Əsas Səhifə > Sosial, Güney Press, Manşet > "ƏmrahBank"dan milli pulumuza qarşı sayğısızlıq...
"ƏmrahBank"dan milli pulumuza qarşı sayğısızlıq...14-03-2015, 15:56 |
Bəhreyndə yerləşən Beynəlxalq İnvestisiya Bankının (BİB) Azərbaycanın ən iri kommersiya banklarından olan “Əmrahbank”ın səhmlərinin 49 faizini aldığını elan etməsindən artıq yeddi il ötüb. Bu xüsusda hələ 2008-ci ildə yayımlanan məlumatlarda deyilirdi ki, BİB “Əmrahbank”la əməkdaşlığı genişləndirərək bu bankı Azərbaycanda islam şəriəti qaydaları əsasında yüksək keyfiyyətli maliyyə xidmətləri göstərən İslam kommersiya bankına çevirmək niyyətindədir. Həmin vaxt BİB-nın direktoru Abed əl-Zira verdiyi açıqlamalarda bildirmişdi: “Əsas iqtisadi və demoqrafik göstəricilər Azərbaycanda maliyyə sektorunda xidmətlər olan ehtiyacın böyük olduğunu göstərir, eyni zamanda bu ölkədə islam qaydalarına uyğun bank xidmətləri göstərilməsi sahəsində boşluq var. Biz hesab edirik ki, bu investisiya ölkənin sürətli iqtisadi inkişafı və “Əmrahbank”ın bu yaxınlarda Azərbaycanda şəriət qaydalarına uyğun maliyyə xidmətləri göstərmək sahəsində birincilik etməyə başlaması sayəsində tezliklə özünü doğruldacaq.” Lakin aradan keçən müddət ərzində bir vaxtlar bütünlüklə Yunis İldırımzadəyə məxsus olan “Əmrahbank”ın fəaliyyəində islamçılıqdan heç bir əsər-əlamət müşahidə olunmayıb. Əlbəttə ki, Yunis müəllimin oğlanlarının – bankın idarə heyətinin sədr müavini Xalid İldırımzadənin, “Azadlıq” filialının müdiri Ülvi İldırımzadənin və “Fəcr-lizinq” şirkətinin prezidenti Əmrah İldırımzadənin həcc ziyarətləri nəzərə alınmasa. Məlumdur ki, İslam şəriət qaydalarına görə sələmçilik və faiz almaq günahdır, ona görə də islam bankları gəlir əldə etmək üçün fəqrli mexanizm seçirlər. Lakin bu gün “Əmrahbank”ın fəaliyyəti nəinki kredit vermək, hətta bu krediti Azərbaycan vətəndaşlarına Azərbaycan manatı ilə də deyil, yalnız və yalnız ABŞ dolları ilə verməkdə israrlı olmaqla diqqəti cəlb edir. Digər tərəfdən isə, hansısa islamçılığa iddialı olan bu bank, verdiyi kredit vasitəsilə müflis olmasına şərait yaratdığı vətəndaşın son ümid yeri olan evini belə əlindən almada heç bir “günah görmür”. Aldığımız məlumatda belə bir hadisənin bu yaxınlarda daha bir paytaxt sakininin də başına gəldiyi bildirilir. Göstərilir ki, vətəndaşın “Əmrahbank”a olan 17 min manat kredit borcu müqabilində, onun 4-cü mikrorayonda yerləşən evi əlindən alınaraq satılmışdır. Təbii ki, Yunis İldırımzadənin hər üç oğlunun “Bentley” markalı avtomobil idarə edə bilmələri üçün “Əmrahbank” sərt qaydalarla idarə olunmalıdır. Digər tərəfdən isə “Əmrahbank”ın səhmlərini Bəhreynə aparıb çıxaran yolun kim tərəfindən “salındığı” da kifayət qədər maraq doğuran bir məqamdır. Bu xüsuda məlumatlarda bildirilir ki, Yunis İldırımzadəni o keçmiş illərdə Beynəlxalq İnvestisiya Bankının rəhbərləri ilə tanış edən şəxs, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev olub. Əlbəttə ki, əsası belə bir şəxs tərəfindən qoyulmuş “şəriət maliyyəçiliyi”nin son nəticədə ölkəmizə verəcəyi “xeyir və mənfəəti” hesablamaq elə də çətin deyil. Amma bu da var ki, “Əmrahbank” hələ də bir Azərbaycan bankıdır və buna görə də ən azından milli valyutamıza hörmətsizliyə yol verməməlidir... Geri qayıt |