Əsas Səhifə > Sosial, Manşet > Problem var: Binə qəsəbəsində “sayğac oyunu”

Problem var: Binə qəsəbəsində “sayğac oyunu”


7-03-2015, 12:54
Problem var: Binə qəsəbəsində “sayğac oyunu”
Məlum olduğu kimi bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adının dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması haqqında sərəncam imzalayıb. Eyni zamanda da ölkə mətbuatında dövlət başçısının rəsmi saytına istinadən xəbər verilmişdi ki, prezident İlham Əliyevin digər bir sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev yeni yaradılmış qurumun başçısı təyin edilib. Təbii ki, sadə istehlakçılar bu dəyişikliyi “Bakıelektrikşəbəkə” ASC-nin bir çox struktur bölmələrində artıq çoxdan səbirsizliklə gözlənilən əsaslı islahatların başlanğıcı kimi qəbul edirlər. İslahatlara isə ehtiyac həqiqətən də çox böyükdür. Xüsusilə də Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ), eləcə də Sayğac Quraşdırma və Uçota Nəzarət şöbəsinin fəaliyyətlərindən doğan müxtəlif səpkili narazılıqlar son vaxtlar ölkə mətbuatına ünvanlanan şikayət məktublarında tez-tez öz əksini tapır. Bu xüsusda daxil olan məlumatlarda ASC-nin rayon ETSİ-lərinin əməkdaşları tərəfindən mütəmadi olaraq müxtəlif maxinasiyalara yol verildiyi, o cümlədən abonentlərə artıq borc yazılması, müəyyən müəssisələrlə razılaşmaya gəlinərək qeyri-qanuni elektrik xətlərinin çəkilməsi, saxta qəbzlər əsasında ödəniş pullarının toplanması və digər bu kimi hallara dair açıqlamalar təqdim edilir. O cümlədən aldığımız məlumatlarda fəaliyyəti yerli sakinlərin narazılığına səbəb olan müəssisələrdən birinin də Xəzər rayon ETSİ olduğu göstərilir.Həmin məlumatlarda bildirilir ki, müəssisənin fəaliyyəti mütəmadi olaraq müxtəlif qanun pozuntuları ilə müşayiət olunur. İlk növbədə sakinlərin narazılıqlarına səbəb olan amil kimi sərf olunan elektrik enerjisinin pulunun sakinlərdən şəbəkənin əməkdaşları tərəfindən nəqd şəkildə yığılması göstərilir. Məlumdur ki, bu ödənişlər artıq neçə müddətdir ki, müvafiq bank şöbələri və ya ödəmə terminalları vasitəsilə həyata keçirilməlidir. Lakin Xəzər rayonunun bəzi ərazilərində bu proses hələ də köhnə qaydalarla davam edir. Təbii ki, məsələnin belə qoyuluşu ciddi mənimsəmələrə yol açır. Həm də əksər hallarda problemli vəziyyət yaranan zaman zərər çəkən tərəf yenə də enerji istehlakçısı olur. Son aldığımız daha bir məlumatda isə Xəzər RETSİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti maxinasiya nəticəsində rayonun Binə qəsəbəsi ərazisində salınmış yeni yaşayış massivinin (keçmiş südçülük sovxozu) sakinləri əsil soyğunçuluğa məruz qalıblar. Bu haqda məlumatı təqdim edən mənbə bildirir ki, təxminən 4 ay bundan əvvəl Xəzər RETSİ-nin bir neçə əməkdaşı əraziyə gələrək, fərdi evlərə elektrik sayğacları quraşdırmağa başlayıblar. Bunun müqabilində isə hər sayğaca görə vətəndaşlardan 270 manat məbləğində pul yığılıb. Lakin bu günlərdə həmin əraziyə Xəzər RETSİ-nin artıq digər əməkdaşları təşrif buyurublar. Bu qrupa başçılıq edən isə Qoşqar adlı bir əməkdaş olub. Onların əraziyə gəlməkdə məqsədləri isə 4 ay əvvəl quraşdırılmış sayğacları söküb aparmaq olub. Təbii ki, bu hərəkət sakinlərin etirazları ilə qarşılanıb. Ən azından, istehlakçılar əvəzində pul ödədikləri sayğacların hansı səbəbdən söküldüyünü öyrənmək istəyiblər. Qoşqar isə buna cavab olaraq bildirib ki, quraşdırılmış sayğaclar sən demə, saxta imiş. Təbii ki, bu absurd vəziyyət bir çox suallar doğurur. Saxta sayğaclar RETSİ-nin əməkdaşlarına kim tərəfindən verilib? Onların saxta olması nəyə görə laboratoriyada deyil, sakinlərin qapılarında müəyyənləşdirilib? Saxta sayğacların quraşdırılması barədə kim göstəriş verib? Suallar çoxdur və hələ daha çox olacaq. Qoşqar isə bütün bu sualları bir cümlə ilə “yola vermək” istəyib. Guya ki, həmin sayğacları quraşdıran əməkdaşlar cəza olaraq işdən qovulublar. Əcəb də cəzadır... Sən get vətəndaşların külli-miqdarda pulunu mənimsə, bunun müqabilində isə rahat gizlənə bilmək üçün səni işdən çıxarsınlar. Təbii ki, bütün bunlar boş cəfəngiyyatdır. Saxta sayğacları həmin əməkdaşlara verən də, yığılan pullara sahib çıxan da, sonradan izi itirmək üçün əraziyə digər bir qrupu göndərərək sayğacları sökdürən də ən azı Xəzər RETSİ-nin rəhbərliyi səviyyəsində olan məmurlardır. Lakin insident bununla da sona yetməmişdir. Baş verənlərə öz etirazlarını bildirən sakinlər, hələ Qoşqarın təhqir və təhdidlərinə də məruz qalıblar. Ondan şikayət edəcəklərini bildirən vətəndaşlara isə Qoşqar təxminən belə cavab verir: “Hara istəyirsiniz yazın. Mən Balababa Rzayevin qohumuyam. Görək, mənə kim bata biləcək..?”
\\ bizimdovr.az \\
Geri qayıt