaqələri olduğunu, əmlak məsələləri və sənədləşmə sahəsində təcrübəsi olduğunu, “lisenziyalı ofis”lə iş gördüyünü bildirməklə, onlarda sənədləri qanunauyğun rəsmiləşdirəcəyinə 100 faiz əminlik yaradıb.

Həmçinin, Nadir digər nüfuzlu şəxslərin adlarını çəkərək özü haqqında «vacib adam» imici formalaşdırmağı bacarıb. Əvvəllər bəzi şəxslərin müraciətlərini müsbət həll etməklə, həqiqətən, adını çəkdiyi adamlarla iş gördüyünə şübhə yeri də qoymayıb.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin münasibətini öyrənmək üçün müraciət etdik. Komitənin İnformasiya və ictimaiyyətlə əlaqəlar şöbəsinin rəhbəri Qulu Xəlilov Nadir adlı şəxsin Komitənin əməkdaşı olmadığını bildirdi: “Məsələylə bağlı hazırda hüquq-mühafizə orqanlarına, həmin o şəxsin, yəni, Nadir adlı insanın həbs edilməsi ilə əlaqədar müraciət hazırlanır. Müraciətimizdə bu vətəndaşın Komitənin adından istifadə etdiyinə görə və digər şəxslərin adını çəkdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsini qeyd etmişik. Yaxın zaman çərçivəsində müraciət hüquq-mühafizə orqanlarına təqdim olunacaq.”

Nadirin əməllərindən zərər çəkən şəxslər bir daha bildirirlər ki, Nadir onlarda Komitə sədrinin köməkçisi Kamal Həsənovla çox səmimi və işgüzar münasibətinin olduğuna əminlik yaratdığına görə, onun toruna düşüblər: «Biz Nadirlə danışdıqdan sonra məhz onun təqdimatı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları bizim ünvanlarımıza gələrək lazımi ölçü işlərini apardılar, eskiz layihələri hazırlanırdı. Bu da bizdə əminlik yaratdı ki, hər şey qanunauyğun, rəsmi səviyyədə gedir. Torpaq sahəsinin və evlərin sənədləşdirilməsi üçün bir sıra rəsmi prosedurlardan keçilməlidir ki, onun da ilkin başlanğıcı ölçü işləridir. Bilməzdik ki, bunlar hamısı görüntü xarakterli imiş. Yaxşı olar ki, Komitə rəhbərliyi Nadirin Kamala telefon zənglərini, son dövrlərdə danışıqlarını, Reyestr Xidmətinə giriş-çıxışlarını araşdırsın. Necə ola bilər ki, heç bir əlaqəsi olmayan adam sərbəst surətdə istədiyi vaxt ora gedib-gəlsin? Yəqin ki, hüquq-mühafizə orqanları Nadirlə bərabər bu məsələləri, sualları da araşdıracaq, o zaman həqiqət tam üzə çıxacaq. Nadir bizi Kamal Həsənovun adından istifadə etməklə aldadıb. Biz də əlimizdəki sübutları təqdim edəcəyik. Bəlkə Nadirin Kamalı tanımadıqlarını iddia edəcəklər?» - deyə, vətəndaşlar bildirirlər.

Geri qayıt